Məhkəmə qərarları › İş №2(027)-1793/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1793/2021

22.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1793/2021 22.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X6 qızının katibliyi, İddaçı İddiaçı və cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X2 onun xeyrinə 5.530 (beş min beş yüz otuz) manat məbləğində maddi zərərin, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun və 200 manat hüquqi xidmətə görə, cəmi - 5.760 (beş min yeddi yüz altmış) manat məbləğində pul tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, "Nissan Navara" minik markalı, "Pikap" tipli, 2011-ci il buraxılışı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisidir. Həmin avtomobili idarə etmək səlahiyyəti olan atası X4 07 iyun 2021-ci il tarixdə gündüz saat 13.00 radələrində Quba - Qonaqkənd yolunun 1-ci Nügədi kəndi ərzisində hərəkət edərkən cavabdeh Əlşanov Əlcan idarə etdiyi "VAZ-2106" minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hərəkəti qaydalarını pozaraq əks istiqamətli hərəkət zolağına çıxmış və atası idarəetməni itirərək qəza törətmişdir. Qəza nəticəsində onun mülkiyyətində olan avtomobil aşmış və ona xeyli miqdarda maddi ziyan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi Quba rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşları tərəfindən araşdırılmış və yol-nəqliyyat hadisəsi nəticəsində onun mülkiyyətində olan "Nissan Navara" minik markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 10.530 (on min beş yüz otuz) manat məbləğində zərər dəymişdir. Lakin, yolnəqliyyat hadisəsini törətmiş “VAZ- 2106" minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyətinin icbari sığortaçısı "xxxx" ASC tərəfindən ona cəmi 5.000 (beş min) manat məbləğində sığorta ödənişi verilmişdir, yəni zərərin əvəzi ona tam olaraq ödənilməmişdir. Cavabdeh Əlşanov Əlcan isə ona vurulmuş maddi zərəri könüllü surətdə ödəməkdən boyun qaçırır, ona görə də qanunla qorunan hüquq və maraqlarının müdafiəsi və ona vurulmuş maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh X7 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ziyan aktından görünür ki, "Nissan Navara" minik markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yol-nəqliyyat hadisəsi zamanı ümumilikdə 10.530 manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdir. İş materiallarından görünür ki, "Nissan Navara" minik markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətindədir. İş materiallarında olan 24.06.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı hesabına 5.000 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan İnzibati Xəta haqqında İXP ******* saylı protokolun surətindən gğrünür ki, X7 İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətmişdir. İş materiallarında olan etibarnamədən görünür ki, İddiaçı mülkiyyətində olan "Nissan Navara" minik markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobili X4 etibarnamə əsasında idarə edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının atası X4 etibarnamə əsasında idarə etdiyi “Nissan Navara" minik markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobillə 07 iyun 2021-ci il tarixdə saat 13:00 radələrində Quba - Qonaqkənd yolunun 1-ci Nügədi kəndi ərzisində hərəkətdə olmuşdur. Bu zaman cavabdeh Əlşanov Əlcan idarə etdiyi "VAZ-2106" minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hərəkəti qaydalarını pozaraq əks istiqamətli hərəkət zolağına çıxmış və İddiaçı atası X1 idarə etdiyi avtomobil aşmışdır. Nəticədə iddiaçının mülkiyyətində olan "Nissan Navara" minik markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 10.530 (on min beş yüz otuz) manat məbləğində zərər dəymişdir. "xxxx" ASC tərəfindən İddiaçı hesabına 5.000 manat məbləğində pul ödənilmiş lakin, 5.530 manat məbləğində dəymiş ziyan cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. İddianın hüquqi əsası ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 1108.1-1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Sadalanan maddi hüquq normalarına görə hazırkı iş üzrə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi məhkəmə araşdırması zamanı zərərin mövcud olması öz təsdiqini tapmış, zərərin məhz cavabdehin qanunsuz hərkəti nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət arasında səbəbli əlaqənin olması və zərər vuran cavabdeh X3 təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edilənərə əsasən hesab edir ki, cavabdeh X2 İddiaçı mülkiyyətində olan "Nissan Navara" minik markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobilinə vurulmuş zərərin əvəzi olaraq 5.530 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Bundan başqa, iddiaçı hüquqi xidmətə görə 200 manat məbləğində pul ödədiyini qeyd etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də, iddia həmin hissədə təmin edilməməlidir. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X2 İddiaçı mülkiyyətində olan “"Nissan Navara" minik markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobilinə vurulmuş zərərin əvəzi olaraq 5.530 manat məbləğində pul alınaraq iddiaçıya verilsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh X2 tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar