Məhkəmə qərarları › İş №2(027)-1926/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1926/2021

08.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1926/2021 08.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddaçı İddiaçı və Cavabdeh Sərdal oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Sərdal oğluna qarşı ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Sərdal oğlundan dəymiş zərərin əvəzi üçün 1965 (bir min doqquz yüz altmış beş) manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu Xudat şəhəri, 1-ci şöbədə iki az yaşlı uşaqları ilə birlikdə yaşayır. Həyat yoldaşı X1 23.11.2020-ci il tarixdə Cəbräyıl rayonunun işğaldan azad olunmasında gedən döyüşlərdə qəhrəmancasına vuraşaraq şəhid olmuşdur. O, 04 iyun 2021- ci il tarixdə saat 19:40- da idarə etdiyi MERSEDES BENZB170 minik markalı **-TF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Xudat-Nabran avtomobil yolu ilə Nabran istiqamətində hərəkət edərkən həmin yolun 2-ci şöbə ərazisindən keçən hissəsində sonradan şəxsiyyəti ona məlum olan Cavabdeh Sərdal oğluna məxsus bir baş iribuynuzlu inəyin nəzarətsiz buraxılması nəticəsində inək onun idarə etdiyi avtomaşının qarşısına çıxaraq toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus avtomaşın əzilməklə ona maddi zərər dəymişdir. Ziyan aktına əsasən onun avtomaşınına dəymiş ümumi ziyan 1935 manatdır. Ziyan aktının alınması ilə əlaqədar Avtomotoservis və Ticarət müəsisəsi Xaçmaz 1 saylı Texniki Xidmət Stansiyasına 30 manat rüsum ödəmişdir. (1935+30=1965 manat). Törətdiyi inzibati xətaya görə cavabdeh Azərbaycan Respublikası İXM-nin 338.5.1- ci maddəsi ilə təqsirli bilinərək ona 40 manat cərimə olunmuşdur. O, cavabdehdən ona dəymiş ziyanın ödənilməsini dəfələrlə tələb etsə də cavabdeh həmin zərəri ödəməkdən boyun qaçırmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Sərdal oğlu iddia tələbini qəbul etməyərək, dəymiş ziyanı az-az ödəyə biləcəyini qeyd edərək, qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01.02.2021-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı mərhum həyat yoldaşı 1993-cü il təvəllüdlü X1 23.11.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan xüsusi döyüş əməliyyatları zamanı həlak olmuşdur. İş materiallarında olan etibarnamənin surətindən görünür ki, İddiaçı **-TF-*** dövlət qeydiyyat nişanlı, “Mersedec Benz B170” markalı avtomobili etibarnamə əsasında idarə edir. İş materiallarında olan 09.06.2021-ci il tarixli ziyan aktından görünür ki, **-TF-*** dövlət qeydiyyat nişanlı, “Mersedec Benz B170” markalı avtomobilinə hadisə zamanı ümumilikdə 1935 manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdir. İş materiallarında olan İnzibati təhbeh vermə haqqında TP ******* saylı 05.06.2021ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh Sərdal oğlu İXM-nin 338.5.1-ci maddəsində nəzərdə tutulan mal-qaranın yolda nəzarətsiz qoyulması qaydaları əleyhinə olan inzibati xəta törətmişdir. İddianın hüquqi əsası ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1110-cu maddəsinə əsasən Heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Sadalanan maddi hüquq normalarına görə hazırkı iş üzrə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi məhkəmə araşdırması zamanı zərərin mövcud olması öz təsdiqini tapmış, zərərin məhz cavabdehin qanunsuz hərkəti nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət arasında səbəbli əlaqənin olması və zərərvuran Cavabdeh Sərdal oğlunun təqsirli olması sübuta yetirilmişdir. Lakin, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı ziyan aktının alınması ilə əlaqədar Avtomotoservis və Ticarət müəsisəsi Xaçmaz 1 saylı Texniki Xidmət Stansiyasına 30 manat rüsum ödədiyini qeyd etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də iddia həmin hissə də, təmin edilməməlidir. Məhkəmə qeyd edilənərə əsasən hesab edir ki, Cavabdeh Sərdal oğlundan İddiaçı sahibliyində olan “**-TF-*** dövlət qeydiyyat nişanlı, “Mersedec Benz B170” markalı avtomobilinə vurulmuş zərərin əvəzi olaraq 1935 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Sərdal oğlundan İddiaçınun sahibliyində olan **-TF-*** dövlət qeydiyyat nişanlı, “Mersedec Benz B170” markalı avtomobilinə vurulmuş zərərin əvəzi olaraq 1935 manat məbləğində pul alınaraq iddiaçıya verilsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh Sərdal oğlundan tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar