Məhkəmə qərarları › İş №2(027)-1685/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1685/2020

23.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1685/2020 23.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7200 manat miqdarında borc və hüquqi xidmət üçün ödənilmiş 50 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, müharibə veteranıdır. Cavabdeh onun tanışıdır. Cavabdeh xx.xx.2013-ci ilədək qaytarmaq şərti ilə xx.xx.2012-ci ildə 8000 manat miqdarında borc pul almışdır. Göstərilən müddət tamam olduqda o, Cavabdeh pullarının qaytarmasını tələb etməyə başlamış, lakin cavabdeh xx.xx.2013-ci ilədək bütöv borcunu qaytarmaq əvəzinə cəmi 500 manat pul qaytarsa da, bundan sonra uzun müddət ərzində ona pul qaytarmamışdır. 2017-ci ilin sentyabr ayında cavabdeh ona 300 manat pul qaytarmış və ona həmin ilin sonunadək pulunu tam qaytaracağını bildirmişdir. Göstərilən müddət tamam olduqda o, Cavabdeh pullarının qalan hissəsinin qaytarmasını tələb etməyə başlamış, lakin cavabdeh onun verdiyi borc pulunun qalan hissəsini qaytarmaqdan imtina etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, iddiaçıdan 2012-ci ildə borc pul alıb və həmin ildə qaytarıb. Hazırda həmin müqavilədən 8 il vaxt keçib. İddiaçı müqavilə üzrə iddia müddətini buraxmışdır. Ona görə də, tələbin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin mülki işə iddiaçının iştirakı olmadan baxılmasını xahiş etdi. İddiaçı məhkəmə prosesində iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı tərəfindən imzalanan borc barədə əlyazmadan görünür ki, Quba rayonu, Qələdüz kənd sakini Cavabdeh Tərtər rayonu, Qaynaq kənd sakini İddiaçı xx.xx.2012-ci tarixdə 5000 manat borc pul almış, bu günə kimi onu qaytarmamışdır. İddiaçı cavabdehin ona 7200 manat borclu olmasını iddia etsə də, bununla bağlı məhkəməyə sübut təqdim etməyib. Cavabdeh borcunun elə həmin il qaytarılmasını iddia edir. Lakin məhkəməyə sübut təqdim etməmişdir. İddiaçı cavabdehin ona 2017-ci ilin sentyabr ayında pul ödədiyini iddia edir. Lakin məhkəmədə cavabdehin iddiaçıya həmin ildə pul ödəməsi ilə bağlı sübut mövcud deyil. Cavabdeh tələb üzrə iddia müddətinin keçməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-739.2-ci maddəsinə əsasən Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respbulikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyətli aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyinin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühkaiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını imtizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarırdı. Mübahisə tərəfin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. “Stanyo Belçikaya qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin x xxxx 2009-cu il tarixli Qərarındakı hüquqi mövqeyinə görə qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Yuxarıda qeyd olunan milli və beynəlxalq qanun normalarının hazırki mübahisəyə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı tələb üzrə iddia müddətini üzürsüz səbəbdən ötürmüşdür. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı mübahisə ilə bağlı tələb 3 illik iddia müddəti ərzində deyil, iddia müddətinin bitməsindən sonra irəli sürülmüş və iddia müddətinin üzürlü səbəblərdən ötürülməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, iddia müddətinin keçməsi iddianın rədd edilməsinin əsası kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar