Məhkəmə qərarları › İş №2(027)-1842/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1842/2021

29.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1842/2021 29.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Cavabdeh 4200 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehi dostunun vasitəsi ilə tanımışdır. Cavabdehə dostunun vasitəsi ilə yaxınlaşaraq , onun Quba rayonunda yerləşən “Ay İşığı” adlı kafesinin razılaşma yolu ilə icarəyə almaq istədiyini bildirmişdir. Cavabdeh razılığa gəldikdə 20 illik müqavilə bağlayaraq, 4200 manat məbləğində cavabdehə pul verərək, cavabdehə məxsus “Ay İşığı” adlı kafeni icarəyə almışdır. Həmin kafeni bir iki ay işlətdikdən sonra cavabdeh onun xəbəri olmadan özünə məxsus “Ay İşığı” kafesini başqa şəxslə müqavilə bağlayaraq ona icarəyə vermişdir. Cavabdehə verdiyi 4200 manat məbləğində pulu geri tələb etdikdə o, müxtəlif bahələr gətirərək, pulu ona qaytarmaqdan yayınmışdır. Bununla bağlı, Quba RPŞ-nə ərizə ilə müraciət etmiş, araşdırma zamanı cavabdeh izahatında ona 4200 manat məbləğində pul borclu olduğunu etiraf etmişdir. Cavabdeh ona borclu olduğu 4200 manat məbləğində pulu könüllü şəkildə qaytarmadığından, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, cavabdehin ona 4200 manat məbləğində pul borclu olduğunu bildirərək iddianın həmin hissədə təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba RPŞ-nin İB-nin 22.08.2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh əvvəlcədən aralarında olan şifahi razılaşma əsasında İddiaçı 4200 manat pul alaraq özünə məxsus Quba şəhəri, C.Cabbarlı küçəsində yerləşən “Ay İşığı” adlı kafeni icarəyə vermiş, bununla bağlı aralarında 14.12.2019-cu il tarixdə icarə müqaviləsi bağlanmış, lakin Cavabdeh müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikdən yayınmışdır. Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət təqibinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 690.1-690.3-cü maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir. Yaşayış otağını kirayəyə verən bu Məcəllənin 696-cı maddəsinə uyğun etirazvermə imkanını, habelə etirazın verilməsi formasını və müddətini kirayəçiyə vaxtında göstərməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. (maddə 700.2) Mülki Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında 14.12.2019-cu il tarixdə icarə müqaviləsi bağlanmış və Quba şəhəri, C.Cabbarlı küçəsində yerləşən “Ay İşığı” adlı kafeni iddiaçı cavabdehə ilkin olaraq 4200 manat məbləğində pul ödəməklə icarəyə götürmüşdür. Lakin, cavabdeh icarə müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək, həmin kafeni başqa şəxsə icarəyə vermişdir. Cavabdeh icarə müqaviləsindən irəli gələn öhdəliklərini icra etməmişdir. Cavabdeh isə məhkəmə tədqiqi zamanı iddia tələbinin rədd edilməsi üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 4200 manat məbləğində pulun tutulmasına dair tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4200 manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar