Məhkəmə qərarları › İş №2(027)-1992/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1992/2024

23.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1992/2024 23.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X36 qızının katibliyi, Cavabdeh2 vəkli və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Məmmədova (Musayeva) Bahar Ələmşah qızına, Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “miras əmlak barəsində Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi və miras əmlakdan payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 keçmiş DT və XK tərəfindən hazırlanan JN-1032F kod ********* nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin və həmin şəhadətnamə əsasında verilmiş seriya RX ******* və RX ******* nömrəli çıxarışların etibarsız hesab edilməsi; X2ndan miras qalmış Quba rayonu Birinci Nügədi kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsindən və üzərində yerləşən 82 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evindən vərəsəlik payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, X2nun birinci nikahı X10 ilə, ikinci nikahı anası Məmmədova (Qayıbova) Lüyusa Qadaş qızı ilə olmuşdur. X2 17 mart 1993-cü il tarixdə, X10 24 fevral 1978-ci il tarixdə, anası Məmmədova (Qayıbova) Lüyusa Qadaş qızı 2001-ci il tarixdə yaşadıqları Quba rayonu, Birinci Nügədi kəndində vəfat etmişdir. Cavabdehlər olan bacısı Cavabdeh1 və azyaşlı oğlu Cavabdeh2 adına Şəhadətnamələr hazırlanmışdır. 03 iyun 2019-cu il tarixli arxiv arayışında isə ailə tərkibi X11, X44 və bacısı olması qeyd edilib. Bundan sonra cavabdehlərin adına RX ******* və RX ******* nömrəli çıxarışlar verilmişdir. Həmin çıxarışlara əsasən cavabdehlərin mülkiyyətində olan 0,18 ha torpaq sahəsi və fərdi yaşayış evi valideynlərindən miras qalmış əmlakdır. Vərəsələrin dairəsinə cavabdeh Məmmədova (Musayeva) Bahar Ələmşah qızı, X20, X21, X12, X13 və özü aidirlər. Valideynlərinin vəfatəndan sonra cavabdehlər Cavabdeh1qızı və Cavabdeh2 həmin evə və torpaq sahəsinə mülkiyyət hüquqları qeydiyyata alınarkən onun və digər vərəsələrin payları müəyyən edilmədən vərəsəlik hüquqları pozulmuşdur. O, mərhun X2na ayrılmış torpaq sahəsi üzərində onun tərəfindən inşa edilən evdə anadan olmuş, digər vərəsələrlə birlikdə yaşamışdır. Lakin torpaq islahatı zamanı cavabdehlərin hər ikisinə eyni nömrəli şəhadətnamələr, həmin şəhadətnamələrə əsasən isə yuxarıda qeyd olunan çıxarışlar verilmişdir. 2000-ci ildə işləmək üçün Rusiya Federasiyasına getmişdir. Orada yaşamış, məkumluq həyatı keçirmişdir. 2023-cü ildə vətənə dönmüşdür. Atasındam miras qalmış evdən torpaq sahəsindən miras payını qəbul etmək üçün X52 Xidmət Notariat Ofisinə müraciət edib, vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdir. Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 4702 nömrəli məktubu ilə şəhadətnamənin verilməsindən mirasın qəbulu müddətinin ötürülməsi, əmlakın başqa şəxsin adına qeydiyyata alınması bildirilmişdir. Hazırda başqa yaşayış yeri olmadığından miras qalmış evdə polisin nəzarəti altında yaşayır. Hesab edir ki, keçmiş DT və XK tərəfindən hazırlanan şəhadətnamələr və həmin şəhdətnamələr əsasında verilmiş çıxarışlar etibarsız hesab edilməli, miras əmlakda payları məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə İddiaçı, cavabdeh Məmmədova (Musayeva) Bahar Ələmşah qızı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməslərinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1, 185.4 və 185.5-ci maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının və həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Cavabdeh2 vəkli və nümayəndəsi Vəkil iddianı qəbul etməyərək, bildirmişdir ki, nümayəndəsi və vəkili olduğu Cavabdeh2lə atası Rasim Musayevin ata oğul kimi münasibətləri soyqdur. Ata ilə oğul arasında bu işdən başqa məhkəmələrdə dəfələrlə məhkəmə mübahisələri olmuşdur. Bu iddianı da Rasim Musayev tərəfindən qəsddən İddiaçı təsir göstərilərək verilmişdir. İş üzrə İddiaçı məhkəmənin yeri və vaxtı barədə məhkəmə tərəfindən bildirişlər göndərilsə də məhkəmə iclaslarına gəlməmişdir. Bu da iş üzrə iddiaçının hazırki işdə marağının olmamasının bariz nümunəsidir. Həmçinin iddia müddəti keçdiyi üçün iddianın rədd olunması xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan doğum haqqında xx.xx.1967-ci il tarixli AZ № ******* saylı şəhadətnamənin surətindən görünür ki, xx.xx.1967-ci ildə Quba rayonu Birinci Nügədi kəndində doğulmuş İddiaçı atası X22, anası X17r. İş materiallarında olan ölüm haqqında xx.xx.1979-cu il tarixli İ-JQ № 477864 saylı şəhadətnamənin surətindən görünür ki, X15 1978-ci ilin fevral ayında Quba rayonu Birinci Nügədi kəndində ölmüşdür. İş materiallarında olan ölüm haqqında xx.xx.2023-cü il tarixli AZ-İİ № 373830 saylı təkrar şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.1993-cü il tarixdə Quba rayonu İkinci Nügədi kəndində ölmüşdür. İş materiallarında Quba RİHB-nin İkinci Nügədi kənd İƏD üzrə nümayəndəliyinin 1369 saylı xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, X19 xx.xx.1993-cü il tarixdə Quba rayonu İkinci Nügədi kəndində ölmüşdür. Onun vərəsələri İddiaçı, X23, X20, X21, X9, X16, X18 (ölüb), X24 (ölüb), X3r (ölüb). İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının 987 saylı xx.xx.2019-cu il tarixli arxiv arayışında 1969-1971-ci illər üzrə Birinci Nügədi kəndinə aid 5 saylı təsərrüfatbaşına kitabda X4 334 saylı təsərrüfatın başçısı olduğu, ailə üzvlərinin özü, X45 və X6 ibarət olduğu göstərilir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-1032F KOD 30319018 saylı şəhadətnamənin surətindən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 06 saylı qərarına əsasən 0,18 hektar torpaq sahəsi Quba rayonu Birinci Nügədi kənd sakini Cavabdeh2 mülkiyyətinə verilmişdir. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* saylı çıxarışın surətindən görünür ki, Quba rayonu Birinci Nügədi kəndində yerləşən ümumi sahəsi 82 kv.m olan fərdi yaşayış evi və 0.18 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixdə tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 43 saylı reyestr kitabının 63 saylı vərəqində qeydiyyata alımışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh2 Quba rayonu Birinci Nügədi kəndində yerləşən ümumi sahəsi 82 kv.m olan fərdi yaşayış evini və 0.18 ha torpaq sahəsini Cavabdeh1 bağışlamışdır. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* saylı çıxarışın surətindən görünür ki, Quba rayonu Birinci Nügədi kəndində yerləşən ümumi sahəsi 82 kv.m olan fərdi yaşayış evi və 0.18 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixdə tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 43 saylı reyestr kitabının 63 saylı vərəqində qeydiyyata alımışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli aktın surətindən görünür ki, X1 Cəmil Rasim oğlu ilə 1999-cu ildə ailə qurduqdan sonra Cavabdeh1 məxsus Bakı şəhərindəki evə gəlin köçmüşdür. 1999-cu il tarixdən 2017-ci il tarixədək X27, Cavabdeh2 və onların övladları Cavabdeh1 məxsus ünvan 1-də olan 0.18 ha həyətyanı torpaq sahəsində tikilən evdə yaşamamışlar. ünvan 1-də olan 0.18 ha həyətyanı torpaq sahəsində tikilən ev X7 məxsusdur. Cavabdeh1 həmin evdə doğulub böyümüş, hal hazırda əri X35 ilə birlikdə ünvan 1 ünvanındakı evdə yaşayır. İş materiallarında olan X52 xidmət mərkəzində notariat ofisinin 4702 saylı xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, notariat orqanı mirasın qəbulu müddətini ötürdüyü və əmlakın hüquqmüəyyənedici sənədini təqdim etmədiyi üçün, xx.xx.1993-cü il tarixdə ölmüş X5 qalmış mirası qəbul etmək və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin mümkün olmadığını İddiaçı nəzərinə çatdırmış, məsələ ilə əlaqədar məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. 532-ci maddəsinin birinci abzasına əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2014-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin məhkəmələr tərəfindən rəhbər tutulmalı və məcburi hüquqi qüvvəsi olan mövqeyi ondan ibarətdir ki, vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. İddiaçı tələbini Quba rayonu Birinci Nügədi kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən sahəsi 82 kv.m olan fərdi yaşayış evinin X2ndan miras qaldığını iddia etsə də, həmin halın təsdiqi üçün sübut təqdim etməmişdir. Yanaşı yoxlanılmış sübutlarla isə Quba rayonu Birinci Nügədi kəndi üzrə 334 saylı təsərrüfatın başçısının 1969-1971-ci illər üzrə X4 olması, eləcə də Quba rayonu Birinci Nügədi kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsinin Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 06 saylı qərarına əsasən Cavabdeh2 mülkiyyətinə verilməsi, üzərində yerləşən sahəsi 82 kv.m olan fərdi yaşayış evinin isə torpağın mülkiyyətə verilməsinə dair JN-1032F KOD 30319018 saylı şəhadətnaməyə əsasən sonunsunun mülkiyyətinə qeydə alınması təsdiq edilmişdir. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, Quba rayonu Birinci Nügədi kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsi Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 06 saylı qərarına əsasən Cavabdeh2 mülkiyyətinə ayrılmış və bu barədə torpağın mülkiyyətə verilməsinə dair JN- 1032F KOD 30319018 saylı şəhadətnamə verilmişdir. Quba rayonu Birinci Nügədi kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən sahəsi 82 kv.m olan fərdi yaşayış evi qeyd edilən qərar və sənəd əsasında xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın Dövlət reyestrində onun adına qeydiyyata alımış və seriya RX № ******* saylı çıxarış verilmişdir. Cavabdeh2 xx.xx.2017-ci il tarixdə Quba rayonu Birinci Nügədi kəndində yerləşən ümumi sahəsi 82 kv.m olan fərdi yaşayış evini və 0.18 ha torpaq sahəsini Cavabdeh1 bağışlamışdır. Həmin daşınmaz əmlak xx.xx.2017-ci il tarixdə tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alımış və seriya RX № ******* saylı çıxarış verilmişdir. Quba rayonu Birinci Nügədi kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən sahəsi 82 kv.m olan fərdi yaşayış evinin X14 məxsus olması və onun ölümündən sonra miras qalması halları təsdiq edilməmişdir. İddiaçı Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 06 saylı qərarını mübahisələndirməmişdir. Eyni zamanda iddiaçı tələbini 2000-ci ildə işləmək üçün Rusiya Federasiyasına getməsi, orada yaşaması, məkumluq həyatı keçirməsi, 2023-cü ildə vətənə dönməsi ilə əsaslandırsa da, bu barədə də sübut təqdim etməmişdir. Məhkəmə iddiaçının bu dəlilləri üzrə onu qeyd etməyi zəruri sayır ki, qeyd edilən halların təsdiq olunması belə hazırkı iddianın təmin edilməsinə əsas ola bilməz. Belə ki, iddiaçı hələ 2000-ci ildə Rusiya Federasiyasına gedənədək, müvafiq hərəkətləri etmədiyindən xx.xx.1993-cü il tarixdə ölmüş X5 qalmış mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) itirmişdir. Məhkəmə eyni zamanda iddiaçının tələbinin əsası kimi istinad etdiyi halın təsdiqi üçün təqdim etdiyi, lakin hazırkı işdə iştirak etməyən və miras əmlak olaraq iddia edilən evdən köçüb getdiyi göstərilən şəxs barəsində olduğundan, eləcə də iddiaya qiymət verilməsində istinad ediləcək məlumatları əks etdirmədiyindən xx.xx.2017-ci il tarixli aktın surətini iddianın təmin edilməsinə əsas saymır. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, Quba rayonu Birinci Nügədi kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən sahəsi 82 kv.m olan fərdi yaşayış evinin X14 məxsus olması və onun ölümündən sonra miras qalması təsdiq edilmədiyindən, eləcə də iddiaçı qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu həyata keçirməməklə X5 qalan mirasa subyektiv vərəsəlik hüququnu itirdiyindən iddia tələbi təmin edilə bilməz. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Məmmədova (Musayeva) Bahar Ələmşah qızına, Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “miras əmlak barəsində Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi və miras əmlakdan payların müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar