Məhkəmə qərarları › İş №2(027)-1829/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1829/2021

21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1829/2021 21.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi X7 oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) cavabdeh Əhmədova (Kərimova) Gülbəniz Məhrəddin qızına qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC cavabdeh Əhmədova (Kərimova) Gülbəniz Məhrəddin qızına qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əhmədova (Kərimova) Gülbəniz Məhrəddin qızından 07.05.2019-cu il tarixli müqavilə üzrə “Philips” markalı üzqırxan cihaz üçün 129 (yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə olmaqla, ümumilikdə 141 (yüz qırx bir) manat borc və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun alınaraq "xxxx" MMCnin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh X4 arasında bağlanmış 07.05.2019-cu il tarixli müqaviləyə əsasən sonuncu 12 ay müddətinə hər ay 22 (iyirmi iki) manat ödəmək şərtilə 396 (üç yüz doxsan altı) manat dəyərində “Philips” markalı üzqırxan cihaz almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə telefon üçün ümumilikdə 141 (yüz qırx bir) manat olmaqla, ondan 129 (yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 12 (on iki) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 267 (iki yüz altmış yeddi) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respubikası Mülki-Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin 02.06.2021-ci il tarixli arayışından və AZE 09996574 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əhmədova (Kərimova) X5 rayonu, Barlı kəndində qeydiyyatdadır; 07.05.2019-cu il tarixli 00648713 nömrəli müqavilədən və müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC ilkin ödənişsiz 18 ay müddətinə hər ay 22 (iyirmi iki) manat ödəmək şərtilə 396 (üç yüz doxsan altı) manat dəyərində “Philips” markalı üzqırxan cihazı X1; 20.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, X2 ödənişləri gecikdirməsi ilə müqavilə şərtlərini pozduğuna görə müqavilənin ödəniş cədvəli üzrə 07.05.2019-cu il tarixli 00648713 müqavilə üzrə əsas borca görə 129 (yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 12 (on iki) manat cərimə hesablanmışdır; xəbərdarlıq məktublarından görünür ki, X4 borclu olduğu məbləği ödəməyəcəyi təqdirdə barəsində məhkəmədə mülki iddia qaldırılacağı barədə xəbərdar edilmişdir; 21.07.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, tərəflər arasında olan 07.05.2019-cu il tarixli 00648713 nömrəli müqavilənin münasibətindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Cavabdeh müqaviləyə əsasən hissə-hissə ödəmək şərtilə satın aldığı əşyanın dəyərini hər ay vaxtında ödəyəcəyi barədə üzərinə öhdəlik götürsə də, müqavilənin şərtlərini icra etməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 07.05.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 129 (yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə olmaqla, ümumilikdə hesablanmış 141 (yüz qırx bir) manat və Dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi 20 (iyirmi) manat məbləğində pul cavabdeh Əhmədova (Kərimova) Gülbəniz Məhrəddin qızından "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi göndən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar