Məhkəmə qərarları › İş №2(027)-1717/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1717/2024

18.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1717/2024 18.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin 2(027)- 2212/2021 saylı, 27 dekabr 2021-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının dəyişdirilərək, 04 yanvar 2014-cü il təvəllüdlü X6 və 23 noyabr 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 300 (üç yüz) manat olmaqla, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində alimentin, ödədiyi 50 (əlli) manat mediasiya xərcinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 22 may 2013-cti il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 04 yanvar 2014-cü il təvəllüdlü X8 və 23 noyabr 2014-cü il təvəllüdlü X9 adlı uşaqları anadan olmuşdur. Cavabdeh birgə nikahdan doğulmuş övladlarıyla maraqlanmadığı və onlara baxmadığı üçün o aliment tələbinə dair məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-865/2015 nömrəli, 30 aprel 2015-ci il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş 04 yanvar 2014-cü il təvəllüdlü X6 və 23 noyabr 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh 01 aprel 2015-ci il tarixindən başlayaraq hər ay hər uşağa görə 108 ( yüz səkkiz) manat olmaqla cəmi 216 ( iki yüz on altı) manat alimentin alınaraq ona verilməsi qət edilmişdir. Həmçinin o nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Quba Rayon Məhkəməsinin 2(027)-867/2015 nömrəli, 21 may 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə aralarında bağlanmış nikah qeydinin pozulması, birgə nikahdan doğulmuş övladlarının onun yanında saxlanılması qət edilmişdir. Eyni zamanda Quba Rayon Məhkəməsinin 2(027)-2212/2021 saylı, 27 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)-865/2015 saylı qətnaməsi ilə təyin olunmuş aliment miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 170 ( yüz yetmiş ) manat olmaqla, iki uşağa görə, cəmi 340 (üç yüz qırx ) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Qeyd edir ki, uşaqları məktəblidir, ehtiyacları günü-gündən artır. Qızı Sevgi dəfələrlə böyrəklərindən əməliyyat olunub və hal-hazırda müayinə və müalicəsi davam edir. 3-cü dərəcəli hidronefroz diaqnozu qoyulub və genişlənməsi var. Bu əlavə xərcləri onun valideyinləri qarşılayır. Oğlu Həzrət də xəstədir. Ona autizim və autizmin əlamətləri dioqnozu qoyulmuşdur. Hazırda onu miitəmadi olaraq müayinə və müalicələrə aparır. Əlavə olaraq psixoloq seansına və «Viqas Med” psixoloji mərkəzdə gündəlik prosedurlara gedir. Bundan əlavə Bakı şəhərində də müalicə alır. Cavabdehin aylıq qət edilən 340 ( üç yüz qırx) manat alimentdən başqa heç bir nə maddi, nə də mənəvi dəstəyi yoxdur. Qət edilmiş aliment miqdarı ilə uşaqların saxlanılması çətin olduğu üçün o alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hazırda qət edilmiş aliment miqdarı ilə uşaqlara baxmaq çətindir. Onların təhsillə bağlı xərcləri də vardır. O təkbaşına bu xərcləri qarşılamaqda çətinlik çəkir. Onun kimi övladlarına baxmaq cavabdehin də vəzifəsidir. İlkin olaraq cavabdehlə aralarında olan mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün mediasiyaya müraciət etmişdir. Lakin heç bir razılığa gələ bilmədikləri üçün ona ilkin mediasiya sessiyasından sonra prosessin davam etdirilə bilməməsi barədə 06 iyun 2024-cü il tarixli, MSQ-MT-027/2024-00755 nömrəli arayış verilmişdir. Ona görə də alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia tələbinə etirazla məhkəməyə müraciət edərək, etirazında göstərmişdir ki, o, İddiaçı ona qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiasını qəbul etmir və həmin iddiaya qarşı aşağıdakı etirazlarını bildirir. Quba Rayon Məhkəməsinin 30 aprel 2015-ci il tarixli, 2(027)-865/2015 saylı qətnaməsinə əsasən məndən İddiaçı xeyrinə birgə nikahdan olan uşaqları 04 yanvar 2014-cü il təvəllüdlü X6 və 23 noyabr 2014-cü il təvəllüdlü X2 üçün hər ay hər uşağa görə 108 manat olmaqla, 2 uşağa görə hər ay cəmi 216 (iki yüz on altı) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Quba Rayon Məhkəməsinin 25 yanvar 2019-cu il tarixli, 2(027)-341/2019 saylı qətnaməsinə əsasən azyaşlı uşaqların müalicə xərclərinə görə ondan hər ay hər uşağa görə 50 manat olmaqla 2 uşağa görə hər ay cəmi 100 (yüz) manat əlavə sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Sonradan İddiaçı Quba Rayon Məhkəməsində ona qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia qaldırmış və Quba Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(027)- 2212/2021 saylı qətnaməsinə əsasən ondan hər ay hər uşağa görə 170 manat olmaqla, 2 uşağa görə hər ay cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Quba Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(027)-2212/2021 saylı və Quba Rayon Məhkəməsinin 25 yanvar 2019-cu il tarixli, 2(027)-341/2019 saylı qətnamələrinə əsasən o hal-hazırda İddiaçı hər ay cəmi 440 (dörd yüz qırx) manat aliment ödəyir. İddiaçı yenidən Quba Rayon Məhkəməsinə ona qarşı ayrı-ayrı icraatlarda həm alimentin miqdarının artırılması tələbinə dair, həm də ki, “valideynin uşağa görə əlavə iddiası üzrə ondan hər ay hər uşağa görə 300 manat olmaqla, 2 uşağa görə hər ay cəmi 600 (altı yüz) manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Qeyd edir ki, hal-hazırda o, Qusar şəhərində "xxxx" MMC-də çilingər vəzifəsində işləməklə ayda cəmi 345 manat əmək haqqı alır. Onun başqa heç bir qazanc yeri, daşınmaz əmlakı yoxdur. Quba Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(027)-2212/2021 saylı və Quba Rayon Məhkəməsinin 25 yanvar 2019-cu il tarixli, 2(027)-341 /2019 saylı qətnamələrinə əsasən ondan İddiaçı xeyrinə qət edilmiş cəmi 440 (dörd yüz qırx) manat alimenti ödəyə bilmir. Aliment borclarına görə hətta öz evinii də satıb aliment borcuna görə İddiaçı ödəmişdir. Maddi durumum çox ağırdır və ötən müddət ərzində maddi vəziyyətim yaxşılaşmamış, əksinə daha da pisləşmişdir. Ona görədə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin 30 aprel 2015-ci il tarixli, 2(027)-865/2015 saylı qətnaməsindən göründüyü kimi, birgə nikahdan doğulmuş 04 yanvar 2014-cü il təvəllüdlü X6 və 23 noyabr 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh 01 aprel 2015-ci il tarixindən başlayaraq hər ay hər uşağa görə 108 (yüz səkkiz) manat olmaqla cəmi 216 ( iki yüz on altı) manat alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Quba Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(027)-2212/2021 saylı qətnaməsindən göründüyü kimi, Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(027)-865/2015 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat olmaqla, iki uşağa görə 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ 235307 seriyalı “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Quba rayon məhkəməsinin qətanməsinə əsasən, Cavabdeh, İddiaçı arasında olan nikah ləğv edilmiş və nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il taridə 30 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİİ 731580 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X3 şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİİ 731579 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X4 şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Quba Rayon Məhkəməsinin 30 aprel 2015-ci il tarixli, 2(027)-865/2015 saylı qətnaməsi əsasında yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşağa görə108 (yüz səkkiz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Sonradan Quba Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(027)-2212/2021 saylı qətnaməsinə əsasən, Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(027)-865/2015 saylı qətnaməsi ilə təyin olunmuş aliment miqdarı dəyişdirilərək, uşaqların yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 170 (yüz yetmiş) manat olmaqla, iki uşağa görə 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı uşağların gündəlik tələbatının artmasını, uşaqların hər ikisinin sağlamlığında ciddi problemlərin olduğunu əsas götürərək, aliment məbləğinin artırılaraq hər ay uşağların saxlanılması üçün 300 (üç yüz) manat alimentin, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsinə dair iddia tələbi irəli sürmüşdür. Azərbaycan Respublikası Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı uşaqların aylıq xərcinin 300 manat olduğunu bildirsə də, məhkəməyə buna dair hər hansı sübut təqdim edə bilməmişdir. Bu halda, məhkəmə müvafiq məhkəmə qətnaməsi əsasında təyin edilmiş alimentin məbləğini hazırki halqa qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumu məbləği ilə müqayisə edərək, həmin dövrdən indiyədək uzun bir müddət keçməsini, bu halın isə uşağların zəruri xərclərinin artmasına təsirinin real olmasının, habelə qeyd edilən məbləğ arasında olan fərqin uşağların mənafeyinə əhəmiyyətli dərəcədə təsir etdiyini nəzərə alaraq, habelə hər bir halda, uşaqların üstün mənafeyini, onların daimi artan gündəlik xərclərinin, təhsil, sağlamlıq və digər hüquqlarının təmin edilməsinin zəruriliyini əsas götürərək, hesab edir ki, hazırki mülki iş üzrə uşağların saxlanılması üçün təyin edilmiş alimentin məbləği artırılmalıdır. Məhkəmə iddiaçının müntəzəm xarakterli əmək haqqına malik olmasını və uşaqların maddi tələbatlarını qarşılamaq öhdəliklərinin valideynlərin hər ikisinə aid olmasını nəzərə alaraq, alimentin hər uşağa görə 190 manat məbləğində müəyyən edilməsini mümkün hesab edir. Beləliklə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İddiaçı həmçinin mediasiya prosesi zamanı 50 (əlli) manat məbləğində xidmət haqqının iddiaçıdan tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia üçün ödənilməli rüsum mediasiya rüsumu ilə əhatə olunduğundan, Cavabdeh dövlət rüsumu tutulmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(027)-2212/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün qətnamə qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 190 (yüz doxsan) manat, iki uşağa görə cəmi 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İlkin mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat xidmət haqqı Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar