Məhkəmə qərarları › İş №2(027)-1621/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1621/2025

11.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1621/2025 11.09.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədirliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manatın, qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ona ödənilməli vəsaitin, o cümlədən 70 (yetmiş) manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Quba rayonu, Zeyid kəndində yaşayır və heyvandarlıqla (çobanlıqla) məşğul olaraq dolanır. Bu məqsədlə də yaylaq və qışlaq sahələrini sahiblərindən icarəyə götürərək iribuynuzlu və xırdabuynuzlu heyvanlar saxlayır. 2024-cü ildə Quba rayonu, Çiçi kəndində yaşayan Cavabdeh ona məxsus olan və Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən qışlaq torpaq sahəsini icarəyə götürmək istəmişdir. Onlar Asiflə görüşüb şərtləri razılaşmış və xx.xx.2024-cü ildə Asif ondan 5000 manat icarə haqqını qabaqcadan almışdır. Həmin pulu Asifə verəndə dayısı X1 da yanında idi. O da onun həmin pulu Cavabdeh verdiyini görmüşdür. O, pulu Asifə verdikdən sonra razılaşmış ki, Cavabdeh özünə məxsus olan 300 baş xırdabuynuzlu heyvanı, o cümlədən 60 baş iribuynuzlu heyvanı da saxlanmasından ötrü ona verməli idi, Əlavə olaraq o, 2 nəfər çoban tapmalı idi. Bu məqsədlə də o, Quba rayonu, Haput kəndindən Seymur və öz kəndindən Zaur Babayev adlı şəxslərlə razılaşmış ki, çobanlıq etsinlər. Lakin, onlar qışlaq sahəsinin Cavabdeh məxsus olmasını bildikdən sonra, Asifin yalançı adam olmasını əsas gətirərək orada işləməkdən imtina etdilər. O, bu haqda Asifə bildirdikdə o, dedi ki, narahat olmasın, özü çoban tapacaqdır. Bir müddətdən sonra Asif Quba rayonu, Muçu kəndindən olan 2 nəfər çoban tapdığını bildirdi. O, ondan həmin çobanlarla hansı şərtlər daxilində işləyəcəyini soruşduqda, Asif bildirdi ki, o, həmin çobanlara həm əmək haqqı, əlavə olaraq isə növbəliliyə görə də ayrıca pul verməlidir. İddiaçı bildirdi ki, bu onun imkanı xaricindədir, belə ki, o, çobanlara əmək haqqı verə bilər, lakin növbəliliyə görə əlavə ödəniş edə bilməyəcək. Cavabdeh dedi ki, “sən çobanları qışlağa gətir çıxart, sonra əlavə pulu ödəməzsən.” O, bildirmiş ki, o, adam aldadan deyil. Bundan sonra aralarında narazılıq yarandı və o, Asifə bildirmiş ki, onun 5000 manat pulunu qaytarsın, başqa yer tapacağ. Həmin vaxtdan bu günə kimi Asif onun pulunu qaytarmır. O, məcbur olub 2025-ci ilin əvvəllərində Cavabdeh barəsində Azərbaycan Respublikasının Prezidentinə, Baş Prokuroruna və Quba rayon prokuroruna şikayət ərizələri yazmışdır. Həmin ərizələrindən biri araşdırılmasından ötrü Quba RPŞ-yə göndərilimiş və Quba RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru Müşfiq Mirzəyev tərəfindən araşdırılmışdır. Quba RPŞ-nin xx.xx.2025-ci il tarixli, 91/2-M-32654 nömrəli məktubu ilə ona rəsmi cavab verilmişdir ki, qaldırdığı məsələ mülki xarakterlidir və o, mülki qaydada məhkəməyə müraciət etməlidir. Cavabdeh Quba RPŞ-də hansı məzmunda izahat verdiyini bilmir, çünki həmin izahatı görməmişdir. Bundan sonra, dəfələrlə Cavabdeh pulunu istəmiş, lakin heç bir nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, o, haqlıdır, onun hüquqları pozulmuşdur və Cavabdeh ona verməli olduğu 5000 manatı ödəməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının ona verdiyi məbləğ, yəni 5000 manat avans məbləğidir.Tərəflər arasında olan razılaşmanı iddiaçının özü pozub. Belə ki, heyvanların qışlağa gətirilməsindən iddiaçı özü imtina etmişdir. O, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmişdir. Hətta iddiaçıya kömək etmək üçün özü 2 çoban tapmışdır. Sonradan iddiaçı zəng edib deyib ki, onlar arasında razılaşma alınmayacaq. Onun ucbatından cavabdehə xeyli miqdarda ziyan dəymişdir. Heyvanları tələf olmuşdur. Ona görə də hesab edir ki, iddiaçının pulu geri tələb etməsi əsaslı deyildir. Məhkəmə tərəfləri dinləyib, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Quba RPŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan müəyyən olunur ki, iddiaçı aidiyyatı üzrə müvafiq polis şöbəsinə müraciət edərək, İddiaçı tərəfindən ona məxsus pulun qaytarılmadığını bildirmiş, ona tərəflər arasında mövcud olan münasibətlər mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququnun olması tövsiyyə edilmişdir. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir”. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən istənilən iddia tələbi üzrə məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin hansı hüquqi dəyərləndirməni irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, tələbin haqlı bir hüquqi səbəbə söykənib-söykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. Çünki hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyil. Məhkəmə qeyd edir ki, pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz. Öhdəliklər əmələ gəlmə əsaslarına görə 3 yerə bölünür: müqavilədən əmələ gələn öhdəliklər; qanundan əmələ gələn öhdəliklər; mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər. Mülki Məcəlləsinin xüsusi hissəsinin quruluşunda da bu qayda öz əksini tapmışdır. Mülki Məcəllənin “Öhdəliklərin əmələ gəlmə əsasları” adlı 386-cı maddəsinə görə öhdəliyin zərər vurma, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki,tərəflər arasında Cavabdeh məxsus Quba rayonu, Çiçi kəndində yerləşən qışlaq sahəsinin iri və xırdabuynuzlu heyvanların saxlanılması məqsədilə müvəqqəti olaraq iddiaçı tərəfindən istifadə edilməsi barədə şifahi qaydada razılaşma əldə edilmiş, bunun müqabilində əvvəlcədən cavabdehə 5000 manat məbləğində pul ödənilmişdir. Pulun ödənilməsi işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh özü də məhkəmədə verdiyi izahatında həqiqətən də pulun ödənilməsini etiraf etmişdir. Lakin işin mübahisə edilən tərəfi ondan ibarətdir ki, iddiaçı Cavabdeha məxsus olan qışlaq sahəsindən ümumiyyətlə istifadə etmədiyini əsas gətirməklə, ödənilən 5000 manat məbləğində pulun geri qaytarılması tələbi ilə çıxış edir. Belə ki, iddiaçının iddia etdiyinə görə ödənilmiş 5000 manat məbləğində pul ümumilikdə müəyyən müddət ərzində, yəni heyvanların qışlaq ərazisində saxlanıldığı dövr ərzində həmin sahədən istifadə etməyə görə ödənilməli olan ümumi haqqdır. Cavabdeh isə iddia edir ki, həmin pulu yalnız avans kimi əldə etmişdir. Belə ki, həmin sahədə iddiaçı ona məxsus olan heyvanlara da nəzarət etməli idi. Lakin iddiaçı sözünün üzərində durmamış, heyvanları qışlağa aparmamışdır. İddiaçının bu hərəkətinin nəticəsi olaraq isə ona xeyli miqdarda ziyan dəymişdir. İlkin olaraq məhkəmə cavabdehin izahatında qeyd etdiyi 5000 manat məbləğində pulun avans olaraq əldə edilməsi ilə bağlı iddiasına münasibətdə bildirir ki, mülki qanunvericilikdə avansın hüquqi rejimi ilə bağlı hər hansı tənzimləmə müəyyən edilməmişdir. Dispozitivlik prinsipinin tələbləri nəzərə alınaraq qeyd olunmalıdır ki, avansın ödənildiyi öhdəliyin mahiyyətindən və tərəflərin razılaşmasından başqa hal irəli gəlmirsə, mal verilməmişsə və ya iş, xidmət göstərilməmişsə, müvafiq öhdəliyin yerinə yetirilməsi üçün əvvəlcədən ödənilmiş dəyər (avans) geri qaytarılmalıdır. Əks yanaşma, müvafiq öhdəlik üzrə hər hansı işi yerinə yetirməmiş, xidməti göstərməmiş tərəfin əsassız olaraq vəsait əldə etməsinə (varlanmasına) gətirib çıxaracaqdır. Hazrıki iş üzrə tərəflərin hər ikisi iddiaçının pulu verməsini, lakin qışlaq sahəsindən istifadə etməməsini öz izahatlarında təsdiq etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş səs yazılarına nəzər yetirildikdə həqiqətən də, tərəflər arasında olan razılaşmanın iddiaçı tərəfindən pozulduğu, iddiaçının cavabdehə məxsus olan qışlağa getməkdən imtina etdiyini müəyyən olunur. Hətta cavabdeh bununla bağlı iddiaçıya narazılıq bildirməklə, ona bu hərəkət nəticəsində ziyan dəydiyini qeyd edir. Lakin nəzərə alınmalıdır ki, işin mübahisəsiz halıdır ki hər iki tərəf iddiaçının verdiyi pulun müqabilində qışlaq sahəsindən istifadə etmədiyini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, iddiaçı onun bacısı oğludur. Cavabdeh 5000 (beş min) manat icarə haqqını qabaqcadan almışdır. Pul cavabdehə verilərkən o da, orada olmuşdur.Qısa bir zaman sonra ona məlum olmuşdur ki, tərəflər arasında olan razılaşma pozulmuşdur. İddiaçı ümumiyyətlə cavabdehin qışlaq sahəsindən istifadə etməmişdir. Lakin aldığı pulu geri qaytarmaq istəmir. Əlavə olaraq cavabdehə iddiaçının onunla əldə edilmiş razılaşmadan imtina etməsi ilə bağlı ona dəymiş maddi ziyan barədə müvafiq sübutların təqdim edilməsi tələb edilsə də, sonuncu bununla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Təqdim edilmiş səs yazılarında cavabdehin ona maddi ziyan dəyməsini iddia etməsi isə həmin halın sübuta yetirilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda, verdiyini geri tələb edə bilər. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. İddiaçı eyni zamanda qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə faiz dərəcəsinin ödənilməsini xahiş etmişdir. AR Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında qeyd edilir ki, MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Məhkəmə Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən çıxış edərək qeyd edir ki, İddiaçı ona məxsus pul vəsaitinin Cavabdeh tərəfindən uzun müddət əsassız saxlanılması nəticəsində cavabdehin həmin pul vəsaitindən gəlir, fayda əldə etməsini sübut edə bilməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçının bu tələbi qeyrimüəyyən xarakter daşıyır. Məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İddiaçı həmçinin iddia tələbi ilə bağlı ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia bu hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən, iddia tələbi ilə bağlı 70 (yetmiş) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasan və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227. 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 5000 (beş) manat və ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar