Məhkəmə qərarları › İş №2(027)-160/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-160/2022

04.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-160/2022 04.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı MM QBKT-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı MM QBKT-nin cavabdehlər Cavabdeh1 və X4 qarşı “borc tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada əsas borc üzrə 3963 (üç min doqquz yüz altımış üç) manat, faiz borcuna görə 1093 (bir min doxsan üç) manat, cərimə borcuna görə 140 (bir yüz qırx) manat 70 qəpik, cəmi 5196 (beş min yüz doxsan altı) manat 70 qəpik məbləğində borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı-nin nümayəndəsi X7 iddia ərizəsini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 12.03.2020-ci il tarixli, **********0663 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün illik 29 % dərəcəsi olmaqla, 24 ay müddətinə 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 223 manat olmaqla, bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilib. Kredit alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0***-******* saylı Zaminlik müqaviləsi ilə X6 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zamin, Kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, 28.09.2021-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh1 əsas borc üzrə 3963.00 manat, faiz borcuna görə 1093.00 manat, cərimə borcuna görə 140.40 manat, cəmi 5196 (beş min yüz doxsan altı) manat 70 qəpik təşkil edir. Göstərilənləri nəzərə alaraq cavabdehlər, Cavabdeh1 və X2 müştərək qaydada əsas borc üzrə 3963 (üç min doqquz yüz altımış üç) manat, faiz borcuna görə 1093 (bir min doxsan üç) manat, cərimə borcuna görə 140 (bir yüz qırx) manat 70 qəpik, cəmi 5196 (beş min yüz doxsan altı) manat 70 qəpik məbləğində borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və X4 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdilər. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehlər Cavabdeh1 və X3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 12.03.2020-ci il tarixli, **********0663 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 istehlak məqsədləri üçün illik 29 % dərəcəsi olmaqla, 24 ay müddətinə 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 28.09.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 İddiaçı-na olan borcu əsas borc üzrə 3963.00 manat, faiz borcuna görə 1093.00 manat, cərimə borcuna görə 140.40 manat, cəmi 5196 (beş min yüz doxsan altı) manat 70 qəpik təşkil edir. İş materiallarında olan, **********0***-******* saylı zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq, İddiaçı ilə X6 arasında zaminlik müqaviləsi bağlanmış və zamin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin yerinə yetirilməsində borclu ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 27.09.2021-ci il tarixli qəbzdən məlum olur ki, İddiaçı tərəfindən iddia ərizəsilə əlaqədar “ASAN ödəniş” sistemi ilə 30 manat dövlət rüsumu ödənilmişdi. İş materiallarında olan AZE******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh1 Quba rayonu Qələdüz kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X1 rayonu Hacıəhməd-Oba kəndində qeydiyyatdadır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci müqaviləsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və X2, müştərək qaydada, 3963 (üç min doqquz yüz altmış üç) manat məbləğində əsas borc, 1093 (bir min doxsan üç) manat faiz borcu,10 (on) manat 70 qəpik cərimə borcu, cəmi 5069 (beş min altmış doqquz) manat 70 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti İddiaçı MM QBKT-in xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 və X2, müştərək qaydada, 3963 (üç min doqquz yüz altmış üç) manat məbləğində əsas borcu, 1093 (bir min doxsan üç) manat faiz borcu,10 (on) manat 70 qəpik cərimə borcu, cəmi 5069 (beş min altmış doqquz) manat 70 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti İddiaçı MM QBKT-in xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar