Məhkəmə qərarları › İş №2(027)-1960/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1960/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1960/2021 13.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı-nin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 07 dekabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə 2500 manat əsas, 368,82 manat faiz, 519,43 manat cərimə borcu olmaqla, cəmi 3388,25 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində vəsaitin İddiaçı-nin xeyrinə tutulması, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 dekabr 2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh 07 dekabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı-dən illik 21 faizlə 18 ay müddətinə 2500 manat kredit götürmüşdür. Lakin borclu kredit müqaviləsinin tələblərini pozaraq, ödəməli olduğu məbləği ödəməkdən yayınmış və üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. 20 avqust 2021-ci il tarixədək Cavabdeh banka 07 dekabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə 2500 manat əsas, 368,82 manat faiz, 519,43 manat cərimə borcu olmaqla, cəmi 3388,25 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı məhkəməyə teleqram təqdim edərək, işə iddiaçının iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, borclu Cavabdeh 07 dekabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı-dən illik 21 faizlə 18 ay müddətinə 2500 manat kredit götürmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışına əsasən cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir, onun iddiaçının qarşısında 2500 manat əsas, 368,82 manat faiz, 519,43 manat cərimə borcu olmaqla, cəmi 3388,25 manat məbləğində pul öhdəliyi vardır. Ərizəyə əlavə olunmuş xəbərdarlıqdan görünür ki, Cavabdeh "xxxx" İKB ASC ilə bağladığı 07 dekabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış borcunun İddiaçı-yə ödəməsi barədə məlumatlandırılmışdır. Ərizəyə əlavə olunmuş 20.08.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh məktubu aldığı tarixdən 5 gün müddətində borcunu tam olaraq ödəməli olduğu, ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Cavabdeh tərəf isə iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, borc tələbinə dair iddianın hüquqi əsası aşağıdakı normalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-739.2-ci maddəsinə əsasən Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onların bank qarşısında borcu yaranmışdır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 dekabr 2020-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 07 dekabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiyindən 2500 manat məbləğində əsas, 368,82 manat məbləğində faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cərimənin məbləği yüksək həddə hesablandığından onun azaldılması tərəflərin mənafeyinə uyğundur və məhkəmə borcluya hesablanmış cəriməni 50 manat məbləğində müəyyən edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu MPM-in 119.1ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı-nin xeyrinə 07 dekabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə 2500 (iki min beş yüz) manat əsas, 368,82 (üç yüz altmış səkkiz manat səksən iki qəpik) manat faiz, 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 2918,82 (iki min doqquz yüz on səkkiz manat səksən iki qəpik) manat, habelə 30 manat ödənilmiş dövlət rüsumu tutulsun. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 dekabr 2020-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar