Məhkəmə qərarları › İş №2(027)-178/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-178/2024

25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-178/2024 25.01.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə Quba Bakcell MX ofisində Galaxy A03 core 2/32 markalı mobil telefonun kredit satış müqaviləsi üzrə borclu olduğu 360 (üç yüz altmış) manat əsas, 72 (yetmiş iki) manat cərimə borcu olmaqla ümumilikdə 432 (dörd yüz otuz iki) manat borcun, hüquqi yardım ilə əlaqədar köçürülmüş 160 manat pul vəsaitinin və 31 manat dövlət rüsumunun Cavabdehdan alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə Quba Bakcell MX ofisində İddiaçı ilə bağladığı kredit satış müqaviləsinə əsasən Galaxy A03 core 2/32 markalı mobil telefon cihazını almışdır. Hazırda həmin telefonu almasına görə cavabdehin 360 ( üç yüz altmış) manat əsas, 72 (yetmiş iki) manat cərimə borcu olmaqla ümumilikdə xx.xx.2023-cü il tarixə 432 (dörd yüz otuz iki) manat borcu yaranmışdır. Cavabdeh kredit müqaviləsi üzrə heç bir ödəniş etməmişdir. Cavabdehə borcun ödənilməsi üçün göndərilmiş xəbərdarlıq məktubunda 10 (on) gün ərzində ödənilmədiyi təqdirdə borcun məcburi qaydada alınması üçün məhkəməyə müraciət ediləcəyi və iddia verilməsi ilə əlaqədar çəkilən xərclərin də (dövlət rüsumu, hüquqi yardıma görə Vəkil Bürosuna ödənilən vəsait) ondan tutulacağı bildirilmişdir. Cavabdeh xəbərdarlıq məktubunu xx.xx.2023-cü il tarixdə almasına baxmayaraq, kredit satışı üzrə müqavilə öhdəliyini yerinə yetirməmiş, borclu olduğu pulu ödəməmişdir. Halbuki, cavabdeh xx.xx.2022-ci il tarixdə Quba Bakcell MX ofisində bağlanmış kredit satış müqaviləsinə əsasən aldığı telefonun dəyərini 12 ay müddətinə-xx.xx.2023-cü il tarixədək ödəməyə dair öhdəlik götürmüşdür. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə Quba Bakcell MX ofisində İddiaçı ilə bağladığı kredit satış müqaviləsinə əsasən Galaxy A03 core 2/32 markalı mobil telefon cihazını almışdır. İş materiallarında olan Cavabdeh müqavilə üzrə öhdəlikləri gecikdirməsi barədə xəbərdarlıq edilmiş, öhdəliyi yerinə yetirmədiyi təqdirdə aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. İş materiallarından görünür ki, iddiaçı məhkəmədə hüquqlarının müdafiəsi ilə bağlı 160 manat və iddia ərizəsinin verilməsinə görə isə 31 manat məbləğində pul ödəmişdir. Cavabdeh tərəf iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, Əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 437.1-437.2-ci maddəsinə əsasən Əgər müqavilənin predmeti fərdi-müəyyən əşyadırsa, kreditor başqa əşyanı, onun dəyəri daha yüksək olsa da, qəbul etməyə borclu deyildir. Əgər borclu fərdi-müəyyən əşyanı verməyə borcludursa, o, orta tipli və keyfiyyətli eyni əşyanı verməlidir. Əgər borclu həmin əşyanın verilməsi üçün zəruri olan özündən asılı hər şeyi etmişdirsə, borc öhdəliyi bu əşya ilə məhdudlaşır. Müəyyən edilmişdir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun iddiaçı qarşısında borcu yaranmışdır. Məhkəmə Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiyindən xx.xx.2022-ci il tarixli müqavilə üzrə 360 manat ödənilməmiş hissə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cərimənin məbləği yüksək həddə hesablandığından onun azaldılması tərəflərin mənafeyinə uyğundur və məhkəmə borcluya hesablanmış cəriməni xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 7 manat məbləğində müəyyən edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmçinin, iddiaçının məhkəmədə hüquqlarının müdafiəsi üçün ödədiyi 160 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İddiaçı tərəfindən ödənilmiş 31 manat dövlət rüsumu Azərbaycan Respublikası MPMnin 119.1-ci maddəsinə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli müqavilə üzrə 360 manat əsas, 07 manat cərimə və 31 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən hüquqi yardım ilə bağlı ödədiyi 160 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar