Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1673/2025 22.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 10.300 manat məbləğində pulun, mediasiyaya ödədiyi 60 manat məbləğində rüsumun və 121 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh onun qonşusu olmuşdur. Onunla 2023-cü ilin avqust ayında avtomobil alıb-satmaq qərarına gəlmişlər, 2023-cü ilin avqust ayında Bakı şəhəri, Mehdiabad qəsəbəsində cavabdehlə görüşüb 7500 manat pulu əlbəəl ona vermişdir. Anar ona BMW markalı avtomobil alacağını, həmin avtomobili biz satıb əlavə gəlir əldə edəcəyini bildirmişdir. Sonra Anar ona BMW avtomobili almaq üçün 4700 manat əlavə pul lazım olduğunu demişdir. Buna görə də o, həmin ayda Anarla Xaçmaz rayonunda görüşüb 4700 manat pulu sonuncuya vermişdir. Sonra Anar BMW markalı avtomobili ona vermişdir. O, həmin avtomobili bir gecə idarə et və avtomobilin elektrik sisteminde nasazlıq olduğu üçün avtomobili Anara qaytarmışdır. Anar təmir üçün ondan 1700 manat pul istəmiş, o, həmin ayda Anara Quba rayonundan kart vasitəsilə 1700 manat pul göndərmişdir. Anar həmin avtomobili satmış və onun verdiyi pulu qaytarmamışdır. Anar, onun pulu ilə ondan xəbərsiz, 11200 manata Mersedes Benz C klass markalı avtomobil almış və özü idarə etmişdir. Anar, avtomobili idarə edərkən, avtomobil nasazlamış, Anar ondan, avtomobilin təmiri üçün ayrı-ayrı vaxtlarda, 2227 manat bir və 400 manat bir pul almışdır. Anarın ona ümumi 16527 manat məbləğində borcu yaranmışdır. Anar borcdan ona ayrı-ayrı vaxtlarda, ümumilikdə 6227 manat məbləğində ödəniş etmişdir. Anarın hazırda ona ümumi 10300 manat məbləğində borcu qalmışdır. Dəfələrlə Anardan pulunu qaytarmağını tələb etsə də, borcunu qaytarmamışdır. O, bu barədə Qaradağ rayon Polis İdarəsinə müraciət etsə də, mübahisənin mülki xarakterli olması səbəbindən, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxarılmışdır. Polis İdarəsində izahatı zamanı Cavabdeh, özü də 10300 manat məbləğində borcu olduğunu etiraf etmiş, qısa müddət ərzində borcunu qaytaracağını bildirmişdir. Lakin üstündən uzun müddət keçməsinə baxmayaraq, Anar borcu qaytarmamışdır. O, bu barədə mediasiya müraciət etmiş, lakin Cavabdeh, mediasiya prosesində iştirak etmədiyindən, ona xx.xx.2025-ci il tarixli arayış verilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Cavabdeh ona cəmi 10.300 manat borcu vardır. Cavabdehə pul verən zaman onların yanında kimsə olmamışdır. Pulunu geri tələb edən zaman cavabdeh davamlı bəhanələr gətirərək, pulu qaytarmır. Cavabdehə pulu bakdan aldığı kreditlə vermişdir, hələ də kredit ödəyir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. İddiaçı məhkəməyə əriə təqdim edərək, mülki işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə görə Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. 241.2. Qətnaməni tərtib edərkən hakim bu Məcəllənin 16-cı fəslinin müddəalarını rəhbər tutur. 241.3. İşə qiyabi icraat qaydasında baxılarkən iddianın əsasları və ya predmeti dəyişdirilə və ya iddia tələblərinin məbləği artırıla bilməz. 241.4. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. 241.5. İddiaçının dəlilləri iddia tələblərini tamamilə və ya qismən təsdiq etməsə, məhkəmə iddianın və ya onun hissəsinin rədd olunmasına dair qətnamə çıxarır və belə qətnamə, cavabdehin gəlməməsinə baxmayaraq, qiyabi hesab edilmir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis şöbəsinin baş təhqiqatçısı X1 “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, araşdırma zamanı Cavabdeh izahatında İddiaçı 10.300 manat məbləğində pul verməli olduğunu və hazırda imkanı olmadığından qısa müddət ərzində ödəyəcəyini bildirmişdir. X2 İddiaçı tələbini mülki xarakterli olması qənaətinə gələrək, sonuncunun müraciəti üzrə cinayət tərkibi yaranmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmədə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı borclu olduğu 10.300 manat məbləğində pulu qısa müddət ərzində qaytarmağı öhdəsinə götürsə də, indiyədək öhdəliyini icra etməmiş, nəticədə iddiaçı qarşısında məsuliyyəti yaranmışdır. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarı tərəflərin arasında hüquqi münasibətlərin olduğunu təsdiqləyir. Belə ki, Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis şöbəsində cavabdeh borcu olduğunu etiraf etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi 10.300 manat məbləğində vəsaitin tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 121 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə iddiaçının “mediasiyaya ödədiyi 60 (altmış) manat məbləğində rüsumun cavabdehdən tutulması” hissəsinə qiymət verərkən belə qənaətə gəlir ki, iddia bu hissədə təmin edilməməlidir. Ona görə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda (29 mart 2019-cu il tarixli 1555 nömrəli) göstərilir ki, Mediasiyanın tətbiq dairəsi mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); ailə münasibətlərindən irəli gələn mübahisələr; əmək münasibətlərindən irəli gələn mübahisələr; inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrdən ibarətdir. Həmin Qanun yalnız mediasiya tələb olunan hallarda, yəni məcburi mediasiyaya aid edilən işlərdə mediasiya üçün çəkilmiş xərclərin tələb olunmasına əsas verir. Bu işin hallarından görünür ki, iddiaçının mediasiyaya müraciəti könüllü xarakter daşımış və ona görə də, iddiaçının mediasiyaya dair xərclərinin cavabdehdən tələb etməsi əsassızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 243.1-ci maddəsində göstərilir ki, Qiyabi qətnamə çıxarıldıqdan sonra 10 gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir; 243.2-ci maddəsində göstərilir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qiyabi qətnaməni elektron imzası ilə təsdiq etməklə qiyabi qətnamə çıxarıldığı vaxtdan 10 (on) gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. 244-cü maddəsində qeyd olunur ki, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır; 253.2.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin 241.5-ci və 251-ci maddələrində nəzərdə tutulmuş qaydada qətnamə qəbul edildikdə apellyasiya qaydasında şikayət verilə bilər; 253.2.2-ci maddəsinə əsasən cavabdehin ərizəsi ilə qiyabi məhkəmə qətnaməsinin ləğvindən imtina edildikdə apellyasiya qaydasında şikayət verilə bilər; 253.3-ci maddəsinə əsasən, Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 241, 243, 244, 253-cü maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 10.300 (on min üç yüz) manat məbləğində pul, ödənilmiş dövlət rüsumuna görə 121 (bir yüz iyirmi bir) manat tutularaq İddiaçı verilsin. İddia mediasiya xərcinin tutulması hissəsində təmin edilməsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan (rəsmi qaydada verildikdən) sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Quba Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1673/2025
Quba Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(027)-1673/2025
22.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver