Məhkəmə qərarları › İş №2(027)-1707/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1707/2020

28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1707/2020 28.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla “xxxxxxxxxx” ASC ilə arasında bağlanmış xx.xx.2013-cü il tarixli, QUFŞ-3688 saylı zaminlik müqaviləsinə əsasən ödədiyi 740 manat və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 357-xx.xx.2014-GUB56 saylı zaminlik müqaviləsinə əsasən ödədiyi 1733,27 manat məbləğində pulun borclu – Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ona görə də, iddiaçı iddia tələbinin həcmini artırmaq ərizəsi ilə məhkəməyə müracət edərək, onunla “xxxxxxxxxx” ASC ilə arasında bağlanmış xx.xx.2013-cü il tarixli, QUFŞ-3688 saylı zaminlik müqaviləsinə əsasən ödədiyi 740 manat və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 357xx.xx.2014-GUB56 saylı zaminlik müqaviləsinə əsasən ödədiyi 1733,27 manat və “Kapital Bank” Quba filialı ilə bağlanmış zaminlik müqaviləsinə əsasən ödədiyi 756 manat olmaqla, ümumilikdə cəmi 3230,16 manat məbləğində pulun borclu – Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onun həmkəndlisi olmaqla yaxın tanışıdır. 2013-cü ildə Cavabdeh təcili pula ehtiyacı olduğunu və bunun üçün bankdan kredit almaq istədiyini bildirərək, ondan alacağı kredit üçün zamin durmağı xahiş etmişdir. Cavabdeh götürəcəyi krediti vaxtı-vaxtında banka özü ödəyəcəyini demişdir. O da, Cavabdeh tanıdığından, aralarında inam və etibar olduğundan onun üçün zaminlik etməyə razılaşmışdır. Cavabdeh xx.xx.2013-cü il tarixli, QUFŞ-3688 saylı kredit müqaviləsinə əsasən “xxxxxxxxxx” ASC-dən 3000 manat məbləğində kredit götürmüş, onunla “xxxxxxxxxx” ASC arasında xx.xx.2013-cü il tarixli QUFŞ-3688 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit götürdükdən sonra kredit müqaviləsinə əsasən hər ay ödəməli olduğu kredit borcunu ödəməmişdir. 2014-cü ildə cavabdeh ona bildirmişdir ki, “mən həmin borcu ödəməkdə müvəqqəri çətinlik çəkirəm, zamin kimi həmin borcun səndən tutulmasını istəmirəm. Bunun üçündə başqa bankdan kredit götürək, həmin borcu bağlamaq istəyirəm, sən yenədə mənim üçün zamin dayan, krediti mən özümü ödəyəcəyəm.” O da, ona inanmış və kreditin alınmasına razılıq vermişdir. Cavabdeh xx.xx.2014-cü il tarixdə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən 24 ay müddətinə 24% ilə 3500 manat kredit götürmüş və onunla bank arasında 357-xx.xx.2014-GUB56 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən onunla bank arasında 357-xx.xx.2014-GUB56 saylı saylı zaminlik müqaviləsi bağlanmışdır. Bundan sonra cavabdeh götürdüyü kredit məbləği ilə “xxxxxxxxxx” ASCyə olacağı borcu bağlayacağını bildirsə də, həmin kredit borcunu bağlamamış, bundan əlavə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə olan borcunuda ödəməmişdir. Bu səbəbdən də, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh və ondan 2946 manat əsas borc, 276 manat faiz borcu olmaqla cəmi 3222 manat məbləğində borcun və 20 manat dövlət rüsumunun onlardan tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə ödənilməsinə dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Quba rayon Məhkməsinin xx.xx.2015-ci il tarixli, 2(027)-1640/2015 saylı məhkəmə əmri ilə Cavabdeh və ondan 2946 manat əsas və 276 manat faiz borcu olmaqla, cəmi 3222 manat məbləğində borcun və 20 manat dövlət rüsumunun onlardan tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC xeyrinə ödənilməsi qərara alınmışdır. Cavabdeh xxxxxxxxxx” ASC-yə və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASCyə olan kredit borcunu ödəmədiyindən həmin kredit borclarının tutulması onun əvvəl maaş, sonra da pensiya kartlarına yönəldilmişdir. O, xxxxxxxxxx” ASC-yə cəmi 740,89 manat, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə cəmi 1733,27 manat məbləğində kredit borcunu ödəmişdir. Bundan başqa, cavabdeh Kapital Bank” Quba filialı ilə kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsi üzrə onunla da, zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə əsasən 756 manat Kapital Bank” Quba filialına ödəniş etmişdir. Cavabdehdən dəfələrlə ondan tutulan əsassız borcu tələb etsə də, cavabdeh həmin borcu verməkdən imtina etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Məhkməsinin xx.xx.2015-ci il tarixli, 2(027)- 1640/2015 saylı məhkəmə əmrin görünür ki, xx xxxxxx 1963-cü il tarixdə Quba rayonu, Cimi kəndində anadan olmuş, Quba rayonu, Cimi kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh və xx xxxxxxx 1953-cü il tarixdə Quba rayonu, Cimi kəndində anadan olmuş, Quba rayonu, Cimi kəndində qeydiyyatda olan və yaşayan İddiaçı 2946 manat əsas borc, 276 manat faiz borcu, cəmi 3222 (üç min iki yüz iyirmi iki) manat məbləğində kredit borcu və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu alınaraq ünvan 1 ünvanında yerləşən «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan “Kapital Bank”ın ödəniş kartı üzrə çıxarışından görünür ki, İddiaçı bankın xeyrinə 756 manat məbləğində pul tutulmuşdur. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, QUFŞ-3688 saylı zaminlik müqaviləsindən görünür ki , “xxxxxxxxxx” ASC-dən kredit götürmüş «Borclu» Cavabdeh bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti zamin İddiaçı öz üzərinə götürmüşdür. İş materiallarında olan Quba rayon Təhsil Şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Quba rayonu Cimi kənd tam orta məktəbində müəllim işləmiş Cavabdeh üçün zamin dayanmış İddiaçı banklar üçün 2474,16 manat məbləğində pul tutulmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 357-xx.xx.2014-GUB56 nömrəli kredit müqaviləsinə, “xxxxxxxxxx” ASC ilə xx.xx.2013-cü il tarixli, QUFŞ-3688 saylı kredit müqaviləsinə əsasən İddiaçı ilə zaminlik müqavilələri bağlanmışdır. Bundan başqa, Cavabdeh ilə “Kapital Bank” Quba filialı arasında bağlanmış 2014-cü il tarixli kredit müqaviləsinə əsasən də, zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh istisna olmaqla, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Lakin, cavabdeh kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və məhkəmə qərarı ilə cavabdehin icra etmədiyi öhdəlik nəticəsində yaranmış borc iddiaçının ilk öncə əmək haqqısına, daha sonra isə pensiyasına yönəldirilmişdir. İş materillarında olan hesabdan çıxarışlarla, Quba rayon Təhsil Şöbəsinin xx.xx.2020-ci il tarixli arayışı ilə iddiaçıdan banklar üzrə ümumilikdə cəmi 3229,27 manat məbləğində borcun tutulması tam olaraq sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Cavabdeh İddiaçı 3229,27 manat məbləğində borclu olması iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi əsaslıdır və qismən təmin edilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3229,27 manat məbləğində pul alınaraq, İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar