Məhkəmə qərarları › İş №2(027)-1600/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1600/2022

24.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1600/2022 24.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cinayət nəticəsində sağlamlığa vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər 09 mart 2022-ci il tarixdə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onun sağlamlığına vurduqları zərər nəticəsində sağlamlığımın bərpası üçün xərclədiyi 1200 manat məbləğində pulun, səhhətində yaranan problemlərə görə gələcəkdə yaranacaq xərclərin kompensasiyası kimi 5000 manat, 50 manat məbləğində hüquqi vardım xərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 09 mart 2022-ci il tarixdə, saat təxminən 19:00 radələrində yaşadığı Quba rayonu, İ Nügədi kəndində yerləşən mağazanın qarşısında olarkən Cavabdeh2la aralarında söz mübahisəsi yaranmışdır. O, da Cavabdeh2 valideyninə cavabdehlə bağlı iradlarını bildirmək üçün onların yaşadığı evin həyətinə gəlib fikrini bildirəndə cavabdehlər Fuad və Cavabdeh1lar onu yumruq və təpiklə bədəninin müxtəlif nahiyyələrindən vuraraq döymüşlər. Aldığı xəsarətlər Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş və cavabdehlər Fuad və Cavabdeh1ların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Quba Rayon Məhkəməsində baxılaraq hökm çıxarılmışdır. Belə ki, Quba Rayon Məhkəməsinin 1(027)-65/2022 saylı, 04 may 2022-ci il tarixli hökmü ilə Cavabdeh2 və onun qardaşı olan Cavabdeh1 09 mart 2022-ci il tarixdə, saat 19:00 radələrində Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən fərdi yaşayış evinin həyətində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı onu, yəni İddiaçı yumruqla vuraraq ona üzünün sağ tərəfində və alt çənədə sağda yumşaq toxumanın əziyi və qançır hematoması, ağızın selikli qişasında sağda əzilmiş-cırılmış yaradan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməsi halı öz təsdiqini tapdığından hər iki şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib aylıq qazanclarından 20 faiz məbləğində pulun dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilmişlər. Göründüyü kimi cavabdeh şəxslərin cinayətkar xarakterli hərəkətləri nəticəsində onun sağlamlığıma zərər vurulmuşdur və cavabdehlər bu günə kimi ona vurduqları zərərdən 1 manat da olsa, ödəniş etməmişlər. Onların təqsirli hərəkətləri nəticəsində sağlamlığına vurulmuş xəsarətlərin müalicəsi üçün o, dəfələrlə həkim qəbullarında, özəl xəstəxanalarda olmuş və çoxsaylı tibbi müayinələrdən keçmişdir. Bu zaman sağlamlığına vurulmuş zərərlə bağlı tibbi xidmətin, yol xərclərinin, o cümlədən dərman vasitələrinin hamısını öz vəsaiti hesabına əldə etmişdir. Cavabdehlərin onun sağlamlığına vurduqları xəsarət nəticəsində hal-hazırda da sağlamlığı tam bərpa olunmamış və səhhətindəki problemlər davam edir. Aldığı xəsarətlər nəticəsində dəfələrlə nevroloq qəbulunda olmuş və nevroloji problemləri bu gün də davam edir. İddia ərizəsinə əlavə etdiyi OKİ X2 Tibb Mərkəzinin, o cümlədən X3 çəkilmiş yuxarı ətrafların EEG cihazı ilə müayinə nəticələri, nevroloq Jalə Qarayevanın müayinəsi ilə bağlı xəstəlik sənədləri və reseptlər iddiasının əsaslılığını bir daha təsdiq edir. Həkimlər tərəfindən yazılan reseptlərdən də göründüyü kimi ona 5 aylıq, 3 aylıq və s. müalicələr yazılmışdır ki, bu da aldığı xəsarətlərin ağırlığını, səhhətinin bərpası ilə bağlı çəkdiyi xərclərin çoxluğunu bir daha təsdiq edir. Onun özünün hesablamaları hal-hazıradək təxminən 1200 manat məbləğində pul sırf həkim müayinələri və qəbulları zamanı o cümlədən aldığı dərmanlara sərf olunmuşdur. Müalicələri hal-hazırda davam edir. Qeyd etdiyi tələbinin əsaslılığını Quba Rayon Məhkəməsinin hökmü, cinayət iş sadələşdirilmiş materiallarda olan ekspert rəyi və iddia ərizəsinə əlavə etdiyi çoxsaylı sənədlər, analiz və digər müayinələrin cavabları da bir daha təsdiq edir. Cavabdehlər tərəfindən onun səhhətinə vurulmuş zərər könüllü şəkildə, eyni zamanda məhkəməyədək sadələşdirilmiş icraat materiallarına baxılarkən ödənilmədiyi üçün mülki qaydada məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəməyə müraciət edəcəyi üçün iddia ərizəsinin hazırlanması ilə bağlı 50 manat məbləğində hüquqi yardım xərci ödəmişdir. Göründüyü kimi cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, əlavə xərclərlə də üzləşmişdir. Məhkəmə iclasında İddiaçı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, iddianın əsassız olduğunu göstərərək, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən hazırki işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(027)-65/2022 saylı hökmündən görünür ki, Cavabdeh2 və Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancından 20 faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X4 xx.xx.2022-ci il tarixli 506/KEŞ nömrəli rəyindən görünür ki, İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı hazırda onda hər hansı bir travmatik xəsarət və xəsarət izinin olduğu müəyyən edilmədi. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda “Sevikokranialgiya”nın olduğu müəyyən edilmişdir ki, qeyd olunan patalogiya onurğanın boyun fəqərələrinin patologiyası hesabına bir neçə səbəbdən yarana bilir. Belə ki, ostexondroz və digər fəqərə dəyişiklikləri, bağların dartılması, fəqərə arası disk yırtıqları, revmotoid artrit, boyun fəqərələrinin travması kimi bir neçə səbəblə boyun fəqərələrində qeyd edilən patalogiyaya uyğun dəyişikliklərin yaranması mümkündür. İş mateirallarına əlavə edilmiş resept blankarında göstərilənlərə əsasən, İddiaçı təyin edilmiş dərman preparatları öd, qaraciyər, mübadilə pozğunluqları, yuxu keyfiyyəti və böyrək xəstəliklərinin müalicəsi üçün nəzərdə tutulmuş preparatlardır. (Qabaqamma-300mg periferik neyropatiya ilə əlaqədar olan ağrılar zamanı, boyun nahiyəsindəki ağrılar, yuxu keyfiyyətinin artırılması, tramadol-50mg-ağrıkəsici, sistonef forte-böyrək patologiyalarının müalicəsi, udeks 250-öd qovucu, qaraciyər və öd yollarının xəstəlikləri, nebipres hipotenziv məqsədlə, arterial təyziqi yüksək olan şəxslərdə təyziqin normallaşması məqsədilə, rovacel-lOmg-xolesterin azaldıcı müalicədə, qaraciyər və mübadilə pozğunluqlarında). Qeyd edilən dərman preparatları göstərilmiş xəsarətlərin müalicəsi üçün təyin olunmuş dərman preparatları deyildir, (ağrıkəsicilər simptomatik müalicə üçün nəzərdə tutulur) İş mateirallarına əlavə edilmiş müayinə və digər tibbi sənədlərdə göstərilənlərlə İddiaçı xx.xx.2022-ci il tarixdə almış olduğu xəsarətlər arasında səbəbli əlaqənin olması istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsas əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPMP-nin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-nipn 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübut etmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara təqdim edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən qanun normalarının tələbinə görə iddiaçı tələb etdiyi məbləğdə cavabdehlər tərəfindən ona maddi zərər vurulması, həmin zərərlə cavabdehlərin qanunsuz hərəkətləri arasında səbəbli əlaqənin olması, bu zərərin vurulmasında cavabdehlərin təqsirli olması və cavabdehlərin həmin zərəri ona ödəmək öhdəliyi daşımasını sübut etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının müalicə alması, sonuncuya cavabdehlərin hərəkətləri nəticəsində zərər dəyməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. İddiaçı, qanunla sübutetmə yükünün onun üzərinə düşməsinə baxmayaraq, öz iddia tələbinin hüquqi əsasını heç bir mötəbər sübutla sübut etməmişdir. Yuxarıda göstərilənlər iddianın əsassız olmasını göstərir və onun rədd olunması nəticəsinə gəlməyə tam əsas yaradır. Məhkəmə, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslanldırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cinayət nəticəsində sağlamlığa vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Quba rayon Məhkəməsi vasitəsilə (elektron qaydada) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar