Məhkəmə qərarları › İş №2(027)-1998/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1998/2023

16.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1998/2023 16.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi X9 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon məhkəməsinin 2(027)-3294/2015 saylı, 11 dekabr 2015-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının dəyişdirilərək, 04 fevral 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin, ödədiyi 50 manat mediasiya xərcinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Quba rayon məhkəməsinin 11 dekabr 2015-ci tarixli 2(027)-3294/2015 qətnaməsi ilə onunla X4 arasında Bakı şəhəri Nizami rayonu Qeydiyyat şöbəsində 19 mart 2011-ci il tarixdə bağlanmış 325 nömrə ilə qeyd edilmiş nikah qeydi pozulmuş, 04 fevral 2012-ci il təvəllüdlü X8 onun himayəsində saxlanılmış, 04 fevral 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 13 noyabr 2015-ci il tarixdən başlayaraq, hər ay 108 manat pul məbləğində aliment tutularaq iddiaçı -X3 ödənilməsi qət edilmişdir. Belə ki, həmin məbləğin müəyyən olunmasından artıq 8 ilə yaxın müddət keçmişdir. 108 manat məbləğində aliment bir uşağın bir ay müddətinə saxlanılması üçün kifayət etmir. 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün 220 manat nəzərdə tutulmuşdur. Qeyd olunan məbləğ hazırki bazar iqtisadiyyatına nisbətdə aşağı olmaqla bir ay müddətində uşağın yeməyini, geyimini və digər maddi tələbatlarını ödəmir. Övladı məktəblidir, qızı 6-cı sinifdə oxuyur. Maddi tələbatları artmışdır. Övladnın maddi tələbatlarını çətinliklə qarşılayır. Cavabdeh təmir tikinti işləri ilə məşğul olur. Qazancı və gəliri kifayət qədər yüksəkdir. Lakin övladının mənafeyi, dolanışığı, maddi tələbatları ilə maraqlanmır. Alimentin miqdarının artırılması üçün Mediasiya Şurasına müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2023-cü il tarixdə keçirilmiş mediasiya sessiyasında iştirak etməmişdir. Qeyd edir ki, mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 50 manat mediasiyaya dair xərc tərəfindən ödənilmişdir. Övladı azyaşlıdır, anası xərçəng xəstəsidir, onun daima onun qulluğuna ehtiyacı vardır, bundan başqa maddi imkanım aşağıdır. Bu səbəbdən də o cavabdehin yaşayış yeri üzrə Bakı şəhərinə gedib-gəlməkdə çətinlik çəkir. Ona görə də, yaşadığı yer üzrə Quba rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddianın təmin olnmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək, göstərmişdir ki, Quba Rayon Məhkəməsinin qətnaməsinə əsasən iddiaçıya uşağın saxlanması üçün təyin olunmuş alimenti müntəzəm olaraq ödəyir. Rəsmi iş yeri yoxdur. Fərdi əmək fəaliyyəti ilə məşğul olur. İddiaçıdan ayrılqdan sonra o, yeni ailə qurmuşdur və yeni ailəsindən bir uşağı vardır. Hazırda iddianın təmin olunmasın etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İİ 909409 nömrəli doğum haqqında şəhadətnamənin notarial təsdiqli surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2012-ci il tarixdə X8 doğulmuşdur; AZ-İ seriyalı 214874 nömərli Nikahın pozulması haqqında şəhadətnamənin notarial təsdiqli surətindən görünür ki, Cavabdeh ilə X4 arasında bağlanmış nikah xx.xx.2016-cı il tarixdə ləğv edilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)-3294/2015 saylı qətnaməsindən görünür ki, İddiaçı X4 ilə Cavabdeh arasında Bakı şəhəri Nizami rayonu Qeydiyyat şöbəsində 19 mart 2011-ci il tarixdə bağlanmış, 325 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması 04 fevral 2012-ci il təvəllüdlü X1 və tərbiyyə olunması üçün anası X2 yanında saxlanılması, 04 fevral 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşma çatana qədər saxlanması üçün Cavabdeh 13 noyabr 2015-ci il tarixdən başlayaraq hər ay 108 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5ma ödənilməsi qət edilmişdir; xx.xx.2023-cü il tarixli, MŞQ-MT-027-2023-001059 saylı ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştriak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərc ödədi. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olundu ki, Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)-3294/2015 saylı qətnaməsinə əsasən tərəflərin birgə nikahından doğulmuş 04 fevral 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün, Cavabdeh hər ay sabit pul məbləğində 108 manat aliment tutularaq, İddiaçı verilməsi müəyyən edilmişdir. Hazırda təyin edilmiş aliment uşaqın tələbatlarını ödəmədiyindən iddiaçı tərəf uşağın saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı aliment miqdarının artırılmasını tələb edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, məhkəmə uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Həmçinin məhkəmə, yetkilik yaşına çatmayanlar üçün 2023-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia təmin edilməli, xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)- 3294/2015 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, ilkin mediasiya prosesi üçün ödənilmiş 50 (əlli) manat Cavabdeh tutularaq, İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edidir. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)-3294/2015 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılsın; hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İlkin mediasiya prosesi üçün ödənilmiş 50 (əlli) manat Cavabdeh tutularaq, İddiaçı verilsin. Alimentin artırılması tələbi ilə bağlı ödənilməsi müəyyən edilmiş 33,44 (otuz üç manat qırx dörd qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar