Məhkəmə qərarları › İş №2(027)-1648/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1648/2020

22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1648/2020 22.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul, maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona ödədiyi 720 manat pulun, 2018-ci ilin avqust ayından etibarən Mərkəzi Bankın faiz uşot dərəcəsi əsasında ona dəymiş ziyanın və dövlət rüsumu olaraq ödəmiş olduğu 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2018-ci ilin mart ayında ona məxsus olan, Quba rayonu, Vladimirovka kəndində yerləşən, fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 0.08 ha torpaq sahəsinin 1 sotu 900 manat olmaqla cəmi 7200 manata satması üçün razılığa gəlmişlər. Razılaşmalarına əsasən Cavabdeh 2000 manat ilk başlanğıcda, 5200 manatı isə bir il ərzində hissə-hissə ödəməli olmuşdur. Razılaşma olan günü o cavabdehə 100 manat beh verərək mart ayının sonunda 2000 manat verəcəyini bildirmişdir. Cavabdehə mart ayının sonunda razılaşdıqları kimi 2000 manat ödəniş etmiş və qalan 5100 manatıda Cavabdeh adına “Unibank” KB Quba filialında açılmış kart hesabına ödəyəcəkləri ilə razılaşmışlar. Cavabdeh ona torpaq şəhadətnaməsinin surətini verərək pulu tam ödədikdən sonra alğı-satqı olacağını demişdir. O, cavabdehin kart hesablna hissə-hissə pul ödəməklə 2018-ci ilin avqust ayında Cavabdeh ödəməli olduğu 5100 manatı tam olaraq ödəmişdir. 7200 manat pulu tam ödədikdən sonra Cavabdeh torpağın sənədlərini götürüb notariat kontoruna gəlməsini xahiş etmiş ki, alğı-satqını həyata keçirsinlər. Lakin, cavabdeh onun təklifini rədd edərək, torpağın sotunun 900 manat deyil, 1400 manata satdığını, ona hələ 4000 manat məbləğində pul borclu olduğunu demişdir. Cavabdehin bu hərəkətindən sonra Quba rayon Prokurorluğuna müraciət etmişdir. Prokurorluqda müraciəti araşdırıldıqdan sonra işin mahiyyəti mülki xarakterli olduğundan Quba rayon Məhkəməsinə müraciət etməli olduğu tövsiyyə edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli məhkəmə iclasında, iddiaçıdan 4000 manat pul istədiyini, 7200 manat məbləğində pulu iddiaçının ona ödədiyini və torpağın sənədlərinin Quba rayon Məhkəməsinin 2(027)-697/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında iddiaçıdan alınaraq ona verilməsini qeyd etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Prokurorluğunun xx.xx.2019-cu il tarixli qərarından görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-697/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı Əliəkrəm oğlundan iddiaçı Cavabdeh məxsus torpaq sahəsinə aid sənədin əsli və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğdə pul vəsaitinin alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh özünə məxsus Quba rayonu, Vladimirovka kəndində yerləşən fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 0.08 ha torpaq sahəsini iddiaçıya satmaq üçün ondan 7200 manat pul almış, lakin torpağı iddiaçıya satmamışdır. İddiaçı həmin pulu cavabdehə müəyyən müddət ərzində ödəmiş və torpaq sahəsinin alğı-satqısını həyata keçirmək məqsədilə cavabdehdən sənədlərin onun adına rəsmiləşdirilməsi üçün notariat kontoruna gəlməsini istəsə də, cavabdeh torpaq sahəsinin sotunun qiymətinin 900 manat deyil, 1200 manat olduğunu bildirərək, torpaq sahəsinin sənədlərinin iddiaçının adına rəsmiləşdirilməsindən yayınmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından birdir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 337.1-337.2-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 1091.1-1091.2-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-1092.2-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi Mülki Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya,əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə da şamil edilir. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə hesab edir ki, cavabdeh mübahisəli torpaq sahəsini iddiaçıya şifahi razılaşma əsasında satmasını bildirməsi barədə onlar arasında razılaşma etibarsızdır. Çünki daşınmaz əmlaklarla bağlı alğı-satqı notarial qaydada təsdiqlənməli və dövlət qeydiyyatına alınmalıdır. Göründüyü kimi tərəflərin razılaşması mülki qanunvericiliyin normasına ziddir. Bundan başqa iddiaçı cavabdehlər razılaşdırlmış məbləği ondan almışdır. Yəni onun hesabına əsasız varlanmışdır. Ona görə də, Cavabdeh İddiaçı xeyrinə 7200 manat məbləğində pul tutulmalıdır. Məhkəmə pulun uçot faiz dərəcəsi ilə bağlı qeyd edir ki, iddiaçı uçot faiz dərəcəsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tərəflər arasında bölünməlidir. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 50%-i iddiaçıya, 50%-i cavabdehə aid edilməli, cavabdehdən 15 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qisməntəmin edilsin. Cavabdeh 7200 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar