Məhkəmə qərarları › İş №2(027)-2015/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2015/2024

15.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2015/2024 15.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, İddiaçı iştirakı ilə, Cavabdeh, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(027)-146/2021 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılaraq birgə nikahlarından olan 02 may 2011-ci il təvəllüdlü X9 və 11 aprel 2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 235 (iki yüz otuz beş ) manat olmaqla, cəmi 470 ( dörd yüz yetmiş ) manat sabit pul məbləğində alimentin, ilkin mediasiya prosesi zamanı 50 (əlli) manat məbləğində xidmət haqqı kimi ödədiyi pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı Cavabdeh ilə 07 mart 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 02 may 2011-ci il təvəllüdlü X9 və 11 aprel 2019-cu il təvəllüdlü X10 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə münasibətlərinin pis olması səbəbindən Cavabdeh “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-146/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlə aralarında bağlanmış 07 mart 2011-ci il tarixli nikah qeydinin pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş övladlarının onun himayəsində saxlanması və birgə nikahdan doğulmuş övladlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla, ümümilikdə 200 (iki yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi qət edilmişdir. Uşaqları məktəblidir, ehtiyacları günügündən artır. Qət edilmiş aliment miqdarı isə hal-hazırda qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumundan dəfələrlə azdır. Qeyd edilən aliment miqdarı ilə uşaqların saxlanılması çətin olduğu üçün o, alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hazırda qət edilmiş aliment miqdarı ilə uşaqlara baxmaq çətindir. Uşaqların təhsili, geyimi, sağlamlığı, istirahəti ilə bağlı xərcləri hər gün artır. O, bir ana kimi təkbaşına bu xərcləri qarşılamaqda çətinlik çəkir. Mənim kimi övladlarına baxmaq cavabdehin də vəzifəsidir. O, ilkin olaraq cavabdehlə aralarında olan mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün mediasiyaya müraciət etmişdir. Lakin cavabdeh ilə aralarında heç bir razılığa gələ bilmədiyləri üçün ona X3 sonra prosessin davam etdirilə bilməməsi barədə 23 iyul 2024-cü il tarixli, MSQ-MT-027-2024- 01003 nömrəli arayış verilmişdir. Ona görə də alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, onlar boşansalar da bir evdə yaşayırlar, buna baxmayaraq, evin bütün ehtiyaclarını, komunal xərclərini özü ödəyir, uşaqların getdikcə artan təlabatını ödəmək iqtidarında deyil, indiki şəraitdə 100 manatla uşaq saxlamaq çox çətindir və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o hər ay alimenti ödəyir, aliment borcu yoxdur. Mənzil Kommunal Tikinti idarəsində işləyir, aylıq 337 manat əmək haqq alır. Başqa gəlir yeri yoxdur. Aliment aldığı əmək haqqına görə müəyyən edilməlidir, hər uşağa görə 150 manat ödəməyə imkanı yoxdur. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(027)- 146/2021 saylı qətnaməsindən göründüyü kimi, Cavabdeh ilə X8 arasında xx.xx.2011 -ci il tarixində bağlanmış və Quba rayonu Alpan İƏD üzrə nümayəndəliyi tərəfindən həmin tarixli 08 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulması, nikahın pozulmasından sonra tərəflərin birgə nikahından doğulmuş uşaqlar-xx.xx.2011-ci il təvəllüdlü X9 və 11,04.2019-cu il təvəllüdlü X10 anaları X4 himayəsinə verilməsi, nikahın pozulmasından sonra tərəflərin nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün aliment hazırki qətnamə üzrə onun anasının himayəsinə verilməsi ilə bağlı icra edildiyi vaxtdan hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq X5 verilməsi qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Quba rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətanməsinə əsasən, Cavabdeh oğu ilə İddiaçı arasıda Quba rayon Qeydiyya şöbəsi tərəfindən bağlanmış nikah xx.xx.2021-ci il tarixində pozulmuşdur. İş materiallarında olan AZ-İİİ 852894 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahından 02 may 2011-ci il təvəllüdlü X9 doğulmuş, atası- Cavabdeh, anası- İddiaçı kimi qeyd olunmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahından 11 aprel 2019-cu il təvəllüdlü X10 doğulmuş, atası- Cavabdeh, anası- İddiaçı kimi qeyd olunmuşdur. İş materiallarında olan X3 sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞQ-MT-027-2024-01003 saylı arayışına əsasən, İddiaçı ilə Cavabdeh arasında razılıq əldə olunmadığından prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Mediasiya xərci üçün nəzərdə tutulan 50 manat vəsait İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-146/2021 saylı qətnaməsi əsasında yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər uşaq üçün hər ay 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı uşaqların gündəlik tələbatının artmasını əsas götürərək, aliment məbləğinin artırılaraq hər ay bir uşağın saxlanılması üçün 235 manat olmaqla cəmi 470 manat alimentin Cavabdeh tutularaq ona verilməsinə dair iddia tələbi irəli sürmüşdür. Azərbaycan Respublikası Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı uşaqların aylıq xərcinin 235 manat olduğunu bildirsə də, məhkəməyə buna dair hər hansı sübut təqdim edə bilməmişdir. Bu halda, məhkəmə müvafiq məhkəmə qətnaməsi əsasında təyin edilmiş alimentin məbləğini hazırki halqa qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumu məbləği ilə müqayisə edərək, həmin dövrdən indiyədək uzun bir müddət keçməsini, bu halın isə uşaqların zəruri xərclərinin artmasına təsirinin real olmasının, habelə qeyd edilən məbləğ arasında olan fərqin uşaqların mənafeyinə əhəmiyyətli dərəcədə təsir etdiyini nəzərə alaraq, habelə hər bir halda, uşaqların üstün mənafeyini, onların daimi artan gündəlik xərclərinin, təhsil, sağlamlıq və digər hüquqlarının təmin edilməsinin zəruriliyini əsas götürərək, hesab edir ki, hazırki mülki iş üzrə uşaqların saxlanılması üçün təyin edilmiş alimentin məbləği artırılmalıdır. Məhkəmə iddiaçının müntəzəm xarakterli əmək haqqına malik olmasını və uşaqların maddi tələbatlarını qarşılamaq öhdəliklərinin valideynlərin hər ikisinə aid olmasını nəzərə alaraq, alimentin hər uşağa görə 150 manat məbləğində müəyyən edilməsini mümkün hesab edir. Beləliklə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İddiaçı həmçinin mediasiya prosesi zamanı 50 (əlli) manat məbləğində xidmət haqqının iddiaçıdan tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia üçün ödənilməli rüsum mediasiya rüsumu ilə əhatə olunduğundan, Cavabdeh dövlət rüsumu tutulmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-146/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün qətnamə qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İlkin mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat xidmət haqqı Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar