Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1636/2024 30.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı Quba rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi probasiya üzrə böyük icra məmuru X1 iştirakı ilə, İddiaçı Quba rayon İcra və Probasiya şöbəsinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Quba rayon İcra və Probasiya şöbəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mobil nəzarət qurğusunu yararsız hala saldığına görə ondan 2277,40 manat məbləğində vəsaitin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(027)-134/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. xx.xx.2022-ci il tarixdə şöbənin böyük icra məmuru (probasiya üzrə) X1 və məhkum Cavabdeh iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə elektron nəzarət vasitəsi tətbiq edilərək, cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilmişdir. Həmin protokolla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd kabro və bir ədəd elektron qolbaq məhkum, hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilərək, iltizamı alınmışdır. Cavabdeh Quba rayon İcra və Probasiya Şöbəsinə gəldiyi zaman mobil nəzarət qurğusuna baxış keçirilmişdir. Baxış zamanı mobil nəzarət qurğusunda enerji adapterinin keçid hissəsinin yanaraq yararsız hala düşdüyü müəyyən olunmuşdur. Cavabdeh izahatında mobil qurğunu qonşuluqda enerjiyə qoşduğunu və qısa qapanma olduğundan mobil qurğunu yararsız hala saldığını bildirmişdir. Belə olan halda cavabdehin günahından yəni lazımınca məsuliyyətli olmadığından mobil nəzarət qurğusu yararsız hala düşmüş və onlara maddi ziyan dəymişdir. Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsinin verdiyi maliyyə arayışına görə mobil nəzarət qurğusunun qiyməti 2277,40 manat təşkil edir. Məhkum Cavabdeh vurulmuş ziyanın dəyərini könüllü ödəməsi üçün vaxt verilsə də o, ödəməkdən imtina etmişdir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədə iclasında iddiaçının nümayəndəsi probasiya üzrə böyük icra məmuru X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, cavabdehə məlumat verilib, hətta qolbaq təzəsilə də əvəz edilib, mülki qaydada məhkəməyə müraciət olunacağı, qolbağın pulunun ondan tutulacağı barədə xəbərdarlıq olunsa da, o ziyanı könüllü ödəməkdən yayınmışdır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gələrək, iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(027)-134/2022 saylı hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi; Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılması; Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Cavabdeh cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması; Cavabdeh üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulması və.s hökm edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə protokolun surətindən göründüyü kimi, elektron qolbaq və qolbağı yükləmək üçün nəzərdə tutulmuş yükləmə qurğusu Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli iltizamın surətindən göründüyü kimi, cəzasının icrası qaydasının pozulması nəticələri izah edilməklə Cavabdeh məsuliyyət daşıyacağı barədə xəbərdarlıq edilmişdir İş materiallarında olan xx.xx.2023-cü il tarixində tərtib olunmuş aktdan göründüyü kimi, Cavabdeh Zaxaroviçə məxsus 1 ədəd “Attenti” markalı 35656237 nömrəli elektron nəzarət vasitəsi komplektinin enerji ehtiyyatı elementlərinin zəifliyi (enerji yığmır), korpusun hermetikliyinin pozulması və qolbağının xarici örtüyünün görünüşü yoxlanılıb. Baxış zamanı müəyyən olunub ki, mobil qurğunun enerji adapteri qoşulan hissəsi əriyərək mobil qurğu yararsız hala düşmüşdür. Aktın doğruluğunu imzaları ilə təsdiq etmişlər. “Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəy”dən görünür ki, Cavabdeh Zaxaroviçə təhvil verilmiş “Attenti V6” markalı 35656237 seriya nömrəli elektron nəzarət vasitəsinə xx.xx.2023-cü il tarixində keçirilmiş texniki baxışın nəticəsinə görə, qurğunun elementləri sıradan çıxıb, təmiri mümkün deyil, istifadəyə tam yararsızdır. Cavabdeh Zaxaroviç Quba rayon İcra və Probasiya şöbəsi icra məmuruna verdiyi izahatında bildirmişdir ki, Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(027)-134 saylı hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Üzərinə Quba rayonunun ərazi hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Azadlığın məhdudlaşdırılması cəzasının icrası qaydaları, həmçinin hüquq və vəzifələri icra məmuru tərəfindən ona tam aydın izah olunmuşdur və bu vəzifələrə əməl etməyəcəyi halda daşıyacağı məsuliyyət ona bildirilmişdir. Mobil qurğunu evdə enerjiyə qoşub. Birdən işıqda qısaqapanma olub və sönüb. Mobil qurğunu götürən zaman görüb ki, adapter hissəsi əriyib və qurğu sönüb. Bu barədə icra məmurunun yanına gələrək məlumat verib. Mobil qurğunu bilərəkdən yararsız hala salmayıb. Sadəcə qısa qapanma olduğu üçün belə bir hal baş verib. Maddi imkanı olmadığı üçün mobil nəzarət qurğusunun dəyəri olan 2277,40 manat pulu Dövlət Büdcəsinə ödəyə bilmir. İcra məmuru tərəfindən hüquq və vəzifələri, həmçinin bu məbləği könüllü olaraq ödəmədiyi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı ona izah olunub. Üzərinə qoyulmuş vəzifələrə əməl etməkdən qərəzli olaraq boyun qaçırdığı üçün cəzanın çəkilməmiş hissəsinin azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmasına dair təqdimatla məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Ədliyyə Nazirliyi Baş Probasiya İdarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktunun surətindən göründüyü kimi, “Attenti” markalı elektron nəzarət vasitəsinin itirilməsi və yararsız hala salınması hallarında vasitənin dəyərinin 2277,40 manat müəyyən olunmuşdur. Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Cavabdeh Zaxaroviç mobil nəzarət qurğusunu yararsız hala saldığına görə birbaşa ziyan vurulmasına gətirib çıxaran təqsirli və hüquqa zidd əməli nəticədə iddiaçı qarşısında mülki hüquqi məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd edilən Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə, habelə "Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli 144 nömrəli Qərarının 7.5-ci bəndinə əsasən əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Quba rayon İcra və Probasiya şöbəsinin Cavabdeh mobil nəzarət qurğusunu yararsız hala saldığına görə ondan 2277,40 manat məbləğində vəsaitin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməsi barədə iddia ərizəsi təmin edilməlidir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 2277 (iki min iki yüz yetmiş yeddi) manat 40 (qırx) qəpik Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-1636/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1636/2024
30.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver