Məhkəmə qərarları › İş №2(027)-1594/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1594/2025

30.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1594/2025 30.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3500 manat avtomobilin alqı-satqısı üçün ödənilmiş pulun, 1500 manat avtomobilin təmirinə çəkilmiş xərcin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 70 manat dövlət rüsümunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Vaz-21074 markalı **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 məxsusdur. Həmin avtomobili Cavabdeh1 almış və 3500 manata ona satmışdır. O, avtomobili aldıqdan sonra onu təmir etdirmiş, rəngləmiş və bütün bunlara 1500 manatdan çox xərc çəkmişdir. Avtomobili bir müddət sürəndən sonra öz adına keçirmək üçün avtomobilin sahibi Cavabdeh2 ilə birlikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Xaçmaz RQİ və TBŞ-na müraciət etmişdir. Avtomobilə baxış keçirilən zaman onun ban nömrəsinin qaynaq üsülü ilə bərkidildiyi, ban nömrəsinin qoparıldıqdan sonra onun arxasında olan ban nömrəsinə əsasən bu avtomobilin üzərində həbs olduğu müəyyən olunmuşdur. Bundan sonra avtomobili idarənin müvəqqəti saxlama duracağında saxlamışlar. Avtomobil hal-hazırda da ordadır. Avtomobilin üzərində həbs olduğu üçün onu idarədən ala bilmir. Beləliklə 3500 manat pul verib aldığı, 1500 manatdan çox xərc çərərək təmir etdiyi avtomobilin üzərində həbs olduğu halda Cavabdeh1 onu aldadaraq avtomobili ona satdığı məlum olmuşdur. Dəfələrlə ona dəymiş ziyanın qaytarılması üçün hər iki cavabdehə müraciət etsə də, onun pulu qaytarmaqdan imtina etmişdilər. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi X4 iddianı müdafiə edərək bildirdi ki sözügedən Vaz-21074 markalı **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 adındadır. Cavabdeh2 həmin avtomobili Cavabdeh1 satmış, sonradan Elşad avtomobili onun həyat yoldaşı İddiaçı 3500 manata satmışdır. Avtomobili aldıqdan sonra 1500 manatdan çox xərc çərərək təmir etmişlər. Sonra həyat yoldaşı avtomobili adına keçirmək istəmişdir. Aavtomobilə texniki baxış keçirilən zaman müəyyən olunmuşdur ki, avotomobilin ban nömrəsi fərqlidir. Bundan sonra bu avtomobilin üzərində həbs olduğu müəyyən olunmuşdur. Bununla bağlı Cavabdeh1 bildirildikdə Elşad avtomobili başqasından, yəni Cavabdeh2 aldığını bildirərək, iradları ona bildirməsini demişdir. 1997ilin istehsalı olan həmin avtomobil 3 il onların sahibliyində olmuşdur. Məhkəmə iclaslarında Cavabdeh1 iddianı qəbul etməyərək bildirdi ki, o, 2020-ci ildə Cavabdeh2 avtomobili 3500 manata razılaşaraq etibarnamə ilə almış, 2000 manatı vermiş, qalan pulu da hissə-hissə ödəməyə razılaşmışlar. Həmin vaxtdan da avtomobili özü idarə edərək, təxminən üç ay avtomobil onda olmuş və yaranmış zərurətlə əlaqədar olaraq avtomobili qonşuluqda yaşayan Rizvan Heybətova satmaq qərarına gəlmişdir. Bu barədə avtomobilin həqiqi sahibi İbad Nurullayaevə bildirmiş, Cavabdeh2 İddiaçı adına sürmək üçün etibarnamə vermişdir. O, İddiaçı 3500 manat pulu alaraq, İbada qalan borcunu bağlamışdır. Avtomobilin üzərində həbs olduğunu bilməmiş, bu barədə məlumatı da olmamışdır. Avtomobilin üzərində həbs olduğunu İddiaçı ona deyəndə, o, bu barədə avtomobilin həqiqi sahibi Cavabdeh2 bildirmişdir. Məhkəmə iclaslarında Cavabdeh2 iddianı qəbul etməyərək bildirdi ki, o avtomobili 2020-ci ildə Cavabdeh1 satmışdır. Təxminən 3-4 aydan sonra Elşad avtomobili Rizvan adlı şəxsə satmaq istədiyini bildirmişdir, 2020-ci ilin avqust ayından avtomobili idarə etmək üçün İddiaçı 1 il müddətinə etibarnamə vermişdir. 2023-cü ildə etibarnamənin müddəti bitdikdə İddiaçı avtomobili adına keçirilməsi barədə müraciət etdiyində, İddiaçı ona imkanı olmadığını, bir illiyə də ona etibarnamə verilməsini xahiş etmişdir. O, da öz növbəsində İddiaçı növbəti etibarnaməni vermişdir. Bundan sonra sosial yardımla əlaqədar avtomobili adından çıxarmaq üçün İddiaçı avtomobili adına keçirməsini xahiş etmişdir. Buna baxmayaraq avtomobil hələ də onun mülkiyyətindədir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, hal-hazıra kimi də avtomobil onun adındadır. O Rizvana avtomobil satmamış, o avtomobili Elşada satmış və pulu da Elşaddan almışdır. 4 ildir avtomobil onda deyil, istifadə olunmuş, sürülmüş, vurulmuş, rənglənmiş, nə iş görülübsə onun xəbəri olmamışdır. Bu 4 il ərzində də avtomobillə maraqlanmamışdır. Sonda Cavabdeh2 iddianın ona heç bir aidiyyəti olmadığını və iddianı qəbul etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatını dinləyib, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materialından görünür ki, “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 13 fevral 2024-cü il tarixli qərardan görünür ki, İddiaçı müraciəti əsasında Xaçmaz RPŞ-də TB-də araşdırma aparılmış, toplanmış materialda cinayət hadisəsi olmadığına görə İddiaçı, Cavabdeh1 ilə aralarında olan mübahisə ilə bağlı müraciəti mülki xarakterli olduğundan mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməklə toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilməsi qərara alınmışdır. ƏN-V632022 seriyalı etibarnamənin surətindən göründüyü kimi, Quba rayonu, Vladimirovka kənd sakini Cavabdeh2 həmin etibarnamə ilə xx.xx.2021-ci il tarixində özünə məxsus VAZ-21074 minik markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün 7 il 10 ay 04 gün müddətinə X2 istifadəsinə vermişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, X5 iddia ərizəsinin məhkəməyə verilməsinə görə manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh1 adına etibarnamə yazdırmaqla və 3500 manat ödəməklə VAZ-21074 minik markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobili almış, maddi imkanı olmadığından avtomobili adına rəsmiləşdirə bilməmiş, rəsmiləşdirmək istəyən zaman isə avtomobilə baxış keçirilən zaman onun ban nömrəsinin qaynaq üsülü ilə bərkidildiyi, ban nömrəsinin qoparıldıqdan sonra onun arxasında olan ban nömrəsinə əsasən bu avtomobilin üzərində həbs olduğunu bilmişdir. Bunu biləndən sonra iddiaçı şəxs avtomobilin alışı üçün ödədiyi 3500 manat pulu geri qaytarmaq istəmiş, lakin müsbət nəticə əldə edə bilməmişdir. Sonradan avtomobil cərimə meydançasına yerləşdirilmişdir. Bununla bağlı iddiaçı pul tələbi və avtomobilə çəkilmiş təmir xərcləri ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bununla əlaqədar məhkəmə belə qənaətə gəlir ki, İddiaçı məxsus 3500 manat məbləğində pulu hər hansı hüquqi əsas olmadan Cavabdeh1 saxlanılmış, sonuncu özünün mülkiyyətində olmayan əmlakı ona etibarnamə verməklə sataraq, əssassız varlanmışdır. Hazırda həmin əmlak başqa əsaslarla iddiaçının sahibliyindən çıxmışdır. Odur ki, avtomobilə görə ödənilmiş 3500 manat pul əsassız varlanmış iş üzrə Cavabdeh1 alınaraq iddiaçıya qaytarmalıdır. Həmçinin İddiaçı avtomobilin təmirinə çəkilmiş xərcin ödənilməsi tələbi ilə çıxış edir ki, sözügedən VAZ-21074 minik markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobil 2020-ci ilin avqust ayından 2024-cü ilədək onun istifadəsində olmuş və bu müddət ərzində avtomobilə 1500 manat təmir xərcləri çəkmişdir. Məhkəmə hesab edir ki, VAZ-21074 minik markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının sahibliyinə keçən zaman həmin avtomobilin hansı vəziyyətdə, yəni təmirə ehtiyacı olması barədə hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Avtomobil faktiki olaraq 4 il ərzində iddiaçının istifadəsində olduğundan, avtomobilin istifadə edilən müddət ərzində saz vəziyyətdə saxlanılması, avtomobilin texniki vəziyyəti avtomobili faktiki istifadə edən şəxsin vəzifəsidir. Odur ki, həmin avtomobi 4 il ərzində İddiaçı tərəfindən istismar olunduğundan, avtomobil üçün çəkilən xərclər elə iddiaçın özünə aid edilməli və iddia bu hissədə təmin edilməməlidir. İddia tələbinin Cavabdeh2 aid hissədə isə məhkəmə qeyd edir ki, Cavabdeh2 VAZ- 21074 minik markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətcisi olsa da, o, da öz növbəsində həmin əmlakı Cavabdeh1nf etibar etmişdir. Onunla iddiaçının arasında hər hansı bir mülki münasibət yaranmamışdır ki, ondan irəli də mübahisə doğurmuş olsun. Odur ki, iddia tələbi Cavabdeh2 münsibətdə rədd edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Vaz-21074 markalı **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı üçün ödənilmiş 3500 manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. İddiaçı həmçinin iddianın verilməsi üçün ödənilmiş 70 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, rüsumun tutulması iddianın təmin edildiyi hissəsəyə, yəni 3500 manat məbləğə mütanasib olaraq qismən təmin olunmalı, ödənilmiş 70 manat dövlət rüsumunun 21 manat hissəsi iddiaçıya aid edilməli, 49 manat hissəsi isə Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasan və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227. 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vaz-21074 markalı **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı üçün ödənilmiş 3500 manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə və Cavabdeh2 münasibətdə rədd edilsin. Ödənilmiş 70 manat dövlət rüsumunun 21 manat hissəsi iddiaçıya aid edilsin, 49 manat hissəsi Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar