Məhkəmə qərarları › İş №2(027)-186/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-186/2022

14.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-186/2022 14.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçılar İddiaçı1 Rüfəddin oğlunun və İddiaçı2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 Rüfəddin oğlu və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 Rüfəddin oğlu və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onlara olan cəmi 460 (dörd yüz altmış) manat məbləğində pulun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun və hüquqi yardımın göstərilməsi görə ödənilmiş 50 manat məbləğində pulun alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar ərizəsini onunla əsaslandırmışlar ki, onlara - İddiaçı1, X8 və İddiaçı2 JN- 231, KOD 30313018 saylı Dövlət Aktına əsasən birgə mülkiyyətlərinə 1,61 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 0,2729 ha hissəsini 17 oktyabr 2017-ci il tarixli, AN-İ ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1 etibarnamə verməklə 1500 AZN məbləğinə Cavabdeh2 satmışlar. Alğı-satqı müqaviləsini onların yerinə etibarnamə əsasında nümayəndələri Cavabdeh1, alıcı Cavabdeh2 əvəzinə isə etibarnamə əsasında nümayəndəsi Cavabdeh3 imzalamışlar. Alğı-satqı müqaviləsində alıcının 1500 manat məbləğində pulu satıcılara nəğd qaydada ödəməyi nəzərdə tutulsa da, onlar torpağın pulunu etibarnamə əsasında nümayəndələri Cavabdeh1 nəğd ala bilməmişlər. Belə ki, Cavabdeh1 özünü şirkət nümayəndəsi kimi təqdim etmiş və onlara satdıqları torpaq sahəsinin pulundan bu günə kimi cəmi 1040 (bir min qırx) manat məbləğində pul ödəmişdir. Axırıncı dəfə onlara ödəniş 2020-ci ilin iyun ayında olunmuşdur və həmin məbləğ 500 manat təşkil etmişdir. Cavabdehlər hal-hazırda onlara 1500 manat puldan 1040 manat ödədiklərindən 460 (dörd yüz altmış) manat borcludurlar və həmin pulu ödəməkdən müxtəlif bəhanələrlə imtina edirlər. Onlar etibarnamə əsasında nümayəndələri X3 vasitəsilə pulun alınması üçün Quba rayon Polis Şöbəsinə müraciət etsələr də, Quba Rayon Polis Şöbəsinin 20.04.2021-ci il tarixli məktubu ilə tələbimizin mülki xarakterli olduğundan toplanmış material üzrə araşdırma dayandırılması bildirilmiş və məhkəməyə müraciət etmək hüquqları olduğu izah edilmişdir. Ona görə də cavabdehlərdən pulu almaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. AN-İ ******* saylı, 17 oktyabr 2017-ci il tarixli alğı-satqı müqaviləsinin 19-cu bəndinə əsasən tərəflərin bu müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll edilir. Göründüyü kimi onlar tərəflərin razılığı ilə məsələni həll etmək üçün uzun müddətdir ki, gözləyirlər, lakin onlara ödənilməli pul hələ də tam ödənilib qurtarmayıb. Cavabdehlər onların borcunu vaxtında ödəmədikləri üçün onlar məhkəməyə müraciət etməli olmuşlar və bununla bağlı hal- hazırda 30 manat məbləğində Quba Rayon Məhkəməsinin hesabına dövlət rüsumu və 50 manat məbləğində iddia ərizəsinin tərtibi üçün vəkilə xidmət haqqı ödəmişlər. Məhkəmə iclasında İddiaçı1 Rüfəddin oğlu və İddiaçı2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh3 14.12.2021-ci il tarixli məhkəmə iclasında bildirmişdir ki, onun məsələdən heç bir xəbəri yoxdur. İlk dəfədir ki, iddiaçıların nümayəndəsini görüür. İddia tələbini qəbul etmir və ona aid hissədə təmin edilməməsini xahiş edir. Cavabdeh1 14.12.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, müqavilənin iddiaçıların nümayəndəsi tərəfindən imzalandığını, müqavilədə qeyd olunan məbləğlə Rüfəddin Hacıyevin razılaşdığını və iddianın əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə baxışı iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Polis Şöbəsinin 20.04.2021-ci il tarixli məktubundan görünür ki, X1 tələbi mülki xarakterli olduğundan toplanmış material üzrə araşdırma dayandırılmışdır. Qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan 17.10.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı1 Rüfəddin oğlunun əvəzinə nümayəndəsi Cavabdeh1 Quba rayonu, Hacıhüseynli kəndində yerləşən ümumi sahəsi 1.61 ha olan torpaq sahəsini 1500 manata Cavabdeh2 əvəzinə nümayəndəsi Cavabdeh3 satmışdır. İş materiallarında olan 20.10.2021-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, iddidaçılar İddiaçı1 Rüfəddin oğlu və İddiaçı2 nümayəndəsi X4 tərəfindən iddia ərizəsinin yazılması üçün 50 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından birdir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 1091.1-1091.2-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-1092.2-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi Mülki Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya, əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə da şamil edilir. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Həmin Məcəllənin 350-ci maddəsinə əsasən əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 778-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir (778.1-ci maddə). Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur (778.2-ci maddə). Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. (778.3-cü maddə) Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Cavabdeh3 onun adından 1500 manata Quba rayonu, Hacıhüseynli kəndində yerləşən ümumi sahəsi 1.61 ha olan torpaq sahəsini İddiaçı1 Rüfəddin oğlundan 17.10.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında almışdır. İddiaçılar hal-hazırda cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onlara olan cəmi 460 (dörd yüz altmış) manat məbləğində pulun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun və hüquqi yardımın göstərilməsi görə ödənilmiş 50 manat məbləğində pulun alınaraq onlara verilməsini tələb etsələr də, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 onlara hər-hansı bir məbləğdə pul borclu olmaları məhkəmə tərəfindən sübuta yetirilməmişdir. Lakin, Cavabdeh1 Quba rayonu, Hacıhüseynli kəndində yerləşən ümumi sahəsi 1.61 ha olan torpaq sahəsini Cavabdeh2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Cavabdeh3 1500 manata satsa da, iddiaçılara ilk öncə 540 manat, daha sonra isə iddiaçıların nümayəndəsi X2 500 manat məbələğində pul vermişdir. 17.10.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin 5-ci bəndinə əsasən alıcı müqavilənin 4-cü bəndində nəzərdə tutulan məbləği satıcılara nəğd ödəyir. Belə olan hal da, Cavabdeh2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Cavabdeh3 Quba rayonu, Hacıhüseynli kəndində yerləşən ümumi sahəsi 1.61 ha olan torpaq sahəsini alğı-satqısı zamanı 1500 manat məbləğində pulu İddiaçı1 Rüfəddin oğlunun əvəzinə nümayəndəsi Cavabdeh1 nəğd ödəmiş, lakin Cavabdeh1 qeyd olunan məbləği iddiaçılara tam şəkildə ödəməmiş və nəticə də Cavabdeh1 iddiaçılara 460 manat məbləğində borcu yaranmışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia Cavabdeh1 münasibətdə təmin edilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 460 (dörd yüz altımış) manat məbləğində pul alınaraq iddiaçılar İddiaçı1 Rüfəddin oğlu və İddiaçı2 verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə və Azərbaycan Respublikası Dövlət Rüsumu haqqında Qanunun 8.1.1-ci maddəsinə əsasən, iddiaçılar tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh1 alınaraq iddiaçılara verilməlidir. Bununla yanaşı, iddiaçılar cavabdehlərdən iddia ərizəsinin hazırlanması üçün hüquqi yardım haqqında müqaviləyə əsasən ödədiyi 50 (əlli) manat pulun alınaraq ona verilməsini tələb edir, məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməli və hüquqi yardım haqqında müqaviləyə əsasən ödədiyi 50 (əlli) manat məbləğində pul Cavabdeh1 alınaraq iddiaçılara ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 460 (dörd yüz altımış) manat məbləğində pul alınaraq iddiaçılar İddiaçı1 Rüfəddin oğlu və İddiaçı2 verilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçılar tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh1 alınaraq iddiaçılara verilsin. İddiaçılar İddiaçı1 Rüfəddin oğlu və İddiaçı2 hüquqi yardım haqqında müqaviləyə əsasən ödədiyi 50 (əlli) manat məbləğində pul Cavabdeh1 alınaraq iddiaçılara ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar