Məhkəmə qərarları › İş №2(027)-1615/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1615/2023

25.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1615/2023 25.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Əhmədşah oğluna qarşı “alimentin miqdarının artırılması” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, himayəsində olan 04 avqust 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba rayon məhkəməsinin 2(027)-2513/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təin edilmiş alimentin məbləğinin dəyişdirilərək hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh Əhmədşah oğlu ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar və birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X2 adlı bir uşağları anadan olmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyinə görə Quba rayon məhkəməsinin 2(027)-513/2021 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikah qeydinin pozulması, birgə nikahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü Elviranın onun himayəsində verilməsi və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq cavabdehdən onun xeyrinə hər ay 120.00 (yüz iyirmi manat) manat sabit pul məbləğində aliment və uşaq 3 (üç) yaşına çatanadək hər ay 30.00 (otuz manat) məbləğində müavinət tutulması qərara alınmışdır. Bundan sonra, cavabdehə qarşı aliment miqdarının dəyişdirilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və Quba rayon məhkəməsinin 2(027)-2513/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün Quba rayon məhkəməsinin 2(027)- 513/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, həmin qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq cavabdehdən onun xeyrinə hər ay 175.00 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Əhmədşah oğlu məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəflərin birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X2 anadan olmuşdur. İş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-2513/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-513/2021 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırlmış, Cavabdeh Əhmədşah oğlundan hər ay 175 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununda isə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, təyin edilmiş aliment uşaqların tələbatlarını ödəmədiyindən iddiaçı uşaqların saxlanılmasında çətinlik çəkdiyini bildirir. Habelə, uşaqlar böyüdükcə onların ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı artır. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı ərizəsində cavabdehdən hər ay uşaq üçün 220 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etsə də, cavabdehin tələb olunan alimenti vermək imkanına malik olmasına dair sübut təqdim etmədiyini və bununla yanaşı, hazırda iddiaçının uşağın saxlanmasında çətinlik çəkdiyini nəzərə alınaraq, Quba rayon məhkəməsinin 2(027)-2513/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılaraq, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay uşaq üçün 200 manat sabit pul məbləğində aliment tutulmalı və iddia qismən təmin edilməlidir. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.6 və 119.2-ci maddələrin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1, və 9.4-cü maddələrinə əsasən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba rayon məhkəməsinin 2(027)-2513/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh Əhmədşah oğlundan hər ay uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Cavabdeh Əhmədşah oğlundan 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar