Məhkəmə qərarları › İş №2(027)-18/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-18/2021

12.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-18/2021 12.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, cavabdeh X2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X3 və Cavabdeh1 qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 15.03.2013-cü il tarixli QUFS-3290 saylı Baş kredit müqaviləsi üzrə əsas kreditə görə 2373,25 (iki min üç yüz yetmiş üç manat iyirmi beş qəpik) manat, cərimə borcuna görə 791,94 (yeddi yüz doxsan bir manat doxsan dörd qəpik) manat olmaqla, borcun cəmi məbləği 3165,19 (üç min yüz altmış beş manat on doqquz qəpik) manat məbləğində pul, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASCnin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Quba” filialı borclu Cavabdeh2 arasında bağlanmış 15.03.2013-cü il tarixli QUFS-3290 saylı “Baş kredit” müqaviləsinə əsasən illik 28 (iyirmi səkkiz) faiz dərəcəsi olmaqla 36 (otuz altı) ay müddətinə Cavabdeh2 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Bundan başqa, İddiaçı ASC-nin “Quba” filialı arasında bağlanmış 15.03.2013-cü il tarixli QUFS- 3290 saylı kredit müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə digər borclu Cavabdeh1 ilə İddiaçı ASC-nin “Quba” filialı arasında 15.03.2013cü il tarixli QUFS-3290 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə görə zamin və borclu 15.03.2013-cü il tarixli QUFS-3290 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə birgə məsuliyyət daşıyırlar. 15.03.2013-cü il tarixli QUFS-3290 saylı “Baş kredit” müqavilləsinin 4.3-cü bəndinə əsasən müştəri ödəniş qrafıkinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə müqavilə məbləğinin 0,1 faizi həcmində dəbbə pulu (cərimə) ödəyir. Dəbbə pulu (cərimə) müqavilə üzrə kreditin verildiyi müddət ərzində kredit üzrə nəzərdə tutulmuş ödəniş gününün 31-ci günündən hesablanmağa başlanır. Cavabdehlər kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, pcnya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdələrinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişlər. Bu barədə cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışlar. 08.12.2015-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh2 15.03.2013-cü il tarixli QUFS-3290 saylı Baş kredit müqaviləsi üzrə borcunun məbləği əsas kreditə görə 2373,25 (iki min üç yüz yetmiş üç manat iyirmi beş qəpik) manat, cərimə borcuna görə 791,94 (yeddi yüz doxsan bir manat doxsan dörd qəpik) manat olmaqla, cəmi 3165,19 (üç min yüz altmış beş manat on doqquz qəpik) manat borcu vardır. Məhkəmə araşdırması zamanı iş üzrə Cavabdeh2 10.10.2014-cü il tarixdə ölməsi müəyyən edilmiş, sonuncunun hüquqi varisi müəyyən edilənədək iş üzrə icraat dayandırılmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin müraciəti əsasında 08.07.2021-ci il tarixdə icraat təzələnərək iş üzrə Cavabdeh2 onun hüquqi varisi X3 ilə əvəz olunmuşdur. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddianı müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X3 bildirdi ki, iş üzrə Cavabdeh2 onun həyat yoldaşı olmuşdur. Sonuncu vəfat etdikdən sonra o, mirası və həyat yoldaşından qalan bütün öhdəlikləri qəbul etmişdir. Hazırki iş üzrə kredit həyat yoldaşının adına rəsmiləşdirilsə də, əslində krediti məbləğini baldızının həyat yoldaşı özü üçün almış və aybaay özü ödəyəcəyini bildirmişdir. İddianı qismən qəbul edərək, cərimə məbləğinin azaldılmasını xahiş etdi. İş üzrə Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 15.03.2013-cü il tarixli QUFS-3290 saylı “Baş kredit” müqaviləsindən görünür ki, İddiaçı ASC-nin “Quba” filialı tərəfindən Cavabdeh2 illik 28 faiz dərəcəsi olmaqla 36 ay müddətinə Cavabdeh2 heyvandarlığın inkişafı məqsədilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Cavabdeh2 müqaviləsi üzrə olduğu vəsaiti (krediti) və kreditə görə nəzərdə tutulmuş digər ödənişləri bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə "Bank"a qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür; 15.03.2013-cü il tarixli QUFS-3290 saylı zaminlik müqaviləsindən görünür ki, 15.03.2013-cü il tarixli QUFS-3290 saylı kredit müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 zamin durmuşdur; 17.12.2015-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 15.03.2013-cü il tarixli QUFS-3290 saylı Baş kredit müqaviləsi üzrə əsas kreditə görə 2373,25 (iki min üç yüz yetmiş üç manat iyirmi beş qəpik) manat, cərimə borcuna görə 791,94 (yeddi yüz doxsan bir manat doxsan dörd qəpik) manat olmaqla, cəmi 3165,19 (üç min yüz altmış beş manat on doqquz qəpik) manat borcu vardır; AZ-İ 695564 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 10.10.2014-cü il tarixdə ölmüşdür; Quba Rayon Məhkəməsinin 17.07.2021-ci il tarixli 2(027)-18/2021 nömrəli qərardadından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işin icraatı həmin tarixdə təzələnmiş və mülki iş üzrə Cavabdeh2 onun hüquqi varisi X3 ilə əvəz olunmuşdur; 11.09.2015-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh1 banka olan borcu ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir; 24.12.2015-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə müəyyən etmişdir ki, İddiaçı ASC-nin “Quba” filialı ilə Cavabdeh2 arasında 15.03.2013-cü il tarixdə baölanmış müqaviləyə əsasən, Cavabdeh2 bankdan heyvandarlığın inkişafı məqsədilə 5000 (beş min) manat məbləğində kredit kredit götürmüş və krediti təyinatı üzrə istifadə etmək, kredit və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit ödənişinin təminatı məqsədilə digər Cavabdeh1 ilə həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Lakin kredit ödənişi müddətində Cavabdeh2 vəfaf etmiş, digər cavabdeh, kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə Cavabdeh2la birgə məsuliyyət daşıyan Cavabdeh1 müqavilə üzrə üzərinə qoyulmuş öhdəlikləri icra etməmişdir. İşdə olan sənədlərdən aydın olduğu kimi, kredit məbləğindən istifadə nəticəsində borc vaxtında ödənilmədiyi üçün, cavabdehlərin icra edilməmiş pul öhdəliyi yaranmışdır. Cavabdehlər müqavilə əsasında iddiaçıdan kredit almasına dair hüququndan istifadə etsə də, həmin müqavilədən irəli gələn vəzifələrini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Eyni zamanda iş materiallarından göründüyü kimi iş üzrə Cavabdeh2 kredit axımı zamanı vəfat etdiyi üçün hüquqi varisi X3 ilə əvəz olunmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 58.2-ci maddəsinə əsasən hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı bank kredit xətti üzrə hesablanmış əsas borc və hesablanmış digər ödənişləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, əsas borc 2373,25 (iki min üç yüz yetmiş üç manat iyirmi beş qəpik) manat təşkil etdiyi halda, 791,94 (yeddi yüz doxsan bir manat doxsan dörd qəpik) manat məbləğində cərimə hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə azaldılmalı və 50,00 (əlli) manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilərək, 15.03.2013-cü il tarixli QUFS-3290 saylı Baş kredit müqaviləsi üzrə əsas borc üzrə 2373,25 (iki min üç yüz yetmiş üç manat iyirmi beş qəpik) manat, cərimə borcuna görə 50 (əlli) manat olmaqla, cəmi 2423,25 (iki min dörd yüz iyirmi üç manat iyirmi beş qəpik) manat məbləğində pul cavabdehlər X3 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin məbləği 3165,19 (üç min yüz altmış beş manat on doqquz qəpik) manat olduğu, bu tələb 2423,25 (iki min dörd yüz iyirmi üç manat iyirmi beş qəpik) manat məbləğində təmin edildiyi üçün, iddia tələbinin məbləğinə uyğun olaraq ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tərəflər arasında bölünməlidir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 10 (on) manatı iddiaçıya aid edilməli, 20 (iyirmi) manat isə cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. 15.03.2013-cü il tarixli QUFS-3290 saylı Baş kredit müqaviləsi üzrə əsas borc üzrə 2373,25 (iki min üç yüz yetmiş üç manat iyirmi beş qəpik) manat, cərimə borcuna görə 50 (əlli) manat olmaqla, cəmi 2423,25 (iki min dörd yüz iyirmi üç manat iyirmi beş qəpik) manat məbləğində pul cavabdehlər X3 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən Dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumunun 10 (on) manatı iddiaçıya aid edilsin, 20 (iyirmi) manat isə cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar