Məhkəmə qərarları › İş №2(027)-1587/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1587/2024

28.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1587/2024 28.08.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatanadək Cavabdeh 170 manat məbləğində tutulan aliment məbləğini artırılması və cavabdehdən hər ay sabit pul məbləğində 235 manat miqdarında alimentin və 60 manat ödənilmiş mediasiya xərcinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, xx.xx.2007-ci ildə cavabdehlə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Quba rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə nikahı pozulmuş, azyaşlı uşağı X4 onun yanında saxlanılmış və uşağının saxlanması üçün cavabdehdən hər ay 70 sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Quba rayon Məhkəməsinin 12 mart 2014-cü il tarixli qətnaməsi ilə aliment məbləği 103 manata, 14 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə 117 manata qədər artırılmışdır. Quba rayon Məhkəməsinin 2021-ci il tarixdə qəbul etdiyi qətnamə ilə aliment məbləği artırılaraq 170 manat müəyyən edilmişdir. Uşaqların minimum yaşayış səviyyəsi üçün gündəlik tələbatlar günbəgün artır, uşağın da tələbatları artır. Bu səbəbdən ölkədə uşaqların yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Murad üçün Quba rayon Məhkəməsi tərəfindən 2021-ci ildə təyin olunmuş 170 manat aliment məbləği hazırda Azərbaycan Respublikası tərəfindən müəyyən olunmuş uşaqların yaşayış minimumundan azdır, həmin müddətdən 3 ildən artıq vaxt ötür. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddianın tam təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o, hər ay qətnamə əsasında müəyyən edilmiş 170 manat məbləğində alimenti çətinliklə ödəyir. 235 manat məbləğində ödəməyə maddi imkanı çatmır. O, hal-hazırda ailəlidir və həmin nikahdan övladı vardır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: AZ-İİ 262966 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2008-ci il tarixdə doğulmuş, şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında X2 göstərilmişdir; Quba Rayon Məhkəməsinin 2(027)-518/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2016-cü il tarixli 2(027)- 5119/2016 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir; İş materiallarından görünür ki, Cavabdeh insulindən asılı olmayan şəkərli diabet xəstəliyindən əziyyət çəkir. mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olundu ki Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-518/2021 saylı qətnaməsi ilə tərəflərin birgə münasibətindən doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda təyin edilmiş aliment uşağın tələbatlarını ödəmədiyindən iddiaçı tərəf uşağın saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı aliment miqdarının artırılaraq, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir, lakin cavabdehin aylıq qazancına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, məhkəmə uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğini cavabdeh iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Həmçinin məhkəmə, yetkilik yaşına çatmayanlar üçün 2024-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-518/2021 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması göstərilən halların məcmusu baxımından ədalətli və ağlabatandır. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Alimentin artırılmış hissəsi 80 (səksən) manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qətnaməsi ilə uşaq üçün müəyyən edilmiş 170 (bir yüz yetmiş) manat aliment artırılaraq, aylıq 200 (iki yüz) manat məbləğində alimentin ödənilməsinin müəyyən edildiyi nəzərə alınmaqla, bir il ərzində artırılmış hissəyə dair ödəmənin məcmusu 360 (üç yüz altmış) manat təşkil edir. “Dövlət rüsumu haqqında” Qanununа edilmiş xx.xx.2013-cü il tarixdən qüvvəyə minmiş dəyişikliklərə görə həmin Qanunun 8.2.1-ci maddəsinə əsasən İddianın qiyməti 1.000 manatdan az olduğu halda ödənilməsi müəyyən olunmuş rüsumun məbləği 30 (otuz) manat təşkil edir. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 (altmış) manat məbləğində mediasiya xərci ödəmişdir. Odur ki, qeyd edilən 60 (altmış) manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-518/2021 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddiaçı tərəfindən ödənilmiş mediasiya xərci əvəzi 60 (altmış) manat Cavabdeh alınaraq İddiaçı verilsin. Alimentin artırılması tələbi ilə bağlı ödənilməsi müəyyən edilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar