Məhkəmə qərarları › İş №2(076)-3666/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-3666/2024

02.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-3666/2024 02.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı Şəmkir Bələdiyyəsinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Şəmkir Bələdiyyəsinin Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi və icarə müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsini məhkəmənin hazırlıq iclasında nəzərdən keçirərək, məhkəmə müəyyənetdi: İddiaçı Şəmkir Bələdiyyəsinin Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi və icarə müqaviləsinin ləğv edilməsi” tələbinə iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək, onu təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məkəmə iclasında Cavabdeh iddianı qəbul etmiyərək, iddia tələbinin rədd edilməsi xahiş etdi. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 142-ci maddəsinin İ hissəsinə görə yerli özünüidarəni bələdiyyələr həyata keçirir. Bələdiyyələr seçkilər əsasında yaradılır. Bələdiyyələrin statusunun əsasları bu Konstitusiya ilə, bələdiyyələrə seçkilərin qaydaları isə qanunla müəyyən edilir. Konstitusiyanın 143-cü maddəsinin İ hissəsinə görə bələdiyyə öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsi ilə həyata keçirir. Konstitusiyanın 144-cü maddəsinin İ hissəsinin 6-ci bəndinə görə bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam bələdiyyələrin iclaslarında həll edilir. Konstitusiyanın 145-ci maddəsinin İ və İİ hissələrinə görə Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.2-ci maddəsinə əsasən istifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun 16-cı maddəsinin 4-cü bəndinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. “Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında” Əsasnamənin 4-cü hissəsində göstərilmişdir ki, Bələdiyyənin iclası bələdiyyə üzvlərinin ümumi yığıncağıdır. Bələdiyyə iclaslarında bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam məsələsi həll edilir. Qeyd edilən maddi hüquq normalarının müqayisəli təhlilindən görünür ki, Bələdiyyə kollegial orqan olmaqla bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə sərəncam, ondan sahiblik və istifadə ilə bağlı məsələlər bələdiyyə üzvlərinin ümumi yığıncağında müzakirə edildikdən sonra qəbul edilmiş qərar ilə həll olunur. Belə ki, bələdiyyə məhkəməyə müraciət etməsinin təmin edilməsindən ötrü bu məsələ bələdiyyə üzvlərinin yığıncağında müzakirə edilməli, qəbul edilmiş qərara uyğun olaraq məhkəməyə müraciət etməli idi. Lakin bələdiyyə üzvlərinin ümumi yığıncağında məhkəməyə müraciət edilməsinə dair qərar qəbul edilmədən, yəni ona belə bir səlahiyyət verilmədən birbaşa məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, hazırki məsələ Şəmkir Rayon Bələdiyyəsinin ümumi yığıncağında müzakirəyə çıxarılmamış və bələdiyyə tərəfindən məhkəməyə müraciət edilməsindən ötrü bələdiyyə sədrinə belə bir səlahiyyət verilməmişdir. Halbuki bələdiyyə torpaqlarının sahiblik, istifadəsi və onun barəsində sərəncam verilməsinə dair məsələlər bələdiyyə üzvlərinin ümumi yığıncağında qəbul edilmiş qərarlara əsasən həll edilir ki, bu da həmin məsələlər üzrə bələdiyyə üzvlərinin ümumi yığıncağının keçirilməsini və iclasın nəticəsində bələdiyyə sədrinə müvafiq məsələlərin həll edilməsindən ötrü ona səlahiyyət verilməsini zəruri edir. Əks halda bu bələdiyyə sədrinin qanunsuz hərəkətlərin edilməsinə rəvac verilməsinə şərait yaratmaqla yanaşı hüquqda nihilizmin yaranmasına da səbəb olar. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırki mübahisə Şəmkir Rayon Bələdiyyəsinin ümumi yığıncağında müzakirəyə çıxarılmadan birbaşa məhkəmədə iddia qaldırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd edilənlərə əsasən iddiaçı Şəmkir Bələdiyyəsinin Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi və icarə müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.1, 260, 263- 264, 267-268-cı maddələrinə əsasən məhkəmə, qəraraaldı: İddiaçı Şəmkir Bələdiyyəsinin Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi və icarə müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar