Məhkəmə qərarları › İş №2(027)-1798/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1798/2021

21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1798/2021 21.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 18 mart 2020-ci il tarixli 177-EMB-0445-20 saylı kredit müqaviləsinin ləğv edilməsi və Cavabdeh əsas borcu 1336,00 (bir min üç yüz otuz altı manat 00 qəpik) manat, həmçinin iddia ərizəsinə görə ödənilmiş 30.40 (otuz manat 40 qəpik) manat dövlət rüsumunun, ümumilikdə 1366,40 (bir min üç yüz altmış altı manat, qırx qəpik) manat borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 18 ay müddətinə 1336.00 (bir min üç yüz otuz altı manat 00 qəpik) manat məbləğində kredit verilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı «Embafinans” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 18 mart 2020-ci il tarixli, 177-EMB-0445-20 saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin 2.1.1-ci bəndinə əsasən “Borcalan” Müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Kredit Müqaviləsinin 2.4.5-ci bəndinə əsasən kredit məbləğinin qaytarılması Müqaviləyə uyğun olaraq aparılmadıqda və ya ödənilmədikdə “Borcalan” özünün şəxsi əmlakı hesabına borcun ödənilməsini təmin etməlidir. Hal-hazırda Kredit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 01.07.2021-ci il tarixə əsas borcu 1336.00 AZN (bir min üç yüz otuz altı manat 00 qəpik), faiz borcu 0 00 AZN (sıfır manat 00 qəpik), cərimə borcu 0.00 AZN (sıfır manat 00 qəpik) ümumi borcu 1336.00 AZN (bir min üç yüz otuz altı manat 00 qəpik) təşkil edir ki, bu borcunda cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə 02 iyul 2020-ci il tarixli, 8988/20 saylı pretenziya (xəbərdarlıq) məktubu da göndərilmişdir. Göründüyü kimi cavadeh müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətini müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin nümayəndəsi X1 məhkəməyə teleqram göndərərək, həmin teleqramda iddia tələbini müdafiə etdiyini, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş və sözügedən mülki işə mahiyyəti üzrə məhkəmədə baxılıb, qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. -Belə ki, iş materiallarında olan 18.03.2020-ci il tarixli, 177-EMB-0445-20 saylı Kredit Müqaviləsindən və ona 1 saylı əlavədən görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə Cavabdeh arasında ay müddətinə illik 1% ödəmək şərti ilə 1366,40 (bir min üç yüz altmış altı manat, qırx qəpik) manat məbləğin ödənilməsi barədə müqavilə bağlanmışdır. -02.07.2020-ci il tarixli Xəbəradrlıq məktublarından görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC tərəfindən cavabdehə banka olan borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. - 01.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 18.03.2020-cİ il tarixli, 177-EMB-0445-20 saylı saylı kredit müqviləsi üzrə 01.07.2021-ci il tarixə əsas borcu 1336,00 manat əsas təşkil edir. -29.10.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC hazırki iddianın qaldırılması ilə əlaqədar 30,40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmişlər. Bu baxımdan, iddia tələbi təmin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən kredit müqaviləsi vaxtında və lazımi qaydada icra edilmədiyindən, müqavilənin tələblərinə əsasən, tərəflər arasında bağlanmış 18.03.2020-ci il tarixli, 177-EMB-0445-20 saylı kredit müqaviləsi ləğv edilməlidir. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 18.03.2020-ci il tarixli, 177-EMB-0445-20 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 1336,00 (bir min üç yüz otuz altı manat 00 qəpik) manat məbləğində pul və 30,40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Quba rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar