Məhkəmə qərarları › İş №2(027)-1731/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1731/2020

30.09.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1731/2020 30.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Dadaşov Mahir Nöhbala oğlunun iştirakı ilə İddiaçı cavabdeh Dadaşov Mahir Nöhbala oğluna qarşı “maneələrin aradan qaldırılması tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Quba, şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 108 saylı yaşayış evinə bitişik qonşu-cavabdeh Dadaşov Mahir Nöhbala oğlu tərəfindən yaşayış evinin divarının xaricdən suvaqlanmasma və bünövrəsində möhkəmləndirici tədbirlərin aparılmasına yaratdığı maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Dadaşov Mahir Nöhbala oğlu onun qonşusudur. Cavabdeh məxsus fərdi yaşayış evi onun fərdi yaşayış evinə bitişik olmaqla evinin cənub-qərbində yerləşir. Cavabdehə məxsus yaşayış evi sökülərək yararsız vəziyyətə düşmüşdür. Bu səbəbdən də evinin Mahirə məxsus yaşayış evinə bitişik olan divarı xaricdən suvaqsız olduğu üçün yağıntılar zamanı islanır. Nəticədə divarın aşınmasına, su çəkərək daxili divarların da suvağının bəzi hissələrinin şişməsinə səbəb olmuşdur. Eyni zamanda sökülmüş binanın bünövrə hissəsi həyətyanı sahənin səviyyəsindən aşağı səviyyədə olduğu üçün yağıntı suları ona məxsus yaşayış evinin bünövrəsinə təsir göstərdiyi üçün daşıyıcı divarlarda çatların əmələ gəlməsinə səbəb olmuşdur. Bu səbəbdən də o, dəfələrlə qonşusu M.Dadaşova yaşayış evinin onun həyətinə düşən divarının suvaqlanması və bünövrə hissəsində möhkəmləndirici tədbirlərin görülməsi üçün icazə verməsini xahiş etmiş, lakin Mahir təmir işlərinin aparılmasına razılıq verməmişdir. Bu səbəbdən də evinin divarları və bünövrəsi yağış və qar sularından nəm çəkərək yararsız vəziyyətə düşmüşdür. Bu fakt Quba RİHB-nın aparatının Memarlıq və Tikinti şöbəsinin, Quba şəhər İƏD üzrə nümayəndəliyinin və Mənzil istismar sahəsinin nümayəndələri tərəfindən baxış keçirilərək tərtib olunmuş akt ilə də öz təsdiqini tapır. Məhkəmə qətnaməsinə əsasən cavabdeh tərəfindən onun evinin divarının xaricdən suvaqlanmasına və bünövrəsində möhkəmləndirici tədbirlərin aparılmasına yaratdığı maneələr aradan qaldırılmalıdır. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək, bildirdi ki, cavabdeh suvaq işini görə ustanı və övladı döyərək maneələr törətmişdir. Məhkəmədə cavabdehDadaşov Mahir Nöhbala oğlu iddanı qəbul etməyərək göstərdi ki, o, ustanı və iddiaçının övladını döyməmiş, iddiaçı barının üstündə barı inşa etdiyi üçün nöqsanlar əmələ gəlmişdir ki, bu da onun evinin üstü üçün maneə yaradır. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1ünvanında yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X2 hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ******* nömrəli Çıxarışdan görünür ki, Quba, şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 108 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Quba RİHB-nın aparatının Memarlıq və Tikinti şöbəsinin, Quba şəhər İƏD üzrə nümayəndəliyinin və Mənzil istismar sahəsinin nümayəndələri tərəfindən baxış keçirilərək tərtib olunmuş aktdan görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinə bitişik tikilmiş qonşusu Mahir adlı şəxsə məxsus fərdi yaşayış evi sökülmüş, nəticədə İddiaçı məxsus evin divarı xaricdən suvaqsız olduğu üçün yağıntılar zamanı divarın aşınmasına, su çəkərək daxili divarların da suvağının bəzi hissələrinin şişməsinə səbəb olmuşdur. Eyni zamanda sökülmüş binanın bünövrə hissəsi həyətyanı sahənin səviyyəsindən aşağı səviyyədə olduğu üçün yağıntı suları ona məxsus yaşayış evinin bünövrəsinə təsir göstərdiyi üçün daşıyıcı divarlarda çatların əmələ gəlməsinə səbəb olmuşdur. Yoxlama aparılarkən hər iki qonşu ilə söhbət aparılmış və yaranmış vəziyyətin aradan qaldırılması üçün İddiaçı məxsus yaşayış evinin divarının suvaqlanması və bünövrə hissəsində möhkəmləndirici tədbirlərin görülməsi üçün qonşusu Mahirin razılıq vermədiyi müəyyən edilmişdir. Ona görə məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmzadır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 170.1-170.4-cü maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı məxsus Quba, şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 108 saylı fərdi yaşayış evi qonşusu, yəni cavabdeh Dadaşov Mahir Nöhbala oğluna məxsus evlə bitişik inşa edildiyi üçün yağıntılar nəticəsində iddiaçıya məxsus evin cavabdehin evinə bitişik olan divarı yararsız vəziyyətə düşmüşdür. Hazırda iddiaçı yaşayış evinin cavabdehin həyətinə düşən hissədə suvaqlama və möhkəmləndirici tədbirlərin görülməsini istəyir, lakin cavabdeh ona razılıq vermədiyi üçün məhkəmədən cavabdeh tərəfindən yaradılan maneələrin qaldırılmasını tələb edir. İş materiallarında olan fotoşəkillərdən və aktdan göründüyü kimi, tərəflərə məxsus yaşayış evləri bitişikdir və həqiqətəndə evin divarı yararsız vəziyyətdədir. Odur ki, yaxın gələcəkdə fövqaladə halların qarşısını almaq məqsədilə İddiaçı məxsus yaşayış evinin divarının suvaqlanması və bünövrə hissəsində möhkəmləndirici tədbirlərin görülməsi şərtdir. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək və tərəfləri dinləyərək, belə nəticəyə gəlir ki, İddiaçı məxsus Quba, şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 108 saylı yaşayış evinə bitişik qonşu-Dadaşov Mahir Nöhbala oğlu tərəfindən yaşayış evinin divarının xaricdən suvaqlanmasma və bünövrəsində möhkəmləndirici tədbirlərin aparılmasına yaratdığı maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. İddiaçı məxsus Quba, şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 108 saylı yaşayış evinə bitişik qonşu- Dadaşov Mahir Nöhbala oğlu tərəfindən yaşayış evinin divarının xaricdən suvaqlanmasma və bünövrəsində möhkəmləndirici tədbirlərin aparılmasına yaratdığı maneələr aradan qaldırılsın. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar