Məhkəmə qərarları › İş №2(027)-1623/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1623/2022

23.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1623/2022 23.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 16 avqust 2018-ci il tarixli 2(027)-2096/2018 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılaraq xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X5 oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh oğlundan hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, tələbi onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2006-cı il tarixdə el adəti ilə ailə qurmuş, xx.xx.2007-ci il tarixdə nikahı rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2007-ci il tarixdə X4 və xx.xx.2011-ci il tarixdə X3 doğulmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-3223/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2016-cı il tarixdən başalayaraq hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 200 manat məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi qət edilmişdir. Uşaqların ehtiyacları artmış, artıq 200 manat pulla onlara baxmaq mümkün olmadığından o, alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(027)-2096/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(067)-3223/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Hazırda qət edilmiş aliment məbləği uşaqların bir aylıq təlabatını ödəmir. Uşaqlar məktəblidir. Onların ehtiyacları günü-gündən artır. Hazırki vəziyyətdə cavabdeh tərəfindən ödənilməsi nəzərdə tutulmuş aliment uşaqların qanuvericilikdə nəzərdə tutulmuş layiqli həyat şəraitində yaşamaq hüququnu təmin etmir. Cavabdehin şəxsi təsərrüfatı olduğu üçün alimenti ödəməyə maddi imkanı vardır. Cavabdehin maddi imkanı yaxşı olsa da, Quba Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunmuş sabit pul məbləğində alimenti vaxtında ödəmir. Sonda iddiaçı məhkəmədən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, eyni zamanda ərizəyə etiraz verərək, bildirdi ki, onun Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(067)- 3223/2016 saylı qətnaməsi üzrə ödənilməmiş 2200 manat məbləğində aliment borcu vardır. Tələb olunan alimenti ödəmək iqtidarında deyil. Məhkəmə iclas iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: AZ-İ 943560 nömrəli və AZ-İİ 789040 doğum haqqında şəhadətnamələrin notarial təsdiqli surətindən görünür ki, X4 xx.xx.2007-ci il tarixdə və X3 xx.xx.2011-ci il tarixdə tərəflərin birgə nikahından doğulmuşdur; Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(027)-2096/2018 saylı qətnaməsindən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(067)- 3223/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilmiş, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində alimentin tutularaq X2 verilməsi qət edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olundu ki, Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(027)-2096/2018 saylı qətnaməsinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində alimentin tutularaq X2 verilməsi müəyyən edilmişdir. Hazırda təyin edilmiş aliment uşaqların tələbatlarını ödəmədiyindən iddiaçı tərəf uşaqların saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı aliment miqdarının artırılmasını tələb edir. Cavabdeh isə buna etiraz edir. Halbuki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, məhkəmə uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Həmçinin məhkəmə, yetkilik yaşına çatmayanlar üçün 2022-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(027)-2096/2018 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay hər uşağa görə 175 (bir yüz yetmiş beş) manat olmaqla, iki uşağa cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Alimentin artırılmış hissəsi 100 (bir yüz) manat təşkil edir. Azərbaycan Respublikası MPM-in 112.1.3cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qətnaməsi ilə iki uşaq üçün müəyyən edilmiş 250 (ii yüz əlli) manat aliment artırılaraq, hər ay 350 (üç yüz əlli) manat miqdarında alimentin müəyyən edildiyi nəzərə alınmaqla, bir il ərzində artırılmış hissəyə dair ödəmənin məcmusu 1200 (bir min iki yüz) manat təşkil edir. “Dövlət rüsumu haqqında” Qanununа edilmiş xx.xx.2013-cü il tarixdən qüvvəyə minmiş dəyişikliklərə görə həmin Qanunun 8.2.1ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi olduğu halda ödənilməsi müəyyən olunmuş rüsumun məbləği 32 (otuz iki) (30+1%(2)=32) manat təşkil edir. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(027)- 2096/2018 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay hər uşağa görə 175 (bir yüz yetmiş beş) manat olmaqla, iki uşağa cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Alimentin artırılması tələbi ilə bağlı ödənilməsi müəyyən edilmiş 32 (otuz iki) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar