Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-197/2024 10.01.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 8700 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2022-ci ilin noyabr ayında kənd təsərrüfatı üçün nəzərdə tutulmuş torpaq ərazisinin alğı-satqısı məqsədi ilə tanış olmuşdur. Belə ki, həmin vaxt o, təsərrüfatla məşğul olmaq məqsədi ilə Quba rayonu Çartəpə kəndində əkinə yararlı torpaq sahəsi axtararkən, digər əkin sahəsinə qulluq edən X1 (**********) vasitəsi ilə cavabdehlə ona məxsus satılan torpaq sahəsində görüşüb, cavabdeh Çartəpə kəndində 0.24 ha torpaq sahəsinin ona məxsus olduğuna dair icra hakimiyyətindən sənədlərinin olduğunu bildirib, lakin faktiki olaraq 0.27 ha sahə olduğunu və qalan 0.03 ha sahənin sahibsiz olduğundan və digər şəxslər tərəfindən yerləşmə baxımından istifadəyə uyğun olmadığından ümumilikdə 0.27 ha torpaq sahəsinin alğısatqısına dair razılıq əldə etmişlər. Razılığa əsasən cavabdeh onda olan sənədlər əsasında DƏDRX tərəfindən Çıxarışın əldə edəcəyinə və ən uzağı bir aya kimi alğı-satqı müqaviləsini imzalayacağına söz vermişdir. Aralarında digər şəxslərin şahidliyi ilə baş verən anlaşmaya əsasən 0.24 ha torpaq sahəsini ümumi dəyəri 39.500 (otuz doqquz min beş yüz) manat məbləğində alğı-satqısına razılaşmış, ümumilikdə isə 0.27 ha torpaq sahəsi verəcəyinə vəd vermişdir. Cavabdeh ona məxsus olan və hazırkı iş üzrə satış predmetini təşkil edən 0.24 ha torpaq sahəsinin qısa zamanda asanlıqla sənədləşdirə biləcəyinə və buna görə də əkin mövsümü olduğundan artıq onun bağa qulluq etməyə, yeni ağaclar əkməyə başlaya biləcəyinə razılıq vermişdir. Cavabdehlə şifahi beh anlaşmaları nəticəsində cavabdehə 500 (beş yüz) manat beh vermiş, qalan 39000 (otuz doqquz min) manat məbləğin isə alğı-satqı zamanı ödəniləcəyinə dair razılaşmışlar. Bundan sonra artıq şifahi beh anlaşmaları da mövcud olduğundan satılan ərazini cavabdeh digər iki qardaşı ilə birgə hamının iştirakı ilə bağa qulluq edəcək şəxsə sərhədləri göstərərək torpağın hasara alınması, baxımsız sahənin təmizlənməsi, qurumuş və yararsız ağacların çıxarılması və yerində yeni gilas və nektarin ağaclarının əkilməsi, becərilməsi və ümumi qulluq üçün yuxarıda adı çəkilən P.X.Ağakişiyevə razılıq və tapşırıq verilmişdir. P.X.Ağakişiyev tərəfindən qeyd olunan işlər üçün ona ümumilikdə 4200 (dörd min iki yüz) manat ödənilmişdir. Cavabdeh söz verdiyi müddətdə behi ödənilmiş torpaq ərazisinin sənədlərini hazırlaya bilməmiş, hər dəfə müxtəlif bəhanələrlə vaxtı uzatmağa çalışmışdır. Bir ilə yaxın davam edən bu uzatmalar ərzində dəfələrlə görüşlər olmuş, sənədləri hazırlanmasına az qaldığını bildirərək vaxtı uzatmışdır. Bu zaman ərzində artıq yeni bağ salınmış, köhnə bağdan bir neçə gilas ağacı qalmış, yeni salınan ağaclara və köhnədən qalan gilas ağaclarına vaxtaşırı qulluğ edilərək xərc çəkilmişdir. Daha sonra ona pul lazım olduğunu bildirmiş və qalan məbləği tam olaraq ona ödənilməsini, bunun müqabilində notarial qaydada ödənişi götürdüyünə dair razılıq müqaviləsinin imzalanmasını təklif etmiş, lakin belə formada alğı-satqı müqaviləsi mövcud olmadığını bildirməklə ona imtina etmişdir. Cavabdeh behi aldığı andan sonrakı digər görüşlərdə də rahatlıqla bağdan istifadə edə biləcəyini, oranı əkməyə, sərmayə yatıracağını və sənədlərin alınmadığı təqdirdə bütün xərcləri geri qaytaracağını dəfələrlə bildirdiyinə görə o, bu xərcin çəkilməsinə razılıq vermişdir. Beləliklə, bar mövsümü yetişəndə cavabdeh sənədləşməni alındıra bilmədiyini, alğı-satqıdan imtina etdiyini və bir il ərzində köhnədən olan gilas ağaclarının barının onun tərəfindən yığılıb satılacağını bildirərək anlaşmaya xitam verdiyini bəyan etmiş, ödənilən behin və çəkilən xərclərin gilas mövsümünün sonunda, yəni ən geci 2023-cü ilin avqust ayının 1-də verəcəyini vəd etmişdir. Lakin cavabdeh vədinə əməl etməmiş, sonradan bir neçə dəfə həmin tarixi uzadaraq gilasları tam satmadığını, satıb dərhal 4700 manat ümumi məbləği ödəyəcəyini demiş, buna dair video və səs yazıları göndərmişdir. Vədinə əməl etməyən cavabdehin əməllərindən Quba rayon polis idarəsinə şikayət etdikdən sonra aydın olmuşdur ki, ümumiyyətlə bu ərazinin yalnız 0.08 ha torpağı ona pay torpağı kimi verilmişdir, cavabdeh ona məxsus olmayan torpağı aldadaraq satmış, etibardan sui-isifadə edərək 500 manat beh məbləğində, 4200 manat bağa faktiki xərclənən məbləğdə ziyan vurmuş, o cümlədən bu müddət ərzində onun Bakı şəhərindən Qubaya əkin sahəsinə nəzarət etmək və oranı abadlaşdıraraq bağ salınması, bağa qulluq edilməsi üçün 2000 manat məbləğində xərclədiyin yol və Quba şəhərində qalmaq xərcləri, eyni zamanda isə bar mövsümündə bir il geri salaraq əldə edə biləcəyi gəlirdən məhrum olduğuna görə əldən çıxmış fayda olaraq 2500 manat məbləğində ona ziyan vurmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ərizə ilə müraciət edərək və iddia tələbini qismən etiraf edərək bildirmişdir ki, iddiaçıdan torpaq sahəsinin alğı-satqısı ilə bağlı 500 manat məbləğində beh almış həmçinin ona 4200 manat məbləğində ziyan vurmuşdur. Daha sonra o, iddiaçıya 4700 manat məbləğində borcundan 500 manatını qaytarmış və hazırda iddiaçıya olan borcu 4200 manat təşkil edir. Qeyd olunanlara əsasən iddianın həmin hissədə təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh ümumilikdə 8700 manat məbləğində pulun alınaraq ona verilməsini tələb etmişdir. Lakin, məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbini qismən qəbul edərək, iddiaçıya 4200 manat məbləğində pul borclu olduğunu bildirmişdir. İddiaçı isə öz növbəsində 4500 (8700-4200=4500) manat məbləğində yaranmış borcun nə əsasında yaranması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində bağa qulluq edilməsi üçün 2000 manat məbləğində xərclədiyini və əldən çıxmış fayda olaraq 2500 manat məbləğində müəyyən edilməsini qeyd etsə də, qeyd olunan xərclərlə bağlı iş materiallarına heç bir sübut əlavə etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi cavabdehin etirafı hissəsində yəni, 4200 manat məbləği hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə qeyd olunan iddia üzrə cavabdehin iddianı etiraf etməsini, yuxarıda göstərilən Qanunun maddəsinə əsasən, qanuna zidd olmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyil, hər hansı şəxsin hüquqların və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından birdir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-1091.2-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qanun normalarının tələbinə görə borc verən şəxs, borc alan onun aldığı pulu qaytarmadıqda, bununla onun hesabına əsassız varlanıb, ona zərər vurduqda, həmin zərərin, həmçinin onun pul vəsaitini qanunsuz saxladıqda, onu qaytarmaqdan boyun qaçırdıqda, onun ödənilməsini digər şəkildə gecikdirdikdə, pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalandıqda, qanunda nəzərdə tutulmuş halda və məbləğdə faizləri borcludan tələb edə bilər. Bu tələb hüququ öhdəliklərin yaranması üçün əsas olan müqavilədən, digər öhdəlik əsaslarından, həmçinin öhdəliklərlə bağlı ümumi hüquqi prinsip olan pacta sund vervanda (öhdəliklər yerinə yetirilməlidir) prinsipindən irəli gəlir. Təbii ki, qanuna görə bu tələbin əsaslılığını sübut etmə vəzifəsi də iddiaçının üzərinə düşür. Qanun normasının mənasına görə iddiaçı cavabdehin ondan aldığı borcu qaytarmadığı şəraitdə, onun hesabına əsassız varlanmaqla ona tələb edilən məbləğdə maddi zərər yetirməsini, həmin zərərin cavabdehin qanunsuz hərəkətləri nəticəsində yaranmasını, zərərlə cavabdehin qanunsuz hərəkətlər arasında səbəbli əlaqənin olmasını və zərər vurulmasında cavabdehin təqsirli olmasını sübut etməlidir. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, cavabdeh iddiaçının hesabına heç bir qanuni və müqavilə əsası olmadan varlanmışdır. Ona görə də, cavabdehdən 4200 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4200 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-197/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-197/2024
10.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver