Məhkəmə qərarları › İş №2(027)-164/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-164/2024

07.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-164/2024 07.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, 02 iyun 2023-cü il tarixində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində onun təqsirli əməli nəticəsində ona məxsus “Opel-Vektra” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobililə dəymiş ziyan olaraq 3078 (üç min yetmiş səkkiz) manat məbləğində pulun, ziyan aktının alınmasına ödənilmiş 50 manat məbləğində pulun və 52 manat məhkəmə rüsumunun əvəzinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, 02 iyun 2023-cü il tarixində təxminən saat 21:30-da Quba rayonu, Qələdüz kəndində, idarə etdiyi Opel markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən, kəndin içində asfalt yolun hərəkət hissəsinin sağ tərəfindən 2 rəst atdan biri tullanıb avtomaşının üstünə çıxmış, avtomobilin qabaq sağ kapotunu və ön şüşəsini sındırmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sifətindən və döş qəfəsindən xəsarət almışdır. Bundan sonra DİN-in 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Araşdırma zamanı məlum olmuşdur ki, həmin at cavabdehə məxsusdur. Cavabdeh atını yolun kənarında hörükləyərək nəzarətsiz qoyub getmişdir. Onun barəsində Quba RPŞ-nin TB-nin 02 iyul 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh barəsində Quba YPX-nin inspektoru X.Ağayev tərəfindən İXP5736482 saylı protokol tərtib edilmiş və 02 oktyabr 2023-cü il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərar qəbul edilərək, Azərbaycan Respublikası İXM-nin 338.5.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmin inzibati xəta haqqında qərarla cavabdehin törətdiyi əməl nəticəsində ona məxsus maşına ziyan dəyməsi öz təsdiqini tapmışdır. O, avtomobilinin təmirinə alınan ehtiyat hissələrinə, materiallara və təmir işlərinin görülməsinə görə zəhmət haqqı olaraq ümumiikdə 3078 manat məbləğində pul xərcləmişdir. Bu barədə mütəxəssis rəyi tərtib edilmişdir, həmin rəyin tərtib olunmasına 50 manat ödəmişdir. Cavabdeh dəymiş zərərin əvəzinin ödənilməsi üçün müraciət etsə də, müraciətinin heç bir müsbət nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, 02 iyun 2023-cü il tarixdə, təxminən saat 17:30 radələrində o, özünə məxsus atını Quba rayonu, Qələdüz kəndində yolun kənarında hörükləyərək iplə bağlayaraq evinə getmişdir. Bir neçə saatdan sonra həmkəndlisi İddiaçı idarə etdiyi Opel markalı maşınla atını vurmuş at ölmüşdür. Maşında sürət yüksək olduğuna görə toqquşma olmuşdur. Atını nəzarətsiz buraxmamış, ipdən açılmışdır. Özünə də ziyan dəymiş, atı ölmüşdür. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İş materiallarında olan xx.xx.2023-cü il tarixli ziyan aktından görünür ki, «OPEL-VEKTRA» minik markalı, «**-BU-***» dövlət qeydiyyat nişanlı, avtomaşına baxış keçirilərkən həmin avtomaşına toqquşma nəticəsində 3078 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. İş matreriallarında olan 02 iyul 2023-cü il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 02 iyun 2023-cü il tarixdə saat 17:30 radələrində Cavabdeh məxsus 1 rəst at İddiaçı idarə etdiyi Opel Vektra markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomaşının yoluna çıxmış və maşının sağ kapotunu və ön şüşəsini sındırmışdır. Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 338.5.1-ci maddəsinin tərkibi olduğundan Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan İnzibati Tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərardan görünür ki, Cavabdeh İXP ******* №li protokol üzrə Azərbaycan Respublikası İXM-nin 338.5.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilərək 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı ziyan aktının alınmasına görə 50 manat pul ödəmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı hazırki iddianın qaldırılması ilə əlaqədar 52 manat dövlət rüsumu ödəmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, 02 iyun 2023-cü il tarixdə, saat 17:30 radələrində Cavabdeh məxsus 1 rəst at İddiaçı idarə etdiyi Opel Vektra markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomaşının yoluna çıxmaqla toqquşma baş vermiş və nəticədə avtomaşın əzilməklə İddiaçı maddi zərər vurmuşdur. xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarla Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilmişdir. Baş vermiş yolnəqliyyat hadisəsinin nəticəsində ** BU *** dövlət qeydiyyat nişanli “Opel Vektra” markalı avtomobilə dəyən maddi ziyan cəmi 3078 manat məbləğində müəyyən edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki hüquqi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edidir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia təmin olunmalı, cababdeh Cavabdeh dəymiş ziyanın əvəzi olaraq 3078 (üç min yetmiş səkkiz) manat məbləğində pul, ziyan aktının alınmasına dair ödənilmiş 50 manat məbləğində pul və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 52 manat alınaraq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cababdeh Cavabdeh dəymiş ziyanın əvəzi olaraq 3078 (üç min yetmiş səkkiz) manat məbləğində pul, ziyan aktının alınmasına dair ödənilmiş 50 manat məbləğində pul və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 52 manat alınaraq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar