Məhkəmə qərarları › İş №2(027)-1751/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1751/2022

28.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1751/2022 28.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 iştirakları ilə İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" ASC məhkəməyə iddia ərizəsilə müraciət edərək, cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada 1448 ( min dörd yüz qırx səkkiz) ABŞ dolları 79 sent əsas borc, 382 (üç yüz səksən iki ) ABŞ dolları 88 sent faiz borcu, 167 (bir yüz altımış yeddi) ABŞ dolları 93 sent, cəmi 1999 (bir min doxsan doqquz) ABŞ dolları 60 sent məbləğində borcun və dövlət rüsumu üçün ödənilmiş 20 (iyirmi) manat məbləğdə pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmasına dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Cavabdeh Zamin2 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 noyabr 2016-cı il tarixli, 2(027)-6803/2016 saylı əmrinin ləğv edilməsini, mülki iş üzrə iddia icraatına keçirilməsini xahiş etmişdi. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1751/2022 saylı qərardadı ilə Zamin2 Quba Rayon Məhkəməsinin 2(027)-6803/2016 saylı, 23 noyabr 2016-cı il tarixli məhkəmə əmrinə verdiyi etirazı təmin edilərək, işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 ərizə ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə tələb hüququ xx.xx.2021-ci il tarixli 02/21UB saylı müqavilə əsasında "xxxx" ASC-dən "xxxx" MMC-nə keçdiyi üçün, iddiaçı "xxxx" ASC-ni əsl iddiaçı "xxxx" MMC ilə əvəz olunmasını xahiş edib. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, mülki işə iştirakları olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edib. Eyni zamanda İddiaçı "xxxx" MMC tərəfindən elektron kabinet vasitəsilə məhkəməyə təqdim olunmuş etiraza dair dəlil və bank hesabından çıxarışa əsasən cavbdehin banka 720 (yeddi yüz iyirmi) ABŞ dolları borcu olduğu qeyd olunmuşdur. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə borclu Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 20 ay müddətinə illik 31 % ödəmək şərti ilə 2500 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin borcalan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur.Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Zamin1 və Zamin2 ilə iddiaçı arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zaminlər kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərlərinə götürmüşdür. Lakin borclular kredit müqaviləsi və zaminlik müqaviləsi ilə üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Nəticədə borclunun 14 noyabr 2016-cı il tarixinə kredit müqaviləsi üzrə Kreditor "xxxx" KB ASC-yə 1448,79 ABŞ dolları əsas, 382,88 ABŞ dolları faiz, 167,93 ABŞ dolları cərimə, cəmi 1999,60 ABŞ dolları borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gələrək, cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada 1448 ( min dörd yüz qırx səkkiz) ABŞ dolları 79 sent əsas borc, 382 (üç yüz səksən iki ) ABŞ dolları 88 sent faiz borcu, 167 (bir yüz altımış yeddi) ABŞ dolları 93 sent, cəmi 1999 (bir min doxsan doqquz) ABŞ dolları 60 sent məbləğində borcun və dövlət rüsumu üçün ödənilmiş 20 (iyirmi) manat məbləğdə pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmasına dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin borclunun etirazına dair məhkəməyə ünvanlanmış elekron kabinet təqdim olunmuş ərizəsinə əsasən, cavabdeh Zamin2 Quba rayon məhkəməsinin 23 noyabr 2016 tarixli əmrinə dair verdiyi etiraza dair dəlilləri təqdim edərək, bildirir ki, cavabdeh əmrlə razı olmayaraq, ekspertiza təyin edilməsini xahiş edib. Bunu onunla əsaslandırır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ARPrezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı üzrə ona kompensasiya hesabına silinmə olmalıdır.Cavabdeh borc üzrə son ödənişini 19 sentyabr 2016-cı il tarixində etmişdir. Bundan sonra borc məbləği 19 aprel 2019-cu il tarixində "xxxx" ASC tərəfindən yuxarıda qeyd edilən Fərmana uyğun olaraq kompensasiya üzrə 661,54 ABŞ dolları (altı yüz altmış bir dollar 54 sent) məbləğində azaldılmışdır.Daha sonra borc üzrə 799,01 ABŞ dolları (yeddi doxsan doqquz dollar 01 sent) qalıq məbləği 22 noyabr 2021 il tarixli 02/21 UB nömrəli müqavilə ilə İddiaçı MMC-yə satılmışdır. Bundan sonra isə borcludan icra icraatı qaydasında daha 79,01 ABŞ dolları (yetmiş doqquz dollar 01 sent) tutularaq, 28 iyul 2022 il tarixində tələbkar İddiaçı MMC-yə köçürülmüşdür. Hazırda cavabdehin (borclunun) borc qalığı 720 (yeddi yüz iyirmi) ABŞ dolları təşkil edir. Göründüyü kimi buna əsas qalmadığına görə, məhkəmə-mühasibatlıq ekspertizası keçirməyə zərurət aradan qalxmışdır. Belə olan təqdirdə ekspertiza prosesin süni olaraq uzanmasına, habelə əlavə xərclərin yaranmasına səbəb olacaqdır. Məhkəmədə Cavabdeh iddianı əsas hissədə qəbul edərək bildirdi ki, o krediti "xxxx" ASC-dən götürüb, onda dolların məzənnəsi 1.05 manat olub, hal-hazırda faiz çoxdur. Onun İddiaçı MMC-nə borcu yoxdur. Krediti 1.05 manat məzənnəsilə qaytaracağını qeyd edərək, həmin məzənnədən yuxarı hesablanmış faizlərin silinməsini məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh Zamin2 bildirdi ki, o iddianı qəbul etmir, üç aydır onun pensiyasından tutulur, onun "xxxx" ASC -nə kredit borcu var, həmin krediti ödəyir. O bu işdə zamin dayanıb. Şəkər xəstəsidi. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh Zamin1 iddianı qəbul etmədiyini, bu işdə zamin dayandığını bildirərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi Məhkəmə cavabdehləri dinləyib,mülki iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, ərizəyə əlavə olunmuş 12 noyabr 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh 20 ay müddətinə illik 31% ödəmək şərti ilə 2500 ABŞ dolları məbləğində kredit verilmiş, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüş, zaminlər Zamin1 və X2 ilə "xxxx" KB ASC qarşısında borclu Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdürlər. İş materiallarında olan 14 noyabr 2016-cı il tarixli arayışdan görünür ki, Cavabdeh "xxxx" KB ASC-yə 1448,79 ABŞ dolları əsas, 382,88 ABŞ dolları faiz, 167,93 ABŞ dolları cərimə olmaqla, cəmi 1999,60 ABŞ dolları məbləğində borcu olduğu göstərilmişdir. İş materiallarında olan 10 noyabr 2016-cı il tarixli ödəniş tapşırığından görünür ki, işlə bağlı "xxxx" KB ASC tərəfindən məhkəmə əmri haqqında ərizənin verilməsi üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçı "xxxx" MMC-nin borclunun etirazına dair məhkəməyə ünvanlanmış elekron sistemdən çıxarılmış ərizədə cavabdehin (borclunun) 720 (yeddi yüz iyirmi) ABŞ dolları ödənilmədiyi borcu qaldığı göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərərə və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələrinə görə kreditorun qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MM-nin 741 və 742.1-ci maddələrinə əsasən əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 428.4 və 743-cü maddələrinə əsasən əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2, müştərək qaydada, 720 (yeddi yüz iyirmi) ABŞ dolları ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 20 (iyirmi) manat məbləğdə pul vəsaitinin tutulub iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2, müştərək qaydada, 720 (yeddi yüz iyirmi) ABŞ dolları, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 20 (iyirmi) manat məbləğdə pul vəsaiti tutulub iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar