Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2001/2025 27.11.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, müəyyən etdi: I. İşin mahiyyəti: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3600 (üç min altı yüz) manat borc verdiyi pulu və dövlət rüsümü üçün ödənilmiş 57 manat pulu, cəmi 3657 (üç min altı yüz əlli yeddi) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh (Şəxsiyyət vəsiqəsi: AA*******) Beyləqan rayonunda tanıyıb və yaxın münasibətləri olmuşdur. Cavabdeh 2024-cü ilin yanvar ayı tarixdə yanına gələrək ondan 2000 (iki min) manat götürərək 4 aya qaytarmağa söz vermiş, 3 ay sonra əlavə 2000( iki min) manat, cəmi 4000 (dörd min) manat borca pul götürərək öz xətti ilə bu barədə qəbz yazmaqla tez bir zamanda qaytaracağına söz vermişdir. Cavabdeh borcundan müxtəlif vaxtlarda dörd dəfə 100 manat, cəmi 400 manat qaytarıb. Qeyd edir ki, Cavabdeh əvvəllər ondan borca pul götürsə də vaxtında qaytarmışdır. Lakin Cavabdeh hər dələ müxtəlif cür bəhanələr gətirərək, ondan borca aldığı 3600 (üç min altı yüz) manat pulu yaxın vaxtlarda qaytaracağını bildirərək onu aldatmışdır. Cavabdeh hazırda işləyir, yüksək əmək haqqı alır və borclu olduğu pulu qaytarmağa maddi imkanı var. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İİ. Tərəflərin mövqeləri: İddiaçı məhkəməyə teleqram göndərərək, məhkəmə iclaslarına gələ bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavadehlə telefon vasitəsilə əlaqə saxlanılan zaman sonuncu maddi imkanı olmadığından borcunu qaytara bilmədiyini qeyd etmişdir. İİİ. İşin faktiki halları: Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan əlyazma qəbzlərdən görünür ki, 1989-cu il təvəllüdlü Cavabdeh N nömrəli hərbi hissədə xidmət etdiyini, İddiaçı iki dəfə ayrı-ayrı vaxtlarda 2000 (iki min) manat, cəmi 4000 (dörd min) manat borc pul götürdüyünü, 2000 manatı 1 aya, qalan 2000 manatı bir həftəyə qaytaracağına söz vermişdi və qəbzləri imzalayaraq təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, hazırki iddianın qaldırılması ilə bağlı iddiaçı tərəfindən 57 (əlli yeddi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xəbərnamələrdən görünür ki, hər iki tərəf məhkəmə iclasının vaxtı və yeri barədə bildirişləri almış və bildirişlərin göndərilməsini təsdiq edən xəbərnamələri imzalamışdılar. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: İddia ərizəsindən görünür ki, Cavabdeh borcundan 400 manat qaytarmışdır. Məhkəmə araşdırması zamanı Cavabdeh İddiaçı məxsus 3600 (üç min altı yüz) manat məbləğində pulu əldə etməklə, qaytarmaması və ya qaytarmaqdan imtina etməsi, iddiaçıya 3600 (üç min altı yüz) manat məbləğində maddi zərər vurması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -739.1-ci maddəsinə əsasən 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. -739.3-cü maddəsinə əsasən Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. -742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. -425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. - 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında borc barədə razılıq əldə olunmaqla iddiaçı tərəfindən cavabdehə 2 müqavilə üzrə 2 dəfə 2000 manat olmaqla cəmi 4000 manat məbləğində borc verilmiş və cavabdeh yaxın vaxtda borcu ödəməyi öhdəsinə götürmüşdür. Bu halı cavabdeh qəbzdə qeyd etməklə təsdiq etmişdir. Cavabdeh borcundan yalnız 400 manat məbləği qaytarmışdır. Beləliklə, məhkəmə ərizəni nəzərdən keçirib və iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 3600 (üç min altı yüz) manat məbləğində pul alınaraq, iddaçı İddiaçı verilməlidir. İddiaçı həmçinin ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsini tələb edir. Azərbaycan Respublikası MPM-nın 119-cu maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia bu hissədə də təmin edilərək, ödənilmiş 57 (əlli yeddi) manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrəini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 3600 (üç min altı yüz) manat məbləğində pul və 57 (əlli yeddi) manat dövlət rüsumunun əvəzi alınaraq iddaçı İddiaçı verilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə (elektron qaydada) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №2(027)-2001/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2001/2025
27.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver