Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2012/2025 27.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İ.İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı iddia ərizəsiylə məhkəməyə müraciət edərək, onun və xx.xx.2015-ci il təvəllüdlü qızı X2, xx.xx.2017-ci il təvəllüdlü qızı X1 və xx.xx.2021-ci il təvəllüdlü qızı X3 - cavabdehə məxsus, Quba rayonu Püstəqasım kəndində yerləşən yaşayış evindən istifadə hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci ildə, Quba rayonu, Püstəqasım kənd sakini - X9 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur və onun atasına, cavabdehə məxsus, Quba rayonu Püstəqasım kəndində yerləşən evə gəlin köçmüşdür. Cehiz əşyaları da hal-hazırda həmin evdədir. Ailə qurduqdan bir müddət sonra, xx.xx.2021-ci ildə, həyat yoldaşı vaxtsız vəfat etmiş və birgə nikahdan dünyaya gələn övladları, xx.xx.2015-ci il təvəllüdlü Esmira, xx.xx.2017-ci il təvəllüdlü Yasəmən və xx.xx.2021-ci il təvəllüdlü Rəvanə və o qayınatasına məxsus evdə yaşamağa davam etmişdir. Cavabdehlə münasibətləri, həyat yoldaşı və cavabdehin oğlunun ölümündən sonra, heçbir səbəb olmadan gərginləşmişdir. Cavabdeh, ürəyi istəyən vaxt, yaşadığı evin elektrik, qaz və internet xəttini şəbəkədən ayıraraq, üç qız uşağı ilə onu - əsasən qış aylarında, sərt hava şəraitində istiliksiz, yanacaqsız qoyur. Nəticədə ailə münasibətləri gərginləşir, cavabdehin təşəbbüsü ilə ciddi kommunal və sosial çətinliklərlə üzləşir. Cavabdeh onun gəlin köçdüyü evdə yaşamağına hər vasitə ilə mane olur. Onların həmin evdə yaşamağlarına imkan vermir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddiaya etiraz edərək, izahatında bildirmişdir ki, evin mülkiyyətçisidir, nəvələrindən imtina etmir, onları saxlamağa, onların həmin evdə yaşamalarına, hətta evi belə nəvələrinin adına keçirilməsinə etiraz etmir, lakin gəlinin onunla bir evdə yaşamasına qəti olaraq razı deyil və onun həmin evdən çıxmasını tələb edir. III. İşin faktiki halları: - İş materiallarına əlavə edilmiş İİ-AZ 026183 seriyalı “Nikah haqqında şəhadətnamə”nin təsdiq olunmuş surətindən göründüyü kimi, X9 ilə X8 arasında xx.xx.2015-ci il tarixdə Quba rayonu Qeydiyyat şöbəsində nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 28 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra qadına “Hacıəliyeva” soyadı verilmişdir. - İş materiallarına əlavə edilmiş “doğum haqqında şəhadətnamə”lərin surətindən görünür ki, X9 ilə İddiaçı birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X7 doğulmuşdur. - İş materiallarında olan AZ-İİ 181200 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci ildə 0202 nömrə ilə qeyd edilmişdir. - İş materiallarına əlavə edilmiş Quba RİHB-nın Rustov kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 389 nömrəli arayışa əsasən, İddiaçı Quba rayonunun Rustov kəndində daimi qeydiyyatdadır və hazırda Rustov İƏD üzrə Püstəqasım kəndində yaşayır və xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X7 tərkibdə ailəsi vardır. - Quba RİHB-nın Rustov kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 391 nömrəli arayışa əsasən, İddiaçı Quba rayonunun Rustov kəndində daimi qeydiyyatdadır və hazırda övladları ilə birgə Rustov İƏD üzrə Püstəqasım kəndində qaynatası Cavabdeh məxsus evdə yaşayır. - İş materiallarına əlavə edilmiş Quba RİHB-nın Rustov kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 569 nömrəli arayışa əsasən, Cavabdeh məxsus Rustov İƏD üzrə Püstəqasım kəndində 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin ərazisində tikilmiş 3 otaqdan ibarət 1 mərtəbəli fərdi yaşayış evi vardır. - Cavabdeh sorğusuna əsasən,məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2025-ci il tarixli, 354 nömrəli arayışdan görünür ki, Rustov İƏD üzrə Püstəqasın kəndində Cavabdeh adında mülkiyyət hüququ əsasında xx.xx.1989-cu il tarixli, 310 qeydiyyat nömrəli fərdi yaşayış evi vardır. - IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evi iddiaçı və X5 birgə nikahından öncə əldə edilmiş, cavabdehin mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının; 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıb ya yox?; 2) şəxs yaşadığı yerdən məhrum edilib ya yox?; 3) məhrum edilmə qanunidirmi? Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Azərbayca Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə əsasən -Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. -Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. - Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” qərarına uyğun olaraq həll edilməlidir. Belə ki, həmin qərara əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, tərəflər arasında münasibətlər 2001-ci il tarixdən sonra yarandığı üçün Mulki Məcəllənin 228.2-ci maddəsi tətbiq edilməlidir. 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2ci maddələri isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. İddiaçı Quba rayonu Rustov kəndində gəlin köçdüyü fərdi yaşayış evinə özünün və övladlarının istifadə hüququnu tələb etsə də, həmin evə dair hər hansı hüquqmüəyyənedici sənədi, eləcə də hüququ mövcud olmamışdır. Belə ki, iddiaçının istinad etdiyi evə dair cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş arayışdan görünür ki, hazırki mübahisə predmeti olan ev xx.xx.1989-cu ildən Cavabdeh mülkiyyətindədir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçının mübahisəli evə dair gözlənti hüququ da yoxdur. Belə ki, həmin fərdi yaşayış evi birgə nikahdan yəni 2015–ci il tarixdən öncə əldə edilmşdir. Məhkəmə qeyd edir ki, şəxsin mənzilə köçürülmə barədə tələbinin əsaslılığı, onun həmin daşınmaz əmlaka əmlak hüquqlarının (mülkiyyət hüququ, əmlakdan istifadə hüququ və s.) mövcud olması ilə əlaqəlidir. Lakin iş materiallarında İddiaçı mübahisəli fərdi yaşayış evinə dair əmlak hüququnun olmasına əsas verən mötəbər sübutlar (müqavilə və s.) mövcud deyildir və məhkəmə araşdırması zamanı da belə bir hal müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, fərdi yaşayış evindən istifadə hüququnun müəyyən edilməsinə dair iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə məhkəmə xərclərinin bölünməsi məsələsinə münasibətdə hesab edir ki, İddiaçı hazırki iddia tələbi rədd edildiyindən onun tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da İddiaçı özünə aid edilməlidir. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 124, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. . Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №2(027)-2012/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2012/2025
27.10.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver