Məhkəmə qərarları › İş №2(027)-1603/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1603/2022

01.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1603/2022 01.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləginin artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 03 iyun 2019-cu il tarixli, 2(027)- 1394/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılaraq 28 may 2009-cu il təvəllüdlü X9 adlı və 09 yanvar 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 50 manat məbləğində xidmət haqqının cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 26 iyul 2008-ci il tarixdə rəsmi nikahı qeyd etdirərək ailə qurmuşdur. Birgə nikahlarından 28 may 2009-cu il təvəllüdlü X9 adlı və 09 yanvar 2013-cü il təvəllüdlü X10 adlı uşaqları anadan olmuşdur. Cavabdeh ilə aralarında olan problemlər səbəbindən nikahları pozulmuşdur. Bundan sonra o, uşaqların saxlanılması ilə bağlı aliment tələbinə dair iddia ərizəsi ilə məhkməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 03 iyun 2019-cu il tarixli. 2(027)-1394/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 28 may 2009-cu il tarixdə anadan olmuş X5 və 09 yanvar 2013-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Cavabdeh hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin 01 may 2019-cu il tarixdən başlayaraq tutulub ona verilməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Hazırda qət edilmiş aliment məbləği bir uşaqların bir aylıq təlabatını belə ödəmir. Uşaqlar məktəblidir. Onların ehtiyacları günü-gündən artır. Hazırki vəziyyətdə cavabdeh tərəfindən ona ödənilməsi nəzərdə tutulmuş aliment birgə nikahdan olan uşaqlarının qanuvericilikdə nəzərdə tutulmuş layiqli həyat şəraitində yaşamaq hüququnu təmin etmir. O, alimentin artırılması və digər tələblərə dair işin məhkəmədən kənar qaydada həll edilməsi üçün Mediasiya Şurasına müraciət etmişdir. Lakin cavabdeh ilkin mediasiya sessiyasına gəlməmiş, ona görə də ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 06 may 2022-ci il tarixli, MŞİİ1-17363 nömrəli arayış verilmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, ozü cəmi 270 manat əmək haqqı alır, hazırda azyaşlı uşaqları ilə birlikdə ayda 200 manata kirayədə yaşayır, uşaqlar böyüdükcə yeməyə, geyimə və digər ehtiyaclara tələbatı artır. Cavabdeh isə məhkəmənin təyin etdiyi alimentlə kifayətlənərək, əlavə heç bir maddi kömək göstərmir, ona görə də uşaqları ilə birlikdə çətin maddi duruma düşmüşdür. Cavabdehin isə istifadəsində maşını vardır etibarnamə əsasında idarə edir. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunmasını xahiş edir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, İddiaçı Cavabdeh qarşı “Aliment miqdarın artırılmasına dair iddia ərizəsin, iddiaçının rəsmi işləməsini, bundan avvəl ondan 240 manat aliment almasını, övladlarına iddiaçı deyil iddiaçının valideyinlərinin himayəsində olması Ailə məcələsinin 75-ci maddəsin nəzərə alaraq iddiaçının iddiasın rədd edərək iddiasın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, göstərmişdir ki, uşaqları saxlamaq hər iki valideynin borcudur, tələb olunan alimenti ödəməyə imkanı yoxdur, alimentin 50 faizinin iddiaçının əmək haqqına yönəldilməsini istəyir, iddiaçının göstərdikləri doğru deyildir, onun istifadəsində heç bir maşın yoxdur, təyin olunan alimenti belə çətinliklə ödəyir. Ona görə də iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclas iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)- 1394/2019 saylı qətnaməsindən görünür ki, 28 may 2009-cu ıl tarixdə anadan olmuş X5 və 09 yanvar 2013-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Cavabdeh hər ay hər uşağa görə 120 (yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment 01 may 2019-cu il tarixdən başlayaraq tutulub X3 verilməlidir. İş materiallarında olan AZ-İ seriyalı 310546 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X6 arasında bağlanmış nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri 16.09 2019-cu il tarixdə 112 № ilə qeyd edilmişdir. İş materiallarında olan Mehrab Niftəliyev adına Quba şəhər X7 19 may 2022-ci il tarixli, 355 №li arayışından görünür ki, X1 Niftəliyev adına Quba şəhər X7 Vİİ sinifində təhsil alır. İş materiallarında olan Quba şəhəri H.Əliyev adına 1№li orta məktəbin 13 may 2022-ci il tarixli, 141 №li arayışından görünür ki, X2 şəhər, Hacıbaba Əliyev adına 1№li tam orta məktəbinin İİİ b sinifində təhsil alır. İş materiallarından həmçinin görünür ki, iddiaçı ilə onun vəkili arasında hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanmış və iddiaçı tərəfindən vəkilə xx.xx.2022-ci il tarixli mədaxil qəbzi ilə 50 manat pul ödənilməsi göstərilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olundu ki, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli İş 2(027)-1394/2019 saylı qətnaməsinə əsasən tərəflərin birgə nikahından doğulmuş 28 may 2009cu il təvəllüdlü X9 və 09 yanvar 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Cavabdeh hər ay hər uşağa görə 120 (yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin tutulub X3 verilməsi müəyyən edilmişdir. Hazırda təyin edilmiş aliment uşaqların tələbatlarını ödəmədiyindən iddiaçı tərəf uşaqların saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı aliment miqdarının artırılaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər uşağa hər ay 193 manat olmaqla, iki uşağa cəmi 386 manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Cavabdeh isə iddia tələbinə etiraz edir. Halbuki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə-valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, məhkəmə uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Həmçinin məhkəmə, yetkilik yaşına çatmayanlar üçün 2022-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, 28 may 2009-cu il təvəllüdlü X9 və 09 yanvar 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli İş№2(027)-1394/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər uşağa hər ay 150 (bir yüz əlli) manat olmaqla, iki uşağa cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, hüquqi yardım ilə əlaqədar 50 manat Cavabdeh tutularaq, İddiaçı verilməlidir. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu halda rüsum “Dövlət rüsumu” haqqında Qanunun 8.1.2ci maddəsinə əsasən 30 (otuz manat) manat təşkil edir. Beləliklə, 30 (otuz) manat dövlət rüsumu cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 115.0.5 və 115.0.6-cı malddələrinə əsasən nümayəndəyə və vəkilə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 28 may 2009-cu il təvəllüdlü X9 və 09 yanvar 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli İş№ 2(027)-1394/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər uşağa hər ay 150 (bir yüz əlli) manat olmaqla, iki uşağa cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Hüquqi yardım ilə əlaqədar 50 manat Cavabdeh tutularaq, İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar