Məhkəmə qərarları › İş №2(027)-1678/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1678/2020

28.09.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1678/2020 28.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh öz həyətyanı torpağında inşa etmək istədiyi hasarın hörülməsinə etdiyi maneələrin aradan qaldırılmasına son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Quba şəhəri, Qorxmaz-oba kəndində yaşayır, ona və həyat yoldaşı X1 Quba rayonu X3 xx xxxxxx 1997-ci il tarixli 08 saylı Qərarı ilə Quba rayonu Qorxmaz-oba kəndində 0,24 ha həyətyanı torpaq sahəsi ayrılmış və adlarına mülkiyyəti təsdiq edən JN-112G, kod 30315028 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə verilmişdir və həmin torpaq sahəsində mülkiyyəti təsdiq edən yaşayış evi vardır. Qonşuluğunda cavabdeh oğlu Cavabdeh yaşayır. Son vaxtlar onunla aralarında müəyyən narazılıqlar baş vermiş, cavabdehin atası olsa da ona qarşı kobud rəftar edir, mütəmadi olaraq xoşagəlməz hərəkətlərə yol verir. O, cavabdehin hərəkətlərinə dözməyərək və artıq xoşagəlməz hadisələrin qarşısını almaq məqsədi ilə həyətyanı sahələri olan hasarın yerinə kubik daşından hasar çəkmək istəyir, lakin cavabdeh ona öz torpağında tikini işləri aparmağa imkan vermir, inşaat işləri aparmağa gələn fəhlə və ustalara tikinti işləri aparmağa maneçilik törədir, dəfələrlə yerli orqanlara müraciət etsə də tədbir görən olmur, cavabdeh isə öz qanunsuz hərəkət və əməllərini törətməkdə davam edir. Ona görə də törədilən manelərin aradan qaldırılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmədə Cavabdeh iddanı qəbul etməyərək göstərdi ki, o, atasına maneələr yaratmır, atası onun mülkiyyətində 0,16 ha torpaq sahəsində yerləşən evin qabağını kəsmək istəyir, o da bunun qarşısını alır. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Quba rayonu, Zərqava kəndində yaşayır. İş materiallarında olan Torpağın Mülkiyyətə Verilməsinə dair JN-112G, kod 30315028 saylı Şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Quba rayonu X3 xx xxxxxx 1997-ci il tarixli 08 saylı qərarı ilə İddiaçı və X1 Quba rayonu, Qorxmaz-oba kəndi ərazisindən 0,24 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmzadır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Quba rayonu, Qorxmaz-oba kəndi ərazisindən 0,24 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İddiaçıya məxsus torpaq sahəsinin qonşuluğunda yaşayam oğlu, eyni zamanda cavabdeh olan Cavabdeh məxsus torpaq sahəsi yerləşir. Cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsindən sərbəst istifadəsinə maneələr yaradır. Odur ki, iddiaçı ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinin qarşısında cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasını haqlı olaraq tələb edir. Cavabdeh tərəf həmin ərazi ona da aid olduğu üçün iddiaçının hərəkətlərinin qarşısının alması faktını inkar etmir. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək və tərəfləri dinləyərək, belə nəticəyə gəlir ki, Quba rayonu, Qorxmaz-oba kəndi ərazisindən 0,24 ha həyətyanı torpaq sahəsimülkiyyət hüququ ilə İddiaçı məxsusdur və iddiaçının mülkiyyət hüququnun tam maneəsiz həyata keçirilməsini tələb etmək hüququ vardır. Cavabdeh tərəf iddiaçı tərəfindən maneələrin yaradılmasını bildirsə də, bunu məhkəmədə sübuta yetirməmişdir. Beləliklə, iddiaçıya məxsus torpaq sahəsindən onun sərbəst istifadə etməsinə cavabdeh tərəfindən maneələr yaradıldığı məhkəmədə təsdiq olunmuşdur. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən İddiaçı məxsus həyətyanı torpaq sahəsində inşa etmək istədiyi hasarın hörülməsinə yaratdığı maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus həyətyanı torpaq sahəsində inşa etmək istədiyi hasarın hörülməsinə yaratdığı maneələr aradan qaldırılsın. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar