Məhkəmə qərarları › İş №2(027)-1813/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1813/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1813/2021 16.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlu, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 28.06.2019-cu il tarixli, QUFS-3421 KMP saylı kredit müqaviləsi üzrə əsas borca görə 273,25 (iki yüz yetmiş üç manat, iyirmi beş qəpik) manat, faiz borcuna görə 0,25 (sıfır manat, iyirmi beş qəpik) manat, dəbbə borcuna 0 (sıfır) manat olmaqla, cəmi 273,5 (iki yüz yetmiş üç manat, əlli qəpik) manat məbləğində pul və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Quba filialı ilə Cavabdeh1 arasında bağlanmış 28.06.2019-cu il tarixli, QUFS-3421_KMP saylı kredit müqaviləsinə əsasən illik 1% (bir) faiz dərəcəsi olmaqla 60 (altmış) ay müddətinə 323,05 (üç yüz iyirmi üç manat beş qəpik) manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 28.06.2019-cu il tarixdə İddiaçı ASC-nin Quba filialı ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 28.06.2019-cu il tarixli, QUFS-3421 KMP saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 28.06.2019-cu il tarixli, QUFS-3421_KMP saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Kredit müqaviləsinə görə Cavabdeh1 kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 28-dən gec olmayaraq hər ay 5,53 (beş manat əlli üç qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtıvaxtında və lazımı qaydada icra etməmiş, nəticədə müqaviləsi üzrə əsas borca görə 273,25 (iki yüz yetmiş üç manat iyirmi beş qəpik) manat, faiz borcuna görə 0,25 (sıfır manat iyirmi beş qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat olmaqla, borcun cəmi məbləği 273,5 (iki yüz yetmiş üç manat əlli qəpik) manat borc hesablanmışdır. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 28.06.2019-cu il tarixli ərizə-anketlərdən görünür ki, Cavabdeh1 28.06.2019-cu il tarixdə müraciət edərək, ona 323,05 (üç yüz iyirmi üç manat, beş qəpik) manat məbləğində kreditin verilməsini, Cavabdeh2 isə eyni tarixdə zamin kimi qeydə alınmasını xahiş etmişdir; İddiaçı ASC-nin Quba filialı ilə Cavabdeh1 arasında bağlanmış 28.06.2019-cu il tarixli, QUFS-3421_KMP saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 illik 1% (bir) faiz dərəcəsi olmaqla 5 (beş) il müddətinə 323,05 (üç yüz iyirmi üç manat, beş qəpik) manat məbləğində kredit verilmiş, sonuncu hər ayın 28-dən gec olmayaraq hər ay 6,87 (altı manat səksən yeddi qəpik) manat ödəniş etməyi öhdəsinə götürmüşdür; 28.06.2019-cu il tarixli, QUFS-3421_KMP saylı zaminlik müqaviləsindən görünür ki, kredit vəsaitinin təminatı olaraq zamin Cavabdeh2 Cavabdeh1 bank qarşısında 28.06.2019-cu il tarixli, QUFS-3421_KMP saylı kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür; 28.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 28.06.2019-cu il tarixli, QUFS-3421_KMP saylı kredit müqaviləsi üzrə 23.07.2021-ci il tarixə 273,25 (iki yüz yetmiş üç manat, iyirmi beş qəpik) manat əsas borc, 0,25 (sıfır manat, iyirmi beş qəpik) manat faiz olmaqla, cəmi 273,50 (iki yüz yetmiş üç manat, əlli qəpik) manat məbləğində pul borcu yaranmışdır; 23.06.2021-ci il tarixli bildirişlərdən görünür ki, Cavabdeh1 və Cavabdeh2 banka olan borc ödənilmədiyi təqdirdə barələrində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişlər; 29.07.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, İddiaçı ASC Quba filialı ilə Cavabdeh1 arasında bağlanmış 28.06.2019-cu il tarixli, QUFS-3421_KMP saylı kredit müqaviləsinə əsasən, sonuncuya 323,05 (üç yüz iyirmi üç manat, beş qəpik) manat məbləğində kredit verilmiş, digər Cavabdeh2 kredit müqaviləsi üzrə zamin durmuşdur. Lakin Cavabdeh1 üzərinə düşən öhdəlikləri icra etməmiş, nəticədə onun kredit təşkilatına borcu yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etsə də, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri və digər ödənişləri tələb etməkdə haqlıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehlədən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284, 284-5, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 28.06.2019-cu il tarixli, QUFS-3421_KMP saylı kredit müqaviləsi üzrə əsas borca görə 273,25 (iki yüz yetmiş üç manat, iyirmi beş qəpik) manat, faiz borcuna görə 0,25 (sıfır manat, iyirmi beş qəpik) manat olmaqla, cəmi 273,50 (iki yüz yetmiş üç manat, əlli qəpik) manat məbləğində pul və dövlət büdcəsinə köçürülmüş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamə, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar