Məhkəmə qərarları › İş №2(027)-1960/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1960/2024

28.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1960/2024 28.08.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 835 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzində 30 manat olmaqla, cəmi 865 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Yuxarıda qeyd olunan hüquq normasının tələblərinə əsasən İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh 695 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzində 30 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh soyuducu ustası kimi tanıyır. Ailə üzvlərinə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan Prospekti 57A ünvanında fəaliyyət göstərən “Manqaliya” restoranında soyuducu aparatı işləmədiyi üçün usta kimi cavabdehə müraciət etmişdir. Görüləcək işləri üçün cavabdehin təqdim etdiyi plastik kartına 835 pulu hissə-hissə ödəsə də o, əvəzində heç bir iş görmədi. Dəfələrlə İsmayıla müraciət edərək soyuducunu təmir etməsini ya da ki, aldığı pulu geri qaytarmasını xahiş etsə də heç bir nəticəsi olmadı. Məcbur qalıb, Bakı şəhəri, Yasamal rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir. Yasamal RPİnin İŞ-nin müstəntiqi Nadir Heydərovun 18 fevral 2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarı ilə cinayət işi başlanması rədd edilmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında onun göstərdiyi halları inkar edərək yalandan qeyd etmişdir ki, guya ondan 835 manat borc almış və həmin borcdan da 200 manatını qaytarmış, yerdə qalan hissəsini isə tez bir zamanda qaytaracaqdır. Cavabdeh borclu olduğu məbləğdən 140 manat ona qaytarmış, hazırda cavabdehin borcu 695 manat qalmışdır. İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməklə bu barədə məhkəməyə ərizə təqdim edərək bildirdi ki, iddiaçını tanıyır, ona çox yaxşılığı dəymişdir. 835 manat puldan 140 manatı qaytarmışdır. Lakin avtozəqaya düşərək əməliyyat olunduğundan iddiaçıya qalan borcunu qaytara bilməmişdir. İddianın təmin edilməsinə etiraz etmir. Azərbaycan Respublikası MPM-nin: 52.2-ci maddəsinə görə “cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir”; 191.3-cü maddəsinə əsasən “cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır”. Məhkəmə tərəfləri dinləyib, cavabdehin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhər Yasamal RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru X2 tərəfindən qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 18 fevral 2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh İddiaçı qarşı dələduzluq etməsi faktı üzrə kifayət qədər əsaslandırıcı dəlillər olmadığından toplanmış materialda heç bir cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı cavabdehə soyuducu təmiri ilə bağlı 835 manat məbləğində pul vermişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkməyə müraciət edərək, cavabdehdən 695 manat məbləğində pulun alınıb ona verilməsini tələb etmişdir. Məhkəmə iclasında iştirakı təmin edilmiş cavabdeh isə iddia tələbində qeyd olunanları inkar etməyərək, iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulması; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. İnsan Hüquqları və X1 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin iddianı etiraf etməsi təsdiq edilməli və Cavabdeh 695 (altı yüz doxsan beş) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 695 (altı yüz doxsan beş) manat pul İddiaçı xeyrinə tutulsun. Dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar