Məhkəmə qərarları › İş №2(027)-1842/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1842/2020

16.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1842/2020 16.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 400 manat məbləğində maddi ziyan və məhkəmə xərclərini alınaraq ona ödənilməsi və bundan sonra baş verəcək mübahisələrin baş verməməsi üçün Cavabdeh əvvəllər verilmiş 150 hektar yaylaq sahəsindən əlavə verilmiş torpaq sahəsini və yeni çəkilmiş xəritənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1991-ci ildən atası X1 istifadəsində olan Xler düzündən 50 metr yüksəkliyində yerləşən “Gitə” adlı biçənək üçün yararlı olan 1 hektar torpaq sahəsini 1999-cu ilə qədər atası Nadirov Nadir istifadə etmişdir. 2000-ci ildə Xınalıq nümayəndəliyində torpaq islahatı keçirilən zaman (islahat texnini problemlə əlaqədar 2 il gecikmişdir, islahat 1998-ci ildə aparılmalı idi) onlara məlum olmuşdur ki, onların nümayəndəliklərində yararlı torpaq sahəsinin çox hissəsi islahat komissiyasının sərəncamına verilməmişdir. İslahat üçün ayrılan (özəl təsərrüfata) torpaq sahəsinin təxminən yarısı ya yararsız olub, ya da ki, bələdiyyə mülkiyyətinə verilmişdir. Bunu görən islahat komissiyasının sədri Hüseynağa Xəlilov o dövrdə qarşılaşdığı bu vəziyyətlə bağlı kənd sakinləri ilə razılığa gələrək, hər kəsin istifadəsində olan torpaq sahəsini uyğun olaraq sakinlər arasında razılıqla istifadəyə vermiş və heç kəs bu bölgüyə narazılığını bildirməmişdir. 2000-ci ildə babası İkinci Dünya müharibəsi veteranı X2 özəl torpaq payı kimi, onun atası Nadirov Nadirin 1991-ci ildən mülkiyyətində olan həmin yuxarıda adı çəkilən “Gitə” adlı torpaq sahəsi verildi. Bu müddət ərzində “Çirgi Dumal” adlı yaylaq sahəsini 150 hektar olmaqla X5 və qardaşı Orucov X4 bəldiyyəsindən müqavilə ilə icarəyə alaraq öz iribuynuzlu mal-qara və xırda dırnaq heyvanlarını otarmaq üçün istifadə ediblər. Hal-hazırda həmin yaylaq sahəsini Cavabdeh istifadə edir, bu müddət ərzində Cavabdeh və onların aralarında dəfələrlə biçənək sahəsi üstündə mübahisələri olmuşdur. Cavabdeh onun babası X2 özəl torpaq payı kimi verilmiş “Gitə” adlı biçənək sahəsini istifadə edərək onlara 400 manat dəyərində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, 2004-cü ildən bəri mübahisəli torpaq sahəsinə bələdiyyə ilə bağladığı icra müqaviləsi əsasında sahiblik etdiyini qeyd edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə iddiaya etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, İddiaçı tərəfindən verilmiş iddia ərizəsinin heç bir əsası yoxdur. Həmin iddia olunan ərazi onların xx xxxxxxxx 2004-cü il tarixli 9 saylı protokol əsasında Xınalıq bələdiyyəsindən icarəyə aldıqları "Çilgi dumal" adlı yay otlaq sahəsinin içindədir. Həmin sahə bələdiyyə torpağıdır. Onu Xınalıq bələdiyyəsi də təsdiq edə bilər. "Gitə" adlı torpaq sahəsi yoxdur. Meşə zonalarında "Terras" olduğu kimi Xınalıq örüş sahələrində də "gitələr" minlərlədir. Həmin iddia olunan yer yaylağın ərazisinə daxildir. Təqdim etdiyi sənədlərdə də bunu görmək olar. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2004-cü il tarixli, xx.xx.2012-ci il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli müqavilələrin surətlərindən görünür ki, heyvanların saxlanılması məqsədi ilə 169 ha torpaq sahəsi Cavabdeh icarəyə verilmişdir. İş materillarında olan ayrılan torpaq sahəsinin kadastr göstəriciləri və yer qurluşu planının surətindən görünür ki, bələdiyyənin mülkiyyətində örüş yeri olan 169 ha torpaq sahəsi planı tərtib edilərək Cavabdeh istifadəsinə verilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər - hazırkı iş üzrə isə iddiaçının, mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi torpaq sahəsinin bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən torpaq sahəsinin hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçının hazırki məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, torpaq sahəsinin mülkiyyətçisi tərəfindən onunla müvafiq alqı-satqı müqaviləsi bağlanmamış, yaxud torpaq sahəsi qanunla nəzərdə tutulmuş qaydada onun qanuni istifadəsinə verilməmişdir Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddianın digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Beləliklə məhkəməyə təqdim edilmiş təkzibedilməz sübutlarla təsdiq olunmuşdur ki, iddiaçı 400 manat məbləğində maddi ziyanın və bundan sonra baş verəcək mübahisələrin baş verməməsi üçün Cavabdeh əvvəllər verilmiş 150 hektar yaylaq sahəsindən əlavə verilmiş torpaq sahəsini və yeni çəkilmiş xəritəni ləğv edilməsini tələb etsə də, mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində və ya sahibliyində olmasını və cavabdehin hərəkətləri nəticəsində ona 400 manat məbləğində maddi ziyan dəyməsini sübuta yetirəcək heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, cavabdehin məhkəməyə təqdim etdiyi sübutlarla müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir və bələdiyyə tərəfindən icarə müqaviləsi əsasında onun sahibliyinə verilmişdir. İddiaçı mübahisəli torpaq sahəsini və yeni çəkilmiş xəritəni ləğv edilməsini iddia etsə də, onun həmin torpaq sahəsinə hər-hansı bir mülkiyyət və ya sahiblik hüququnun olması aşkar edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maddi ziyan və yaylaq sahəsinə aid müqavilənin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. İddiaçı tərəfindən ödənilən dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyan və yaylaq sahəsinə aid müqavilənin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilən dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar