Məhkəmə qərarları › İş №2(027)-1585/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1585/2021

09.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1585/2021 09.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Cavabdeh iştirakları ilə İddiaçı cavabdeh X3 qarşı maddi ziyan ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 təqsirli əməl nəticəsində ona dəymiş 1620 manat məbləğində maddi zərərin və 30 manat məhkəmə rüsumunun əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 05 sentyabr 2020-ci il tarixində onun sahibliyində olan VAZ-2106 markalı C-919-OX-97 rus dövlət qeydiyyat nişanlı avtomaşına, qonşusu X4 tərəfindən ciddi ziyan vurulmuşdur. Avtomobilin 4 ədəd təkəri hər biri 3-4 yerdən deşilmiş, benzin baka 3 kq şəkər tozu tökülmüş, avtomaşının bütün hissələri dəmir aləti ilə cızılmışdır. Bu barədə ərizəsi əsasında aparılmış araşdırma nəticəsində, Quba rayonu, Polis Şöbəsinin TQ-nun təhqiqatçısı, polis mayoru X5 02 fevral 2021-ci il tarixli, HK-1/101 saylı iş üzrə qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərardadan verdiyi şikayət təmin edilmiş, Quba rayon Prokurorluğunda inzibati xəta haqqında protokol tərtib edilmiş, baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmişdir. Quba rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli qərarı ilə X4 barəsində Azərbaycan Respublikası İXM-nin 232.1-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan verilən apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-376/2021 saylı 11 iyun 2021-ci il tarixli, qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin inzibati qərarla cavabdehin törətdiyi əməl nəticəsində ona məxsus maşına ziyan dəyməsi və ziyanın miqdarı öz təsdiqini tapmışdır. Cavabdehə ona dəymiş zərərin ödənilməsi tələbi ilə müraciət etsə də, bunun heç bir müsbət nəticəsi olmamışdır. Onun təqsirli hərəkəti nəticəsində ona ümumilikdə 1620 manat məbləğində maddi ziyan dəymişdir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 20 iyul 2021-ci il tarixli 2831 saylı məktubu ilə Quba Rayon Məhkəməsinə göndərilmiş həmin təcridxanada saxlanılan İddiaçı məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, o, 3 saylı İstintaq Təcridxanasında saxlanlır. Bu səbəbdən məhkəmə icalsında iştirak edə bilməyəcəkdir. Həmin iş üzrə iddiaçı tələbini tam müdafiə edir. Onun iştirakı olmadan məhkəmə iclasını keçirməsini və iddianın tam şəkildə təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, verdiyi izahatında maşının təkərlərinin onun tərəfindən cırılmadığını, vurmuş olduğu ziyanın düzgün hesablanmadığını, həmin ziyanın təxminən 600 manat məbləğində olduğunu, Quba rayon Məhkəməsinin 28.04.2021-ci il tarixli qərarında apellaysiya şikayəti verdiyini, həmin şikayətin qüvvədə saxlandığını bildirmiş və iddianın qismən təmin olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 11.06.2021-ci il tarixli, 3(105)-376/2021 saylı qərarından qərardan görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Quba Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan 02.07.2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırki iddianın qaldırılması ilə əlaqədar 30 manat dövlət rüsumu ödəmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh Novruzbəyov Cəlal Malik oğlu İddiaçı İbrahim oğlunun sahibliyində olan VAZ-2106 markalı C-919-OX-97 rus dövlət qeydiyyat nişanlı avtomaşına maddi zərər vurmuşdur. 28.04.2021-ci il tarixli qərarla X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilmişdir. VAZ-2106 markalı C-919-OX-97 dövlət qeydiyyat nişanlı avtomaşın dəyən maddi ziyan cəmi 1620 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edidir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia təmin olunmalı, cababdeh X1 dəymiş ziyanın əvəzi olaraq 1620 (bir min altı yüz iyirmi) manat məbləğində pul və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 manat alınaraq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X1 dəymiş ziyanın əvəzi olaraq 1620 (bir min altı yüz iyirmi) manat məbləğində pul və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 manat alınaraq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar