Məhkəmə qərarları › İş №2(027)-169/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-169/2022

25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-169/2022 25.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı-nin nümayəndəsi X1 və Cavabdeh1 nümayəndəsi və həm də Cavabdeh2 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 19.09.2019-cu il tarixli, 0097/22 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5126 (beş min yüz iyirmi altı) manat 01 qəpik əsas borc, 49 (qırx doqquz) manat 31 qəpik faiz borcu, 2549 (iki min beş yüz qırx doqquz) manat 28 qəpik dəbbə borcu olmaqla, cəmi 7769 (yeddi min yeddi yüz altımış doqquz) manat 60 qəpik kredit borcunun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı-nin nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı idddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında 19.09.2019-cu il tarixli, 0097/22 saylı kredit müqaviləsi imzalanmış, həmin müqavilə üzrə cavabdehə 5 il müddətinə, 1 faizlə, 5258.07 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə 19.09.2019-cu il tarixli, 0097/22 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsaəsn zamin kreditor qarşısında borcalan ilə eyni qaydada cavabdehlik daşımasını öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsinin 3.1-ci bəndinə əsasən zamin - faizləri, cərimələrin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə, əmlakı və bütün gəlirləri ilə birgə məsuliyyət daşıyır. Beləliklə 19.09.2019-cu il tarixli, 0097/22 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 BOK qarşısında 5126.01 manat əsas borc, 49.31 manat hesablanmış faiz borcu, 2549.28 manat dəbbə pulu olmaqla, cəmi 7769.60 manat borcu vardır. Eyni zamanda Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanına əsasən "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış əvvəlki problemli kredit müqaviləsi restruktrizasiya edilmiş və cavabdehlə hazırkı müqavilə bağlanmışdır. Təəssüf ki, cavabeh bu müqavilə üzrə də borc öhdəliyini qəsdən icra etməkdən imtina edir. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5126 (beş min yüz iyirmi altı) manat 01 qəpik əsas borc, 49 (qırx doqquz) manat 31 qəpik faiz borcu, 2549 (iki min beş yüz qırx doqquz) manat 28 qəpik dəbbə borcu olmaqla, cəmi 7769 (yeddi min yeddi yüz altımış doqquz) manat 60 qəpik kredit borcunun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh1 nümayəndəsi və həm də Cavabdeh2 iddianı qismən qəbul edərək bildirdi ki, iddianı əsas borc və faiz hissəssində qəbul edir, lakin cərimə hissəsində qəbul etmir. Qeyd etdi ki, onlar təmin olunacaq məbləği hamısını ödəmək iqtidarında deyillər və göstərilənləri nəzrə almağı təmin olunacaq məbləğin hissə- hissə və ya əmək haqqı kartından hissə- hissə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı-nin nümayəndəsi X2, Cavabdeh2 dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 19.09.2019-cu il tarixli, 0097/22 saylı kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh1 5 il müddətinə, illik 1% ödəmək şərtilə, 5258 (beş min iki yüz əlli səkkiz ) manat 07 qəpik məbləğində kredit verilmişdir. İş materiallarında olan 15.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 19.09.2019-cu il tarixli, 0097/22 saylı kredit müqaviləsi üzrə BOKT-a 5126 (beş min yüz iyirmi altı) manat 01 qəpik əsas borc, 49 (qırx doqquz) manat 31 qəpik faiz borcu, 2549 (iki min beş yüz qırx doqquz) manat 28 qəpik dəbbə borcu olmaqla, cəmi 7769 (yeddi min yeddi yüz altımış doqquz) manat 60 qəpik kredit borcu vardır. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh1 5258 (beş min iki yüz əlli səkkiz ) manat 07 qəpik kredit verilmiş və aylar üzrə odəniş məbləğləri müəyyən edilmişdir. İş materiallarında olan 19.09.2019-cu il tarixli, 0097/22 saylı zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq, İddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış və zamin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin yerinə yetirilməsində borclu ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 19.08.2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinə görə 30 manat dövlət rüsumu ödənilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında İddiaçı-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci müqaviləsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada, 19.09.2019-cu il tarixli, 0097/22 saylı kredit müqaviləsinə əsasən, 5126.01 (beş min yüz iyirmi altı) manat 01 qəpik əsas borc, 49 (qırx doqquz) manat 31 qəpik faiz borcu, 249 (iki yüz qırx doqquz) manat 28 qəpik cərimə borcu, cəmi 5469 (beş min dörd yüz altmış doqquz) manat 60 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutulub tutularaq, İddiaçı-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada, 19.09.2019-cu il tarixli, 0097/22 saylı kredit müqaviləsinə əsasən, 5126.01 (beş min yüz iyirmi altı) manat 01 qəpik əsas borc, 49 (qırx doqquz) manat 31 qəpik faiz borcu, 249 (iki yüz qırx doqquz) manat 28 qəpik cərimə borcu, cəmi 5469 (beş min dörd yüz altmış doqquz) manat 60 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutulub İddiaçı-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar