Məhkəmə qərarları › İş №2(027)-1834/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1834/2021

15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1834/2021 15.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, iddiaçı Quba rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi X4 və Cavabdeh iştirakları ilə İddiaçı Quba rayon İcra və Probasiya Şöbəsinin Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı Quba rayon İcra və Probasiya Şöbəsi məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh tətbiq edilmiş elektron qolbağın korpus hissəsi iki yerə bölünərək işlək vəziyyətdə olmadığına görə onun 637,91 manat məbləğində vəsaitin alınıb Ədliyyə Nazirliyinin hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Quba rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi X5 iddia tələbini müdafiə edərək göstərmişdir ki, Cavabdeh Quba rayon Məhkəməsinin 13.06.2018-ci il tarixli, 2(027)-57/2018 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirli bilinib 02 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 18.10.2018-ci il tarixdə şöbənin böyük icra məmurunun və məhkum Cavabdeh iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Həmin protokolla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd mobil qurğunun enerji toplayıcı kabeli, bir ədəd də elektron qolbaq, bir ədəd sadə elektron qolbaq üçün nəzərdə tutulmuş yükləmə qurğusu, iki ədəd ev siqnal ötürücüsü və yaddaş kitabçası məhkum, hazırkı iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilərək, iltizamı alınmışdır. Cavabdeh Quba rayon İcra və Probasiya Şöbəsinə gələrək, elektron qolbağın korpus hissəsinin sındığını bildirmişdir. Bu barədə verdiyi izahatında çarpayıdan qalxan zaman ayağının ilişdiyini və elektron qolbağın iki yerə bölündüyünü bildirmişdir. Belə olan halda hesab edir ki, cavabdehin günahından yəni lazımınca məsuliyyətli olmadığından elektron qolbağın korpus hissəsi iki yerə bölünmüş və onlara maddi ziyan dəymişdir. Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsinin verdiyi maliyyə arayışına görə elektron qolbağın qiyməti 637,91 manat təşkil edir. Məhkum Cavabdeh vurulmuş ziyanın dəyərini könüllü ödəməsi üçün vaxt verilsə də ödəməkdən imtina etmişdir. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul və etiraf edərək, verdiyi izahatında göstərmişdir ki, üzərində gəzdirdiyi elektron qolbağı özü qəsdən qırmamış, təsadüfən taxtın dəmirinə dəyib ortadan qırılmışdır. Dəymiş ziyan məbləğini ödəməyə etiraz etmir. Lakin maddi vəziyyəti ağırdır, taksi fəaliyyəti ilə məşğul olara ailəsinin dolandırır. Göstərdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Məhkəməsinin 22.07.2019-cu il tarixli hökmündən görünür ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib üzərində qəti olaraq 01 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. X1 üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsinin yerinə yetirilməsi qoyulmuş, X1 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh quraşdırılaraq təhvil verilmiş elektron qolbağın korpus hissəsinin iki yerə bölünərək sınması nəticəsində maddi ziyan dəymiş, dəyən maddi ziyan cəmi 637,91 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh tətbiq edilmiş elektron qolbağın korpus hissəsi iki yerə bölünərək işlək vəziyyətdə olmadığına görə Cavabdeh 637,91 manat məbləğində vəsaitin alınıb Ədliyyə Nazirliyinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tətbiq edilmiş elektron qolbağın korpus hissəsi iki yerə bölünərək işlək vəziyyətdə olmadığına görə Cavabdeh 637,91 manat məbləğində vəsait alınıb Ədliyyə Nazirliyinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar