Məhkəmə qərarları › İş №2(027)-1621/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1621/2022

13.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1621/2022 13.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Abbasov Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehlə birgə nikahlarından olan 15 iyul 2015-ci il təvəllüdlü Abbasova Ayan Cavabdeh qızının və 23 oktyabr 2016-cı il təvəllüdlü Abbasov Ümid Cavabdeh oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün Quba rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli 2(027)-720/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, Abbasov Cavabdeh hər ay hər uşağa 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Abbasov Cavabdeh ilə 22 sentyabr 2014-cü il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından 15 iyul 2015-ci il tarixdə Abbasova Ayan Cavabdeh qızı və 23 oktyabr 2016-cı il tarixdə Abbasov Ümid Cavabdeh oğlu anadan olmuşdur. Ailə münasibətləri yaranmış narazılıqlar səbəbindən 2016-cı ildən faktiki olaraq ayrılmış, həmin vaxtdan o valideynlərinə məxsus evdə yaşayır. Nikahları Quba rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli qətnaməsi ilə pozulmuş, uşaqları onun himayəsində saxlanılmışdır. Bundan əvvəl, Quba rayon Məhkəməsinin 25 may 2017-ci il tarixli, 2(027)- 1924/2017 saylı qətnaməsi ilə 15 iyul 2015-ci il təvəllüdlü Abbasova Ayan Cavabdeh qızının və 23 oktyabr 2016-cı il təvəllüdlü Abbasov Ümid Cavabdeh oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün Abbasov Cavabdeh hər ay hər uşağa 136,6 manat olmaqla, cəmi 273,2 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Alimentin miqdarının artırılması barədə məhkəməyə müraciətindən sonra Quba rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(027)-720/2020 saylı qətnaməsi ilə həmin alimentin miqdarı artırılaraq, Abbasov Cavabdeh hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qərara alınmışdır. Hal-hazırda Abbasova Ayan Cavabdeh qızının 7 yaşı və Abbasov Ümid Cavabdeh oğlunun 6 yaşı vardır. Uşaqlar artıq məktəbə gedir, onların tələbatları artmışdır. Müəyyən olunan aliment məbləği uşaqların tələbatını ödəməyə yetərincə çatmır. Uşaqları çox çətinliklə saxlayır. Bundan başqa ölkədə bazar qiymətlərinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlar üçün yaşayış minimumunun məbləği də dəyişmiş hər uşaq üçün 193 manat müəyyən edilmişdir. İşləmir. Cavabdehin isə müəyyən oluduğundan çox aliment ödəməyə maddi imkanı vardır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Abbasov Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 15 iyul 2015-ci il təvəllüdlü Abbasova Ayan Cavabdeh qızı və 23 oktyabr 2016-cı il təvəllüdlü Abbasov Ümid Cavabdeh oğlu anadan olmuşdur. İş materillarında olan Quba rayon Məhkəməsinin 2(027)-720/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsindən görünür ki, Quba rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə, müəyyən edilmiş aliment miqdarı artırılaraq, 15 iyul 2015-ci il təvəllüdlü Abbasova Ayan Cavabdeh qızının və 23 oktyabr 2016-cı il təvəllüdlü Abbasov Ümid Cavabdeh oğlu yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Abbasov Cavabdeh hər uşaq üçün hər ay 150 manat olmaqla ümumilikdə 300 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, təyin edilmiş aliment uşaqların tələbatlarını ödəmədiyindən iddiaçı uşaqların saxlanılmasında çətinlik çəkdiyini bildirir. Habelə, uşaqlar böyüdükcə onların ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı artır. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı ərizəsində cavabdehdən hər ay uşaq üçün 250 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etsə də, cavabdehin tələb olunan alimenti vermək imkanına malik olmasına dair sübut təqdim etmədiyini və bununla yanaşı, hazırda iddiaçının uşaqların saxlanmasında çətinlik çəkdiyini, həmçinin artıq uşaqların məktəbə getmək üçün yaşlarının tamam olmasını, onların bununla bağlı təlabatının artmasını nəzərə alınaraq Quba rayon Məhkəməsinin 2(027)-720/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılaraq, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq 15 iyul 2015-ci il təvəllüdlü Abbasova Ayan Cavabdeh qızının və 23 oktyabr 2016-cı il təvəllüdlü Abbasov Ümid Cavabdeh oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 175 manat olmaqla ümumilikdə 350 manat sabit pul məbləğində aliment tutulmalı və iddia qismən təmin edilməlidir. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.6 və 119.2-ci maddələrin , “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1, və 9.4-cü maddələrinə əsasən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 15 iyul 2015-ci il təvəllüdlü Abbasova Ayan Cavabdeh qızının və 23 oktyabr 2016-cı il təvəllüdlü Abbasov Ümid Cavabdeh oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba rayon Məhkəməsinin 2(027)-720/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq cavabdeh Abbasov Cavabdeh hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Abbasov Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar