Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1854/2021 19.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 10323 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, həmkəndlisi olan Quba rayonu, İ Nügədi, 5-ci məhəllə ünvanında yaşayan Cavabdeh yay aylarında pomidor satışı ilə məşğul olduğunu bilmişdir. Cavabdeh 2019-cu ilin yayında ona yaxınlaşaraq pomidor satışında yaxşı pul olduğunu, maddi cəhətdən bu işə pul yatıracağı təqdirdə ona yaxşı pul qazandıracağını demişdir. O da, cavabdeh ilə razılaşaraq təxminən 10.06.2019-cu il tarixdə yaşadıqları kənddə 10880 (on min səkkiz yüz səksən) manat məbləğində pulu Cavabdeh vermişdir. Bundan 10 gün sonra Cavabdeh ona 3000 ( üç min) ABŞ dolları pul qaytarmışdır. Daha sonra təxminən 15 iyul 2019-cu il tarixində Cavabdeh işlərin yolunda getdiyini, lakin əlavə pul lazım olduğunu deyərək 11083 (on bir min səksən üç) manat məbləğində pulu ondan almışdır. Pomidor satışının sonuna yaxın Cavabdeh ona bir dəfə 2000 (iki min) manat, bir dəfə də 1000 (bir min) ABŞ dolları pul qaytarsa da, qalan pulu ziyan etdiyini deyərək qaytarmamışdır. O, bu barədə 07 may 2020-ci il tarixində Quba rayon Polis şöbəsinə şikayət etmişdir. Şikayəti əsasında Cavabdeh alınmış izahatında onunla heç bir ədavəti olmadığını, daha öncə gilas alğı-satqısı ilə məşğul olduqlarını, sonra isə pomidor mövsümündə pomidor alğı-satqısı ilə məşğul olmaq məqsədi ilə ondan 6000 (altı min) ABŞ dolları aldığını, 3000(üç min) ABŞ dolları özü pul qoyduğunu, daha sonra isə əlavə pul qoymadıqlarını və ziyan səbəbindən ondan aldığı pulu qaytara bilmədiyini bildirmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələblərini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir.Həmçinin bildirmişdir ki, pulu cavadehə deyil, cavabdehin tanıdığı meyvə və tərəvəzi aldıqları şəxsə ödəmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilə şərikli qaydada Rusiya Federasiyasına pomidor göndərmişlər. Onun iddiaçıya heç bir məbləğdə borcu yoxdur. O, iddiaçıya pul vermiş, lakin iddiaçı ona pul verməmişdir. Malın dövriyyəsi zamanı heç zaman pul hesabatı onda olmamış, iddiaçı tərəfindən idarə edilmişdir. Hesabat zamanı iddiaçı 1350 ABŞ dolları məbləğində pulu alıb getmişdir. Həmin puldan 200 ABŞ dolları ona çatmalı olmuşdur. Rusiya Federasiyasına gilas göndərdikləri vaxt iddiaçı onun pulunu almış lakin qaytarmamışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Quba RPŞ-nin 17.05.2020-ci il tarixli qərarından görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, rayonun Nügədi-Qazmaları kənd sakini İddiaçı tanımış, Ramizlə heç bir ədavəti olmamışdır. 2019-cu ilin gilas mövsümündə Ceyhunla birlikdə gilas alğı-satqısı ilə məşğul olmuş, sonra pomidor mövsümündə Rusiya Federasiyasında yaşayan tanışı Ramin adlı şəxs ona zəng edərək, Pemza şəhərinə pomidor göndərməsini istəmiş, bu barədə İddiaçıla məsləhətləşdikdən sonra Ceyhunla birlikdə Pemza şəhərinə yük maşını və qatarla pomidor yollamaq qərarına gəlmişlər. Bu səbəbdən 6000 ABŞ dolları Ceyhun, 3000 ABŞ dolları isə özü pul qoymuş sonradan bu işə əlavə olaraq pul qoysalar da, ziyana düşdüyüdən Ceyhuna iş üçün verdiyi pulu qaytara bilməmişdir. Cavabdeh ilə əvvəlcədən aralarında olan şifahi razılaşma əsasında İddiaçı ilə biznes münasibətləri olmuşdur. İddiaçı tələbi mülki mübahisəli olduğundan Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh Rusiya Federasiyasına gilas və pomidor alveri ilə şərikli olaraq məşğul olmuşlar. Sonuncu dəfə tərəflər birgə pul büdcəsi yaradaraq Rusiya Federasiyasına pomidor yollamışlar. İddiaçı həmin malın ziyana uğradığını və cavabdehin ona 10323 manat məbləğində borcu yarandığını iddia etsə də, bununla bağlı məhkəyə heç bir sübut təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.Çünki iddiaçı özü də, məhkəmə prosesində etiraf etmişdir ki, pulu cavabdehə yox, meyvə-tərəvəz aldıqları şəxsə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda tərəflər arasında müqavilə bağlanmışsa, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir ( maddə 600). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (maddə 600.2). Əşyanı təhvil almış alıcı onu alğı–satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 493.1-493.2-ci maddəsinə əsasən əgər bir neçə şəxs onlardan hər birinin tam icranı tələb edə biləcəyi şəkildə icranı tələb etməyə səlahiyyətlidirlərsə, borcluya isə yalnız birdəfəlik icra həvalə edilirsə, onlar birgə kreditorlardır. Birgə səlahiyyətlər müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də, onun iddia tələbi təmin edilə bilməz. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220, 222 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1854/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1854/2021
19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver