Məhkəmə qərarları › İş №2(027)-1697/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1697/2020

17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1697/2020 17.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul, maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18.000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh hal-hazırda İsveçdə yaşayan dostu Damətin vasitəsilə tanış olmuşdur. Vüsal onun işsiz olduğunu bildikdən sonra ona iş qurmaq təklik edərək guya Kanadadan maşın gətirərək satacaqlaeını bildirmişdir. O, onunla razılaşdıqdan sonra avtomobilini 10.000 manata sataraq ilkin viza məsələlərinin həll edilməsi üçün Amerika səfirliyinin qarşısında əvvəlcə 6.000 manat, daha sonra Ayna Sultanova heykəlinin yaxınlığında isə 4.000 manat pul vermişdir. Daha sonra Vüsal ona əlavə yenə də iş qurmaq üçün pul lazım olduğunu deyərək bankdan pul götürməsini məsləhət görmüşdür. O, da Vüsalın sözlərinə inanaraq 2019-cu ilin iyun ayında Beynəlxalq bankdan 7000 manat götürüb Vüsala yenə Ayna Sultanovanın heykəlinin yaxınlığında onun idarə etdiyi avtomaşının içərsində ona vermişdir. Sonuncu 1000 manat pulu isə bu işlə Vüsala Yasamal rayonunun Caspian Plazanan qarşısında vermişdir. Lakin, sonradan bu işlərin uzandığını görüb onun danışıqlarından şübhələnmiş və Vüsalın kimliyini araşdırmağa başlamışdır. Ona məlum olmuşdur ki, Vüsalın idarə etdiyi avtomaşın icarədir və dediyi sözlərin hamısı həqiqətə uyğun deyildir. Bundan sonra o, Vüsaldan pulunun geri qaytarılmasını tələb etdikdə sonuncu müxtəlif bəhanələr gətirərək bugünə qədər nə sənədlərini nədə ki, pulunu geri qaytarmamışdır. Cavabdeh iş qurmaq adı ilə ondan 18.000 manat pul almış və qeyd olunan məbləğdə ona maddi ziyan vurmuşdur. Məhkmə iclasında X1 iddianı müdafiə edərək, təmin edilməsini xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli qərarlarından görünür ki, X3 ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nə verdiyi izahatında iddiaçıya 11.000 manat məbləğində pul borclu olduğunu etiraf etmişdir. İddiaçı cavabdehin ona 18.000 manat məbləğində pul borclu olduğunu iddia etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından birdir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 1091.1-1091.2-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-1092.2-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi Mülki Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya, əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə da şamil edilir. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Cavabdeh X1ndan 11.000 manat məbləğində pul alması iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi əsaslıdır və qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 11.000 manat məbləğində pul alınaraq X1na verilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq, iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar