Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2000/2025 03.09.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli xx.xx.2022-ci il tarixli onlayn kredit verilməsinə dair məktub üzrə 4798.72 AZN əsas borc, 1337.05 AZN faiz borcu, 9478.53 AZN cərimə borcu, xx.xx.2024-cü il tarixdən xx.xx.2025ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 149.95 AZN məbləğində əldən çıxmış fayda olmaqla olmaqla ümumilikdə cəmi 8655.35 AZN borcu və 106.55 AZN ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixli onlayn kredit verilməsinə dair məktuba əsasən İddiaçı ASC-dən illik 15 faizlə 24 ay müddətinə 7000 AZN kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 19 fevral 2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli onlayn kredit verilməsinə dair məktub üzrə banka 4798.72 AZN əsas borc, 1337.05 AZN faiz borcu, 9478.53 AZN cərimə borcu, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 149.95 AZN məbləğində əldən çıxmış fayda olmaqla olmaqla ümumilikdə cəmi 15764.25 AZN borcu vardır. Cavabdeh xx.xx.2022-ci il tarixli onlayn kredit verilməsinə dair məktub üzrə banka ümumi cərimə borcu 9478.53 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 2369.63 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. xx.xx.2022-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditlərə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditlərə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqavilələrinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. II. Tərəflərin mövqeləri: İddiaçı ASC-nin nümayəndəsi X3 məhkəməyə ərizə göndərərək, ərizəsində məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddianı qismən qəbul edərək, iddianın əsas borc hissəsində təmin olunmasına etiraz etmədiyini, faiz və cərimə borcu hissəsində azaldılmasını xahiş etmişdir. İİİ. İşin faktiki halları: İş materiallarında olan “Yelo” mobil tətbiq üzərindən verilən öhdəliyi üzrə Razılaşmanın təsdiqindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli onlayn kredit verilməsinə dair məktuba əsasən İddiaçı ASC-dən illik 15 faizlə 24 ay müddətinə 7000 AZN kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci tarixli bildirişdən görünür ki, İddiaçı ASC tərəfindən cavabdehə banka olan borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 4798,72 manat məbləğində əsas, 1337,05 manat məbləğində faiz borcu və 9478,53 manat məbləğində cərimə borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 106,55 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə müəyyən etmişdir ki, iddiaçı tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də iddiaçı tərəf qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 427-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir; 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur; 739-cu maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 743.1-ci maddəsinə əsasən Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, əsas borc 4798,72 manat, faiz borcu 1337,05 manat təşkil etdiyi halda, 9478,53 manat məbləğində dəbbə pulunun hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə dəbbə borcu 100 manata qədər azaldılmalıdır. Sadalananlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilərək, Cavabdeh 4798,72 manat əsas borc, 1337,05 manat faiz borcu və 100 manat cərimə borcu, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmış 149,95 manat olmaqla, cəmi 6385,72 manat borc İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 106,55 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. V. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh 4798,72 manat əsas borc, 1337,05 manat faiz borcu və 100 manat cərimə borcu, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmış 149,95 manat olmaqla, cəmi 6385,72 manat borc və 106,55 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmn edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №2(027)-2000/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2000/2025
03.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver