Məhkəmə qərarları › İş №2(027)-1592/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1592/2023

23.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1592/2023 23.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin 2(027)- 1037/2021 saylı, 24 may 2021-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının dəyişdirilərək, xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 220 manat olmaqla, iki uşaq üçün hər ay 440 manat sabit pul məbləğində alimentin, ödədiyi 50 manat mediasiya xərcinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 24 may 2021-ci tarixli qətnaməsi ilə onunla Cavabdeh arasında olan xx.xx.2008-ci il tarixdə Quba rayonu, 1-ci Nügədi İƏV üzrə nümayəndəliyində bağlanmış 11 nömrə ilə qeydə alınmış nikah pozulmuş, xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X11 onun himayəsində saxlanılmış, xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 15 aprel 2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa 175 manat olmaqla, iki uşaq üçün 350 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Belə ki, həmin məbləğin müəyyən olunmasından artıq 2 ildən artıq müddət keçmişdir. 175 manat məbləğində aliment bir uşağın bir ay müddətinə saxlanılması üçün kifayət etmir. 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün 220 manat nəzərdə tutulmuşdur. Qeyd olunan məbləğ hazırki bazar iqtisadiyyatına nisbətdə aşağı olmaqla bir ay müddətində uşağın yeməyini, geyimini və digər maddi tələbatlarını ödəmir. Övladlarının hər ikisi məktəblidir, qızı 11-ci sinifdə, oğlu isə 8-ci sinifdə oxuyur. Maddi tələbatları artmışdır. Övladlarının maddi tələbatlarını valideynləri qarşılayır. Cavabdeh bənnadır, ev tikintisi ilə məşğul olur. Bundan başqa ticarətlə də məşğul olur. Qazancı və gəliri kifayət qədər yüksəkdir. Bir ailədə yaşadığı zaman Cavabdeh Rusiya Federasiyasında tikinti işlərində işləyərək, aylıq 1500-1600 manat civarında əmək haqqı alırdı. Hazırda da Rusiya Federasiyasında işləyərək yüksək əmək haqqı alır. Aylıq gəliri 2000 (iki min) manat təşkil edir. Lakin övladlarının mənafeyi, dolanışığı, maddi tələbatları ilə maraqlanmır. Alimentin miqdarının artırılması üçün Mediasiya Şurasına müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2023-cü il tarixdə keçirilmiş mediasiya sessiyasında iştirak etməmişdir. Qeyd edir ki, mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 50 manat mediasiyaya dair xərc tərəfindən ödənilmişdir. Məhkəmə iclasında İddiaçı ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkə hazırlıq iclasında oiştirak edən Cavabdeh nümayəndəsi X4 iddianı qismən, yəni hər uşağa 200 manat olmaqla aliment ödənilməsi hissəsində qəbul etdiyini bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-1037/2021 saylı, 24 may 2021-ci il tarixli qətnaməsindən göründüyü kimi də Quba rayonu, İ Nügədi İ.Ə.V üzrə nümayəndəliyində bağlanmış 11 nömrəli nikahın pozulması, nikah pozularkən tərəflərin birgə nikahından xx.xx.2006-cı il tarixdə doğulmuş X8 və xx.xx.2010-cu il tarixdə doğlulmuş X11 anası X5 yanında saxlanılması, xx.xx.2006-cı il tarixdə doğulmuş X8 və xx.xx.2010-cu il tarixdə doğlulmuş X11 anası X5 yetkinlik yaşına çatanadək saxlanması üçün 15 aprel 2021-ci il tarixdən Cavabdeh hər uşağa görə sabit pul məbləğində 175 (bir yüz yetmiş beş) manat olmaqla, iki uşağa görə hər ay 350 (üç yüz əlli) manat məbləğində aliment tutularaq, iddiaçı X7 verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ 388881 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə”nin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixində bağlanmış nikah pozulmuş, nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 89 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan AZ-İİ 539043 seriya və nömrəli “Doğum haqqında Şəhadətnamə”nin təsdiq olunmuş surətindən görünür ki, tərəflərin qeyri-rəsmi nikahından xx.xx.2006-cı il təvəllüdlü X8 anadan olmuş, ata qrafasında- Cavabdeh, anası qrafasında- X9 qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 538934 seriya və nömrəli “Doğum haqqında Şəhadətnamə”nin təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X11 anadan olmuş, ata qrafasında- Cavabdeh, anası qrafasında- X9 qeyd edilmişdir. İş materiallarında olan İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 05 iyul 2023cü il tarixli arayışdan görünür ki, alimentin artırılması ilə bağlı Cavabdeh mediasiya iclasında iştirak etməmişdir. Mediasiya xərci üçün nəzərdə tutulan 50 manat vəsait İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Quba Rayon Məhkəməsinin qətnaməsi əsasında yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə iki uşaq üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı uşağların gündəlik tələbatının artmasını əsas götürərək, aliment pulunun artırılaraq hər ay bir uşağın saxlanılması üçün 220 manat olmaqla cəmi 440 (dörd yüz qırx) manat Cavabdeh tutularaq ona vetilməsinə dair iddia tələbi irəli sürmüşdür. Azərbaycan Respublikası Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı uşaqların aylıq xərcinin 220 manat olduğunu bildirsə də, məhkəməyə buna dair hər hansı sübut təqdim edə bilməmişdir. Bu halda, məhkəmə müvafiq məhkəmə qətnaməsi əsasında təyin edilmiş alimentin məbləğini hazırki vaxtda qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumu məbləği ilə müqayisə edərək, həmin dövrdən indiyədək uzun bir müddət keçməsi halının, bu halın isə uşaqların zəruri xərclərinin artmasına təsirinin real olmasının, habelə qeyd edilən məbləğ arasında olan fərqin uşaqların mənafeyinə əhəmiyyətli dərəcədə təsir etdiyini nəzərə alaraq, habelə hər bir halda, uşaqların üstün mənafeyini, onların daimi artan gündəlik xərclərinin, təhsil, sağlamlıq və digər hüquqlarının təmin edilməsinin zəruriliyini əsas götürərək, hesab edir ki, hazırki mülki iş üzrə uşaqların saxlanılması üçün təyin edilmiş alimentin məbləği artırılmalıdır. Məhkəmə, uşaqların maddi tələbatlarını qarşılamaq öhdəliklərinin valideynlərin hər ikisinə aid olmasını nəzərə alaraq, alimentin hər uşağa görə 210 manat məbləği həddində müəyyən edilməsini mümkün hesab edir. Beləliklə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İddia ilə həmçinin mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat rüsumun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin, qeyd edilməlidir ki, “Dövlət rüsumu haqqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmçinin, qeyd olunan Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatdan 10000 manatdək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, hazırki iş üzrə ödənilməli olan 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 2(027)-1037/2021 saylı, 24 may 2021-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 210 (iki yüz on) manat olmaqla, cəmi 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilməli olan 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilməli olan 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar