Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1981/2022 31.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu cəmi 180 (yüz səksən) manat məbləğində pulun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 30 manat məbləğində pulun və ona vurulmuş mənəvi ziyan məbləği olan 100 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı qızı iddia ərizəsində göstərmişdi ki, o Quba rayonu, Rustov kəndində yaşayır. Cavabdeh onunla eyni məhəllədə yaşayır. Bir il bundan qabaq 2021-ci ildə Cavabdeh onun yanına gələrək Quba rayonu Püstəqasım kəndindən at almaq üçün 450 manat məbləğində borc pul istəmişdir. Hətta cavabdeh onun yanına gələrkən “sən də kəndimizin ağsaqqalısan mənimlə birlikdə gedək demişdir”. O cavabdehə 450 manat məbləğində pulu verib və özü də bir ağsaqqal kimi onunla birlikdə Quba rayonu, Püstəqasım kəndinə gedib. Burada cavabdeh ondan borc aldığı 450 manat məbləğində pulu verərək at alıb. Cavabdeh daha sonra həmin atı satacağı və ona olan borcunu qaytaracağını bildirib. Bundan sonra o cavabdehin borc aldığı pulu qaytarmadığını görüb onun qapısına gedib. Lakin cavabdeh bir günə, bir həftəyə, bir aya borcunu ödəyəcəyini deyərək onu yubatmağa çalışıb. O, Cavabdeh valideynlərinin, dayısının yanına gedərək bu barədə məlumat verib. Bundan sonra cavabdeh ona olan borcundan cəmi 270 manat pul qaytarıb. Qalan 180 manat məbləğində pulunu isə qaytarmayıb. O bir ağsaqqal kimi cavabdehin polisə düşməməsi üçün ondan insan kimi pulunu gətirib verməyi bildirsə də, cavabdeh ona “bir də mənim həyətimə gəlmə sənin başını kəsəcəm” deyərək hədələmişdir. O da çarəsiz qalaraq Quba Rayon Polis Şöbəsinə müraciət etməli olub. Quba Rayon Polis Şöbəsində araşdırma aparılmış, cavabdeh izahat verərək ona olan borcunu etiraf etmişdir. Həmçinin cinayət işinin başlanmasının rədd edilməsi barədə 11 aprel 2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış və ona mülki qaydada məhkəməyə iddia qaldırmaq hüququnun olması izah edilmişdir. Sonuncu dəfə cavabdehə pulunu qaytarmasını, əks halda məhkəməyə müraciət edəcəyini bildirib. Bu zaman cavabdeh “get hara istəyirsənsə müraciət et” deyərək pulunu verməkdən imtina edib. Cavabdeh həm pulunu verməmiş, həm də onu əlavə xərclərə salmışdır. Hazırda cavabdehdən pulunu ala bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq, Cavabdeh ona borclu olduğu cəmi 180 (yüz səksən) manat məbləğində pulun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 30 manat məbləğində pulun və ona vurulmuş mənəvi ziyan məbləği olan 100 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı dinləyib, mülki iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materialında olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş, İddiaçı Cavabdeh borc tələbi ilə mülki iddia qaydasında müraciət etmək hüququnun olması izah edilmişdir. İş materialında olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, izahatı alınmış Cavabdeh təxminən 9 ay əvvəl həmkəndlisi İddiaçı 450 manat pul aldığını, həmin 450 manat puldan 270 manat qaytardığını və 180 manat borclu qaldığını etiraf etmişdir. İş materiallarında olan hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2022-ci il tarixli, 469 saylı müqaviləyə əsasən İddiaçı tərəfindən hüquqi yardımın göstərilməsinə görə 30 manat vəsait ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən müəyyən olunur ki, idiaçı iddia ərizəsinə görə 30 (otuzr) manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Quba rayonu, Rustov kəndində qeydiyyatdadır. “İnsan Hüquqları və X1 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə möəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə hüquqi yardıma görə ödənilmiş 30 (otuz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Göstərilənlərə əsasən və işdə olan sübutları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 180 (yüz səksən) manat əsas borc, hüquqi yardıma görə ödənilmiş 30 (otuz) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 180 (yüz səksən) manat əsas borc, hüquqi yardıma görə ödənilmiş 30 (otuz) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1981/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1981/2022
31.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver