Məhkəmə qərarları › İş №2(027)-1847/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1847/2025

03.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1847/2025 03.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi X3, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə məhkəməyə müraciət edərək, Cavabdeh 50.000 (əlli min) manat məbləğində pulun alınıb mənə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X1 işləri ilə əlaqədar Cavabdeh ilə tanış olmuş, cavabdeh həyat yoldaşından xx.xx.2025-ci il tarixdə 50.000 (əlli min) manat borc pul almışdır. Bu barədə hər iki tərəfin imzası ilə təsdiq edilmiş yazılı müqavilə tərtib olunmuşdur. Müqaviləyə əsasən cavabdeh xx.xx.2021-ci il tarixədək borcunu tam ödəməyi öhdəsinə götürmüş, lakin bugünədək borcunu ödəməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X7 iddianı müdafiə edərək bildirdi ki, ərizəçi onun anasıdır. Cavabdeh ilə atası X6 bir yerdə işləmişlər. Cavabdehin atasına olan 50.000 (əlli min) manat borcundan 1.800 (bir min səkkiz yüz) manat ödəmiş, 48.200 (qırx səkkiz min iki yüz) manat borcu qalmışdır. Atası 2024-cü ilin may ayında vəfat etmişdir. Ötən ilə kimi cavabdehlə əlaqə saxlamışlar, sonuncu hər dəfə imkanı olmadıdığını, lakin borcu ödəyəcəyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, X6 ilə aralarında dostluq münasibətləri olduğundan o, daimi olaraq özünə məxsus meyvəni X5 məxsus soyuducu anbarda saxlamışdır. Meyvəsi xarab olduğundan 103.000 manat ziyan etmişdir və soyuducunun pulunu verə bilməmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, xarab olmuş məhsulun yarısı Rusiyada, qalan hissəsi elə burada atılmışdır. Soyuducunun pulunu verə bilmədiyindən X6 ilə aralarında razılaşaraq 50000 manatla bağlı borc müqaviləsi bağlamışlar. Bundan savayı soyuducu anbarda ona məxsus 10000 (on min) manat dəyərində yeşiklər qalmışdır, hansıları ki, o, satıb borcdan silinməsini xahiş etmişdir. Həmin yeşiklər cəmi 1800 (bir min səkkiz yüz) manat dəyərində qiymətləndirilmişdir. Həmin borcu qəbul etsə də, o özü də gələcəkdə ona dəymiş zərərlə bağlı iddia qaldıracaqdır. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: X6 ilə Cavabdeh arasında Xaçmaz şəhərində bağlanmış xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, Şabran rayonunun Ərəblər kəndində yaşayan X6 nəyan edir ki, istifadəsində olan soyuducudan istifadə etmək, yəni malın soyuducuya yerləşdirilməsi və plastik tara (yeşik) anbarından malın tədarük edilməsi üçün plastik yeşiklərin alınması məqsədləri ilə əlaqədar Quba rayonunun 2-ci Nügədi kəndində yaşayan Cavabdeh ona 50.000 (əlli min) manat borcu yaranmışdır. Həmin borclu olduğu pulu yəni 50.000 (əlli min) manatı Quba rayonunun 2-ci Nügədi kəndində yaşayan Cavabdeh oglu 30 dekabr 2021-ci il tarixə kimi Şabran rayonunun Ərəblər kəndində yaşayan X5 tam ödəyəcəyini öhdəsinə götürmüşdür. Quba rayonunun 2-ci Nügədi kəndində yaşayan Cavabdeh oglu bəyan edir ki, Şabran rayonunun Ərəblər kəndində yaşayan X5 istifadəsində olan soyuducudan istifadə etmək, yəni malın soyuducuya yerləşdirilməsi və plastik tara (yeşik) anbarından malın tədarük edilməsi üçün plastik yeşiklərin alınması məqsədləri ilə əlaqədar Şabran rayonunun Ərəblər kəndində yaşayan X5 50.000 (əlli min) manat borcu yaranmışdır. Quba rayonunun 2-ci Nügədi kəndində yaşayan Cavabdeh oglu həmin borclu olduğu pulu, yəni 50.000 (əlli min) manatı Şabran rayonunun Ərəblər kəndində yaşayan X2 tam ödəyəcəyini öhdəsinə gütürür. Müqaviləni sonda hər iki tərəf imzalayır. Şabran rayon Notariat ofisinin xx.xx.2024-cü il tarixli 653 saylı məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X4 vərəsəsi İddiaçıdır. Cavabdeh ogluna ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh oglu 10 gün ərzində borclu olduğu pulun qaytarılması, əks halda aidiyyəti üzrə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmədə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, X6 ilə Cavabdeh arasında borc müqaviləsi bağlanılmış, müqaviləyə əsasən cavabdeh X5 borclu olduğu 50000 (əlli min) manat məbləğində pulu 30 dekabr 2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı həmin məbləğdən 1800 manat ödənildiyini bildirir. Cavabdeh həmin müqavilə üzrə öz öhdəliklərinin icrası üçün müəyyən olunmuş son tarixdən indiyədək tam və vaxtında icra etməmiş və nəticədə iddiaçı (X4 vərəsəsi) qarşısında 48200 (qırx səkkiz min iki yüz) manat məsuliyyəti yaranmışdır. İş materiallarında olan müqavilə X6 ilə Cavabdeh arasında hüquqi münasibətlərin olduğunu təsdiqləyir. Cavabdeh məhkəmə iclasında müqavilənin mövcudluğunu və borcu olduğunu etiraf etsə də, ona da zərər vuruluğunu bildirir. Bu hal Mülki Prosessual Məcəlləyə əsasən qismən etiraf sayılır. Məhkəmə hesab edir ki, iddia tələbi 48200 (qırx səkkiz min iki yüz) manat məbləğin tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Odur ki, iddia qismən təmin edilməli, Cavabdeh 48200 (qırx səkkiz min iki yüz) manat pul İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasan və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 48200 (qırx səkkiz min iki yüz) manat pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar