Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1701/2020 23.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə məxsus Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha torpaq sahəsinin əldə edilməsinə görə ödənən 5.000 manatın və həmin torpaq sahəsində tərəflərindən tikilən fərdi yaşayış evinin dəyəri 250.000 manatın, ümumilikdə 255.000 manatın cavabdehlərdən müştərək qaydada alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, mülki iş üzrə Cavabdeh1 ilə aralarında bağlanan xx xxxxxx 2019-cu il tarixli müqavilə ilə sonuncunun Quba rayonu, Timiryazev kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsini almışlar. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları Azərbaycan Respublikası DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında RX № ******* saylı Çıxarışla qeydə alınmışdır. Torpaq sahəsi alınarkən torpaq yalnız hasara alınmış və həyətyanı sahə olduğundan demək olar ki, baxımsız vəziyyətdə olmuşdur. Torpağa dair alğı-satqı müqaviləsi bağlanan zaman digər Cavabdeh2 birgə nikah dövründə əldə edilən əmlakın satılmasına razılıq ərizəsi olmuşdur. Torpaq sahəsi İddiaçı2 mülkiyyətinə keçdikdən sonra o, bu torpaq sahəsində evin tikintisi üçün zəruri olan işə başlamış və bu torpaq sahəsində 2019-cu ilin sonunda ev yaşayış üçün qismən yararlı vəziyyətdə hazır olmuşdur. Bugünədək torpaq sahəsinin onlara satıldığını bütün kənd bilməsinə, torpaq sahəsində tikintinin məhz tərəflərindən aparılmasının məlum olmasına baxmayaraq bir dəfə də olsun onlara bu barədə pretenziya edilməmişdir. Lakin, ev yaşayışa qismən yararlı olduqdan sonra Cavabdeh2 dərhal Quba rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək torpaq sahəsinin birgə nikahda əldə edildiyini, bu səbəbdən də onunla digər Cavabdeh1 arasında bağlanan xx xxxxxx 2019-cu il tarixli AN-İ ******* nömrəli alğı- satqı müqaviləsinin etibarsız hesab edilməklə torpaq sahəsi üzərində hər iki cavabdehin ½ hissədə mülkiyyət hüquqları tanınması məhkəmədən xahiş edilmişdir. Quba rayon Məhkəməsinin 2(027)-189/2020 saylı qətnaməsi ilə iddia təmin olunmuş və torpaq sahəsinə görə bağlanan alğı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Həmin mülki iş üzrə onların tərəf olaraq cəlb edilməməyi yalnız torpaq sahəsinə qiymət verilməsi ilə nəticələnmiş, torpaq sahəsində tikilən evlə bağlı heç bir araşdırma aparılmamışdır. Nəticədə cavabdehlər torpaq sahəsində tikilən evə yiyələnmişlər. Həmin iddia hər iki cavabdeh tərəfindən əvvəlcədən düşünülmüş addımdır və bu yolla onların tərəfindən tikilən evə sahiblənmək istəyirlər. Bu səbəbdən də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə tərəfindən hər iki cavabdehin gələcəkdə ½ hissəsinin tanınması mümkün olduğundan bu mübahisəyə də mülki qanunvericiliyin ərlə arvadın birgə nikah dövründə əldə etdiyi əmlaka aid normalar tətbiq edilməlidir. Mülki qanunvericiliyin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ölkədə formalaşdırdığı hüquqi mövqedən də görünür ki. o, və İddiaçı2 vicdanlı alıcıdırlar və hüquqları isə qanunla qorunur. Lakin, Quba rayon Məhkəməsi xx xxxx 2020-ci il tarixli 2(027)-189/2020 saylı qətnaməsi ilə onların hüquqları pozulmuşdur. Nəticədə ona dəyən zərər də cavabdehlərdən tutulmamışdır. Nəticədə torpaq sahəsinin əldə edilməsinə görə 5.000 (beş min) manat, həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə görə isə 250.000 manat olmaqla ona 255.000 manat zərər dəymişdir. Məhkəmə tərəfindən torpaq sahəsi onlardan alınacağı təqdirdə bu pul zərər kimi qiymətləndirilməli və cavabdehlərdən tutularaq onlara ödənilməlidir. Lakin, cavabdehlər bunu etmək niyyətində deyillər. Bu isə onların arasında mübahisənin yaranmasına səbəb olur və məhkəmə qaydasında mübahisənin həllini zəruri edir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsini iddiaçılara satmış və iddiaçılar həmin torpaq sahəsində iki mərtəbəli ev inşa etmişlər. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçılar və digər cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, nümayəndəsini məhkəməyə göndərməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələbinə uyğun olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha torpaq sahəsinin əldə edilməsinə görə ödənən 5.000 manat və həmin torpaq sahəsində tərəflərindən tikilən fərdi yaşayış evinin dəyəri 250.000 manat olmaqla, ümumilikdə 255.000 manat məbləğində pulun alınaraq onlara verilməsini iddia etsələr də, həmin pulun onlara verilməsinə əsas olacaq heç bir sübut məhkəməyə təqdim etməmişlər. Belə ki, Cavabdeh1 mübahisə predmeti olan torpaq sahəsini iddiaçılara satdığını etiraf edir. Lakin, sübutetmə yükü baxımından iddiaçılar isə öz növbələrindən həmin torpaq sahəsinin və torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin onlara məxsus olması və ya cavabdehlər tərəfindən zəbt edilməsini sübut edəcək əsasları məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Buna baxmayaraq, iddaçılar cavabdehlərin konkret olaraq hansı torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsini və ya hansı torpaq sahəsinin onlara cavabdehlər tərəfindən satılmasını, torpaq sahəsi üzərində 250.000 manata ev inşa etmələrini iddia etmələrinə dair məhkəməyə heç bir sübut təqdim etməmişlər. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli Plenumunun qərarına əsasən, Mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.Hüquq sistemlərində “həqiqət” anlayışına fərqli yanaşmalar mövcuddur. Anqlo-sakson hüquq sisteminə xas olan formal həqiqət xalis çəkişmədir və sübutetmə prosesində məhkəmənin passivliyini nəzərdə tutur: məhkəmə, tərəflərin sübut kimi təqdim etdiklərini dəyərləndirməklə kifayətlənən, qərəzsiz arbitr rolunda çıxış edir. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini inkişaf etdirərək, ilk növbədə qeyd etməyi lazım bilir ki, mülki məhkəmə icraatında Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası ədalət mühakiməsinin əsas prinsipləri və şərtlərini müəyyən edən Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin “Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar”, həmin maddənin İV və Vİİ hissələrinin “Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir” və Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsinin “Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır” müddəaları ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Bununla yanaşı, mülki prosessual qanunvericilik işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün məhkəmənin göstərməli olduğu fəallığın bir sıra mühüm şərtlərini və hədlərini müəyyənləşdirmişdir. Bu prosessual hərəkətlərə: işdə iştirak edən şəxslərin iştirakı ilə iddianın məhkəməyə çıxarılması məsələsini müzakirə etmək; cavabdeh tərəfin iştirakı ilə iddia tələbinin mahiyyəti barəsində iddiaçıdan izahat almaq, cavabdeh tərəfindən edilə biləcək etirazları araşdırmaq, zəruri olan hallarda əlavə sübutların təqdim edilməsini təklif etmək, prosessual hüquq və vəzifələrini ona izah etmək; cavabdehi çağırmaq, iddiaçının iştirakı ilə ondan işin halları barədə izahat almaq, iddiaya qarşı nə kimi etirazlar olduğunu və həmin etirazların hansı sübutlarla təsdiq edilə biləcəyini aydınlaşdırmaq, xüsusi ilə mürəkkəb işlər üzrə işə dair yazılı sübutları müəyyən olunmuş müddətdə və surəti iddiaçıya verilməklə təqdim etməyi cavabdehə təklif etmək, ona prosessual hüquq və vəzifələrini izah etmək kimi mühüm hərəkətlər aiddir (Mülki Prosessual Məcəllənin 167-ci maddəsi). Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçılar tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiaları təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçılar tərəfindən ödənilən dövlət rüsumu onların özlərinə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiaları təmin edilməsin. İddiaçılar tərəfindən ödənilən dövlət rüsumu onların özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1701/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1701/2020
23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver