Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1735/2020 11.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh2iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu, Amsar kəndi ərazisində yerləşən ona məxsus 0.69 ha torpaq sahəsində Cavabdeh1 və Cavabdeh2 tərəfindən kəsilərək alınmış 20-25 illik 13 ədəd çinar ağaclarının qiyməti olan 780 manat, dövlət rüsumu üçün olan 30 manat, hüquqi yardım üçün olan 50 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayonu, Amsar kənd sakini İddiaçı1 məxsus Quba rayonu, Amsar kənd ərazisində 0.69 ha torpaq sahəsi vardır. 2 ildir ki, orada meyvə bağı salınmışdır. xx xxxxxx 2020-ci il tarixdə özünü Quba rayon sakinləri kimi təqdim edən Cavabdeh2 və Cavabdeh1 dəmir torla hasarlanmış pay torpaq sahəsinin üç tərəfində olan 25 illik çinar ağaclarını almaq üçün qardaşı İddiaçı2 müraciət etmişlər. Qardaşı ona bu barədə bildirdikdə o, razılaşmış və hər ağacın qiymətinin 60 manat olduğunu bildirmişdir. Cavabdeh2 və Cavabdeh1 razılaşaraq səhəri gün 2 nəfər köməkçi ilə gəlib 13 ədəd çinar ağacını kəsib, Qaz-53 markalı çömçəli traktor və Kamaz markalı yük avtomaşınları ilə yükləyib aparmışlar. Bu zaman onlardan 780 manat pulu tələb etdikdə Cavabdeh2 ağacları təhvil verdikdən sonra səhəri gün yaxud bir gün sonra pulu verəcəklərini vəd etmişdir. Lakin iki gün gözlədikdən sonra onlarla telefon vasitəsi ilə əlaqə yaratmaq istədikdə əlaqə yaratmaq mümkün olmamışdır. Cavabdeh ağacları ondan alıb Xaçmaz rayonu, Hacıəlibəy kənd sakini X1 üçün verib. Bundan sonra Xaçmaz rayonu, Hacıəlibəy kəndində yerləşən Natiq adlı şəxsin taxta emalı sexinə getdikdə Cavabdeh1 və Cavabdeh2 ağacları 1450 manata razılaşdıqlarını və Natiqin onlara 1000 manat borclu qaldığını söyləmişdir. O, Cavabdeh1 və Cavabdeh2 zəng edib pulu istədikdə onlar 2-5 günə verəcəklərini bildirərək, yalan deməyə başlamışlar. O, İddiaçı1 bu haqda sahə inspektoru Adıgözəl müraciət etsə də bu heç bir nəticə verməmiş, onlar onun pulunu qaytarmadığı üçün şikayətləri davam etdiyindən onlar barəsində Quba rayon RPŞ-də cinayət işi başlanmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, qardaşı İddiaçı2 cabadeh Cavabdeh1 və Cavabdeh2 ilə bağında olan 13 ədəd çinarın hər biri 60 manat olmaqla, kəsib almağa şifahi olaraq razılaşmışdır. Bununla da Cavabdeh1 və Cavabdeh2 əməlində cinayət tərkibi olmadığı qəbul edilmişdir. O, cavabdelərlə onlara vurduqları ziyana görə sözü gedən məbləği könüllü qaydada ödəməsi barədə razılıq əldə etməyə çalışsa da, heç bir nəticə əldə etməmişdir. Buna görə də o, Cavabdeh1 və X2 ona ödəməli olduğu 780 manat məbləğində pulu ödəmələri məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, bildirdi ki, o heç kimə pul borclu deyil. Məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh1məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, İddiaçı1 və X3 Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 04 saylı qərarına əsasən 0,69 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Quba RPŞ-nin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh1 və Cavabdeh2 əməlində cinayət tərkibi olmadığından onların barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. Sübuetmə yükü baxımından iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara 780 manat məbləğində borclu olmasını sübut etməlidir. İddiaçılar cavabdehlərin ona 780 manat borclu olduqlarını göstərsələr də, istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Yəni iddiaçı cavabdehin ona borclu olması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. İddiaçılar onlara məxsus torpağ sahəsindən cavabdehlərin ağac kəsdiyinin qeyd etsələr də, onlara məxsus hansı torpaq sahəsindən ağacların kəsildiyi ilə bağlı məhkəməyə sübut təqdim etməmişlər. Həmçinin kəsildiyi iddia edilən ağacların iddiaçılara məxsus olması ilə bağlı iş materillarında sübut yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Sadalanan maddi hüquq normalarına görə hazırkı iş üzrə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Sübutetmə yükü baxımından iddiaçı cavabdeh tərəfindən yol verilmiş təqsirli hərəkət nəticəsində ona maddi ziyan dəydiyini sübut etməlidirlər Lakin məhkəmə iclasında iddiaçılar tərəfindən cavabdehlərin iddiaçılara 780 manat pul borclu olmasını, yəni iddiaçılara cavabdehlərin maddi ziyan vurmasını təsdiq edən sübut təqdim edilmədi. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçılar tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də, onun iddia tələbi təmin edilə bilməz. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə dövlət rüsumu və digər məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə dövlət rüsumu və digər məhkəmə xərcləri iddiaçılaraya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1735/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1735/2020
11.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver