Məhkəmə qərarları › İş №2(027)-1989/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1989/2025

20.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1989/2025 20.11.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 ona verilməli olan 8000 manatın, qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ona ödənilməli vəsaitin, o cümlədən 100 (yüz) manat məbləğində dövlət rüsumu kimi ödənilmiş pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Famil İsrafılovu xeyli müddətdir ki, tanıyır və münasibətləri həmişə yaxşı olmuşdur. 2023-cü ilin yaz aylarında Famil ona ailəsində ciddi problemlərin olduğunu və həmin problemlərin həlli üçün pul lazım oluduğunu bildirdi. O, Familə o qədər məbləğdə pulunun olmadığını dedi, lakin maşınını girova qoyub ona pul verə biləcəyini bildirmişdir. Famil buna çox sevindi və onlar onun Toyota-Yaris markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilini Bakı şəhəri, Əhmədli qəsəbəsində yerləşən «Leqenda» avtosalonuna aparmış və girova qoyaraq oradan 5500 (beş min beş yüz) manat pul götürmüşlər. Həmin zaman maşını avtosalonun adına sənədləşdirdilər, lakin maşın onda qalmışdır. O, həmin pulu Familə vermişdir. Avtosalonla müqavilə şərtlərinə görə hər ay 619 (altı yüz on doqquz) manat pul ödəməli olmuşdur. Famil həmin pulun cəmi 2 ayını ödəmişdir. Lakin, sonradan ödəməməyə başladı. Salondan ona zəng edərək maşını əlindən alacaqlarını bildirirdilər. O da, hər dəfə Familə deyirdi ki, pulu ödəsin. Çünki maşın salonun adına rəsmiləşdirilib, istədikləri vaxt gəlib əlindən alıb aparacaqlar. 2023-cü ilin yay aylarında həmin salonun Şövkət adlı əməkdaşı maşını ondan alaraq Bakı şəhərinə apardı və bildirdi ki, maşının pulunu ödəyib qurtarandan sonra maşını geri ala bilər. O, bu haqda yenə Familə bildirmişdir. Lakin, heç bir xeyri olmadı. Məcbur olub maşının həmin vaxta olan borcunu öyrənmiş, salondan dedilər ki, maşının həmin günə olan borcu 8000 (səkkiz min) manat təşkil edir. O, dosttanışından, müxtəlif şəxslərdən 8000 manat pul yığaraq avtosalona getmiş, pulu ödəyib maşını yenidən öz adına rəsmiləşdirib götürüb gəlmişdir. Familə bu haqda məlumat vermiş ki, o, maşını götürmək üçün 8000 manat pulu ödəmişdir. Famil onu yenə arxayın etdi ki, həmin pulu ona ödəyəcəkdir. Hətta Familin həmin pulu ona hissə-hissə ödəməsinə də razı idi. Famil bu dəfə də onu aldatdı. 2023- cü ilin yay aylarından bu günə kimi o, Famildən pulunu ala bilmir. Dəfələrlə yaşadığı evə getmiş, telefonla danışmışdır. Hər dəfə müxtəlif bəhanələr gətirən Famil onun pulunu ödəmir. Artıq maşını avtosalondan çıxarmaq üçün borc aldığı şəxslər ondan pullarını geri tələb edirdilər. Ona görə də onların borcunu qaytarmaqdan ötrü həmin maşını satmaq məcburiyyətində qalmışdır. O, həmin şəxslərin pulunu şəxsi maşınını sataraq qaytarsa da, Famildən pulunu geri ala bilmir. Əlavə olaraq bildirir ki, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Quba şəhərində Famillə görüşmüş və aralarında olan borc məsələsi ilə bağlı danışıqlarını mobil telefonunun diktofonu ilə qeydə alınmışdır. Həmin səs yazısında Famil ona borclu olduğunu etiraf etmiş, lakin maddi vəziyyətinin yaxşı olmaması səbəbindən pulunu qaytara bilmədiyini demişdir (1 ədəd CD təqdim edir). Bundan başqa, o, məcburiyyət qarşısında qalaraq Familin ona qarşı etdikləri haqqında 2025-ci ilin fevral ayında Quba RPŞ-nə ərizə ilə müraciət etmişdir. Quba RPŞnin xx.xx.2025-ci il tarixli, 91/2-C-29733 nömrəli məktubu ilə mənə cavab verilmişdir ki, məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. O, haqlıdır, onun hüquqları pozulmuşdur və Famil İsrafılov ona olan 8000 manat borcunu ödəməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, hazırda iddiaçıya 5.000 manat məbləğində pul borcludur. İddia tələbinin həmin hissədə təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Lakin 8000 manatla bağlı tələbin irəli sürülməsinə razı deyildir. Belə ki, onun tərəfindən ilkin ödənişlər həyata keçirilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddia ərizəsindən göründüyü kimi iddiaçının tələbi cavabdehdən 8000 manat məbləğində pulun tutulmasından ibarətdir. Lakin bununla bağlı yeganə sübut olaraq tərəflər arasında olan danışıqları özündə əks etdirən səs yazılarını təqdim etmişdir. Həmin səs yazılarında cavabdeh həqiqətən də borcunun olmasını etiraf edir. Bundan əlavə cavabdeh məhkəmə iclasında da borcunun olmasını etiraf etmiş, lakin iddia ərizəsində göstərilən məbləğlə razılaşmayaraq, borcunun 5000 manat təşkil etməsini bildirmişdir. Qeyd edilməlidir ki, iddiaçının məhkəməyə təqdim etdiyi səs yazısında cavabdeh borcun məbləği barədə hər hansı bir məlumat vermir. Bundan əlavə iddiaçı özü də cavabdehin konkret olaraq 8000 manat məbləğində borcunun olmasını sübuta yetirə bilməmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İlk növbədə qeyd olunmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatının əsas vəzifəsi hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Bu baxımdan mülki prosessual qanunvericiliyin tələblərinə görə mülki işlər üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır Qeyd edilməlidir ki, çəkişmə prinsipi onun əsasını təşkil edən tərəflərin hüquq bərabərliyi prinsipindən ayrılmazdır. Məhz bərabər hüquq və vəzifələr tərəflərə məhkəmə qarşısında çəkişmək imkanı verir və onlar öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən istifadə etmək imkanına malik olurlar. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Mülki Prosessual Məcəllədə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar. Beləliklə, mülki məhkəmə icraatında çəkişmə prinsipi əsasən iki şərti nəzərdə tutur: - işin faktiki tərəfi ilə, yəni iş üçün əhəmiyyət kəsb edən faktların mülki icraatın tərəfləri tərəfindən sübut edilməsi; - məhkəmədə tərəflərin hüquqi mövqeyinin əsaslandırılması və müdafiəsi Azərbaycan Respublikası MPM-in: 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 89.3-cü maddəsinə əsasən məhkəməyə lazımı sübutların əsli və ya lazımı qaydada təsdiq olunmuş sürəti təqdim edilir. Belə ki, iddia ərizəsi yazılı sübutlara (sənədlərə) işarə edilməsini özündə ehtiva etməlidir. Əgər maraqlı şəxs iddianın təqdim edilməsi hüququna malikdirsə hakim bu hüququn həyata keçirilməsi şərtlərinə əməl olubolmamağını yoxlamalıdır. Qeyd olunanlara riayət edilməyibsə, məhkəmənin iddianın təmin edilməsi barədə qərar qəbul etmək üçün sübut etmə bazasının olmaması deməkdir. Məhkəmə xüsusi olaraq qeyd etmək istəyir ki, sübutların qiymətləndirilməsinin məzmunu aşağıdakılar ehtiva edir: onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi. Məhkəmə sübütları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üşün sübütların mötəbərliyin kifayət edilməsini qiymətləndirir. Məhkəmə qətnaməsi quman olunan nəticələrə, mülahizələrə və işin halları barədə ehtimallara əsaslana bilməz Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Məhkəmə yuxarıda sadalanan halları nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi cavabdehin etiraf etdiyi hissədə yəni, 5000 manat hissəsində təmin oluna bilər. İddiaçı eyni zamanda qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə faiz dərəcəsinin ödənilməsini xahiş etmişdir. AR Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında qeyd edilir ki, MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Məhkəmə Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən çıxış edərək qeyd edir ki, İddiaçı ona məxsus pul vəsaitinin Cavabdeh tərəfindən uzun müddət əsassız saxlanılması nəticəsində cavabdehin həmin pul vəsaitindən gəlir, fayda əldə etməsini sübut edə bilməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçının bu tələbi qeyrimüəyyən xarakter daşıyır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Bu halda, məhkəmə qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, hazırki iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar